Ağ və qara
Rəssam
Ələkbər Rzaquliyevin həyatı və sənəti
bu rənglərdən keçib
Ələkbər
Rzaquliyev Azərbaycan təsviri sənət tarixində qrafik və
linoqravüra rəssamı kimi şöhrət tapan sənətkarlarımızdan
biridir. O, kəşməkəşli bir həyat
yaşamış, taleyin ağır sınaqlarından
keçmişdir. Bəlkə elə buna görə əsərlərində
təsvir etdiyi həyat mənzərələri də iki rəngdədir:
ağ və qara.
Ələkbər Ələsgər
oğlu Rzaquliyev 1903-cü ildə Bakıda anadan olub.
Uşaqlıq illərində ən çox sevdiyi məşğuliyyət
rəsm çəkmək idi. Sənətə bu həvəsi
və fitri istedadı onu Moskvaya aparır, orada rəssamlıq
məktəbində oxuyur. Bakıya qayıtdıqdan sonra
yaradıcılığa davam edir. Əsərlərində
inqilabdan əvvəlki Azərbaycan məişətinin
xarakterik səhnələrinə geniş yer ayırır. “Azərbaycanlı
qadın” (1926), “Pəhləvanlar” (1926), “Mollaxana" (1927)
boyakarlıq əsərləri maraqla qarşılanır.
İrəlidə onu sənətin zirvələri gözləyirdi.
Amma tale ona başqa qismət kəsmişdi. Ölkədə
acı yellər əsməkdə idi.
Ələkbər 1928-ci ildə
“pantürkist ideyalarını yaymaq”da ittiham olunaraq həbs
edilir. İyirmi beş il müddətinə azadlıqdan məhrum
edilərək Sibirə göndərilir. Qürbət həyatı
nə qədər ağır olsa da, Ələkbərin iradəsini
qıra bilmir. Bir müddət sonra onun barəsində yeni qərar
verilir - vaxtından əvvəl azadlığa
buraxılır. Ələkbər Bakıya dönür, Sona
adlı bir xanımla ailə qurur. Ədilə adlı
övladları dünyaya gəlir.
Lakin çox keçmir, Ələkbər
yenidən həbs olunur və Solovki həbs düşərgəsinə
(Rusiyanın şimalında, Ağ dənizdə Solovetks
adaları - red.) göndərilir. Ağır məşəqqətlərdən
keçir, olmazın zülmlər çəkir. Lakin iradəsini
toplayıb həyat eşqi ilə yaşayır.
Qızı Ədilə xanım
xatirələrində yazır: “1947-ci ilə qədər biz
bir-birimizdən ayrı düşdük. Uzun illərin
ayrılığından sonra, biz bir daha yenidən
görüşdük. Ancaq bir-birimizi tanımadıq. Atam bu pərişanlığa
dözə bilməyib ağladı”.
Sürgündən
qayıtdıqdan sonra Ələkbər Rzaquliyev ailəsi ilə
Azərbaycanın şimal-qərb rayonlarında məskunlaşır.
Əvvəl Gəncəyə, sonra isə Şəkiyə
köçməli olurlar. Şəkidə ipək
kombinatında işə düzəlir. Eyni zamanda, məktəbdə
dərs deyir.
Ədilə xanımın xatirələrindən:
“Bir dəfə evdə atam və babamla oturmuşdum. Bu vaxt bizə
Bəhram adlı bir kişi gəldi. Sonra məlum oldu ki, o, Gəncə
teatrında rejissor işləyir. Bəhram atama
yaxınlaşıb onun ayaqlarına yıxıldı və
dedi: “O illər üçün, o sözlər
üçün məni bağışla!” Amma atam ona cavab
verməyib, üzünü yana çevirdi. Babam bütün
bunlara dözməyib, atama dedi: “Ələkbər,
görmürsən o, səndən üzr istəyir?” Atam
cavabında dedi: “Yox, mən onu ömrümdə
bağışlamaram, onun sözlərinə görə
ömrümün demək olar yarısını
sürgünlərdə keçirdim”.
1949-cu ildə Ələkbər
Rzaquliyev yenidən həbs edilir. Bu dəfə uzaq Altay ölkəsinə
sürgün olunur. Sürgündə Berta adlı bir alman
qızı ilə ailə qurur. Onların Oqtay, Aydın
adlı oğulları və Sevda adlı qızı
dünyaya gəlir. O, uzaq Altaydan qızı Ədiləyə
məktub yazır. Evləndiyi barədə ona məlumat verir.
Bildirir ki, bu addımı əziyyət çəkməmək,
ölməmək və sizə qovuşmaq üçün
atdım...
Günlərin bir günü
düşərgədə xəbər yayılır ki, Stalin
vəfat edib. Həyəcandan Ələkbərin dili tutulur.
Üç gün Ələkbər bir kəlmə
danışa bilmir. Hamıya elə gəlir ki, o, bir daha
danışa bilməyəcək. Nəhayət, 1956-cı ildə
Ələkbər Rzaquliyev sürgündən qayıdır.
Stalin repressiyaları dövrünə son qoyulur. Bir müddət
sonra Berta və uşaqlarına Ələkbərlə Azərbaycanda
yaşamağa icazə verirlər.
Sürgündən
qayıtdıqdan sonra Ələkbər Rzaquliyev gecəni
gündüzə qatıb işləyir. Emalatxanadan demək
olar ki, çıxmır. Çünki sürgün onun
çox illərini almışdı. Ona görə də
itirdiklərini təzədən bərpa etməyə
çalışır. Neçə illərin
yaddaşını kağıza köçürməyə
can atır. Ağ-qara linoqravüralar yaradır. 1963-cü ildə
60 illik yubileyində özünün ilk fərdi sərgisini təşkil
edir. Az sonra “Əməkdar rəssam” (1964) adına layiq
görülür.
Ələkbər Rzaquliyev
yaradıcılıq fəaliyyətində cəmi iki rəngli
rəsm çəkib -“Azərbaycanlı qız” və
“Güləşçilər”. Qalan əsərləri ağ
və qara rəngdədir. Rəssamın çox maraqlı əl
işi olan “Mollaxana” və digər qiymətli əsərləri
o, sürgündə olarkən itib-batır. Amma rəssamın
arxivində “Mollaxana” əsərinin çap edildiyi jurnaldan kəsilmiş
parça qalıbmış. Sonralar, 60-cı illərdə rəssam
yaddaşı əsasında kompozisiya və obraz quruluşuna
görə 20-ci illərin rəsmini xatırladan "Köhnə
məktəb" linoqravürasını çəkib.
Ələkbər Rzaquliyev qrafika sahəsində
geniş fəaliyyət göstərib. “Köhnə Bakı”
silsiləsi , “M.Ə.Sabir”, “Bakılılar Berlində”,
“Çaybecərənlər”, “Azərbaycan madonnası” və
s. linoqravüralar yaradıb. Əsərləri bu gün də
Moskvada (A.S.Puşkin, Şərq Xalqları İncəsənəti
Muzeyi), Sankt-Peterburqda (Ermitaj), eləcə də R.Mustafayev
adına Azərbaycan Milli İncəsənət Muzeyində
saxlanılır.
Görkəmli rəssam
ömrünün müdrik,
yaradıcılığının kamillik çağında
- 1974-cü il yanvarın 31-də Bakıda vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 15.