“Təbii
konservatoriya” tələbələrindən
biri -
hələ Dövlət
Konservatoriyasında tələbə ikən “müəllim”
çağırılan Süleyman Ələsgərov
Onun notları
körüklənən közlər kimi
hər an parlaq. Nəğmələri “sevirəm”, “yanıram”
mayalı eşqi-elan sözlər sayaq - həmişə təzə. Bu sədalar bir vaxt “Opera-balet” səhnəsində
şaq-şaq şaqqıldayıb, hər
vaxt “Muzkomediya”da, kino-telefilmlərdə, radio-lentlərdə
(hərdən gah kövrəlib, gah sızlasa da) qah-qah qaqqıldayıb-poqquldaşır.
Öncə onun “gündəlik tələbat” leksikamıza çevrilmiş muztonika-replikalarından olan “eşq-kələk” notlarını xatırlayaq və bilək ki, demək, hələ tələbəykən “Mən bilirəm, eşq nədir - kişilərin kələyi”, “Adın nədir? - Züleyxa! - Aşiq olmazsan ki? - Yox a!” kimi dədə-nənəfəndi “kompliment”ləri bu qəbil makro-majorda verə bilmiş bu istedad, sənətin də dünyanın, bu aləmin bəzəyi olduğunu bilməmiş olmazmış...
Bunları
çox yaxşı bildiyi üçün, hələ iyirmi üç yaşında ikən, bünövrəsini böyük Üzeyir bəyin qoyduğu operetta yazmağa qol qoydu, bir il sonra (1948-ci ildə) bitirdi və iyirmi dörd yaşlı bu gənc həmin o qocafəndi muzdialoqla özünü o dövrün (və bütün gələcəyimizin!) “...dəyərəm min cavana” kimi muzmonoloq (və dialoq) abidələri yaratmış korifeyin (və başqa böyük sənətkarların) cərgəsinə qoşdu...
Hələ konservatoriya tələbəliyində ona “Süleyman müəllim” deyə müraciət edənlər də olurmuş. Bu müraciətə qısqanan ermənilər isə əsəblərini “Alekskerov” xitabı ilə soyudurmuşlar. İlk operettasının yaratdığı ajiotaj bu “uşağın” öz yaşını gizlədib-gizlətməməsi dilemması da yaratmışdı. Lakin “sübutalnı-dokumentalnı” sənədlər bəyan edirdi ki, bu Ələsgərov Süleyman Əyyub oğlu doğrudan da, 1924-cü il yanvarın 21-də Şuşa şəhərində doğulmuşdur.
Bu
təəccüb, şübhə, qısqanclıq və ehtimallar içərisindən “Ulduz” adlı bir sənət
ulduzluğu da
parladı və bu gənc bütün
ömrünü həmin əsərdəki:
-
“Adam gərək namusu ilə
başa vura işini” fikir-kredosu ilə yaşadı.
Şəcərə örnəkləri, milli-mənəvi-əxlaqi keyfiyyətləri Süleyman Ələsgərovun ömür və sənət yolunda heç bir neqativ nüansın müdaxilə edə bilmədiyi mayak-dayağa çevrildi. Öz qabiliyyəti, hər mənada yar-yaraşığı, bir az da “Ulduz” işığı ilə 1949-cu ildə - iyirmi beş yaşında Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru təyin edildi. 1965-ci ilədək çalışdığı bu adlı-sanlı tədris-mədəniyyət ocağında yeni-yeni təşəbbüslərə, “səsi sonralar çıxası” perspektiv layihələrə qol qoydu. Buraya dəvət etdiyi xalq sənətkarlarının, canlı muğam mücəssəmələrinin elmi-metodiki təcrübələrə də yiyələnmələrinə nail oldu. Həmin dövrdə xalq mahnılarının toplanması, işlənməsi, nota köçürülməsi və beləliklə, pərakəndə xalq malının ümummilli sərvətə çevrilməsi işində əsas simalardan birinə çevrildi.
O vaxtlar artıq üç populyar operetta müəllifi olan (“Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”) Süleyman Ələsgərovun xalqın Azərbaycan radiosu dalğalarında sevə-sevə dinlədiyi xanəndə və müğənnilərin mahnıları, ariyaları, solo və xüsusilə hər istirahət günü səsləndirilən “Muğamat konserti”ni professional şəkildə təqdim etmələrində də “məxfi” əməyi vardı. Artıq musiqi sənətinin hər sahəsində yetkin-yetişmiş şəxsiyyət olan Süleyman Ələsgərov - bir müəllim olaraq, Azərbaycan mədəniyyətinin bu günü (yəni o günləri) və gələcəyi (yəni bu günləri) üçün hərtərəfli kadrlar yetişdirirdi.
1966-cı ildə o, Mədəniyyət Nazirliyində İncəsənət şöbəsinin müdiri təyin edilir. Respublika miqyaslı bu görəv öz görüş-baxışlarını həyata keçirmək istəyən sənətkarın qarşısında geniş imkanlar açır. Hələ musiqi məktəbində - yəni bir köynək “kənarda” ikən görüb-hiss etdiyi çatışmazlıq və problemlərin həlli üçün böyük əzm və gənclik eşqi ilə işə başlayır. Sonra öz məmur qələmini Dövlət Radio və Televiziyası xalq çalğı alətləri orkestrinin dirijor çubuğu ilə əvəz etməli olur. Daha sonra Musiqili Komediya Teatrının direktoru təyin edilir və artıq məşhur operettalar müəllifi indi daha çox başqalarının əsərlərinin səhnəyə çıxarılması ilə məşğul olur.
Yaddaşlarda Süleyman müəllimin çox sözü, xeyli xatiratı qalıb. Düzdür, o çox danışmazdı, amma dillənəndə müsahibinə dadlı-tamlı anlar yaşadardı! Yadımda qalan ən maraqlı deyimlərindən biri: ”Keçmişi xatırlamaq - gələcəkdə xatırlanmaq qədər xoşdur...”
Bu gün (və sabah da) Süleyman müəllim çox xatırlanır (əlbəttə, daha çox yüksək zövqlülər və qədirbilənlər tərəfindən). Əvvəlcə ən ümumi-işgüzar notlar: “Böyük Azərbaycan bəstəkarı”, “ədəbi əsərlər müəllifi”, “nəfsi özündə, həya-sayalı ictimai xadim”, “filmlərdə iştirak edən”, “musiqilərindən istifadə edilən”, “misilsiz musiqi tərtibatçısı” və s. Bu rəsmi-informativ xatırlamalar bir yana, onun başqa “titul”ları da vardı: “Süleyman dayı, Süleyman əmi, Süleyman qağa, Süleyman dostumuz”. Ən maraqlı titul-çağrısı isə “Ağsaqqal Süleyman”! Özü də lap gəncliyindən almışdı bu imtiyazı. Konkret bir situasiyada “biz tərəflər”, “mənim həmyerlilərim”, “ellim-eloğlum” deyə, məclisdə ayrıca bir “milli” həlqə yaratmış bir həpəndə eşitdirdiyi sözlər hələ də qulaqlarımda səslənir: “Mirzə Cəlili, Üzeyir bəyi, Sabiri, Mirzə Fətəlisi olan bir ölkəni bölgələrə bölməklik milli ölməklik kimi bir şeydir”. O, tək elə deməklə kifayətlənmir, həm də onları əməli ilə sübuta yetirirdi...
...Bir gün bir qarabağlı tələbə yaxın dostuyla gəlir onun yanına ki, bəs, Süleyman müəllim, bu şəkili dostumla mən eyni gündə sevgililərimizgilə elçiliyə getmək istəyirik. Atamız yoxdur, qohum-simsar ağsaqqallar sarıdan da kasıbçılıqdır. Xahiş edirik, Bəxtiyar (Vahabzadə) müəllimə deyin, bu oğlanın elçiliyinə getsin, Sizsə mənim...
Süleyman müəllim gülümsünüb qayıdır ki, yaxşı, gedərik. “Amma bir şərtlə; Mən bu şəkili oğlanın deyiklisigilə gedim, Bəxtiyar müəllim də sən qarabağlınınkıgilə...”
Hardasan, ay populyarlıq?!.
Onun “Hardasan, ay subaylıq” operettasının havasından
yarandı bu. Müasir
“musiqi”, şou-mou əhli-əksəriyyətinin ürəyindən
keçən sevdaya bir işarət olaraq. Yəni o vaxtlar Süleyman
və başqa məşhurların adlarını
yalnız afişalarda,
üzlərini ictimai nəqliyyatda, ayda-rübdə
bir kərə televizorda görər, səslərini ara-sıra
radioda eşidərdik.
Amma teatrlara gedəndə, tele-tamaşalara
baxanda onların imzaları, titrlərilə
ağırbatman, məzə-möcüzə,
dadlı-duzlu, əsər-kəsərli
sənət nümunələri
görərdik! Bəs
indi, bəs indikilər?..
Bu “indi”,
“indikilər” haqda nə qədər giley-güzar yazmaq olar, axı?! Hörmətli televiziya kolleqalarımız da onların səsinə səs verərək, elələrilə “Özümüz
bilərik” ladında
anti-ictimai duet oxumaqda!
Bəs bu kolleqalarımız özləri
özlərinə “mən
populyaram”, “mən ulduzam”, “məndən yoxdur” deyənlərə nə vaxt deyəcəklər
ki, ay oğlan, “Milyonçunun dilənçi
oğlu”ndan ayıbdır!
Ay xanım, sənin bu əndişəxanımlığın
“Həmişəxanım”ın xətrinə dəyə bilər...
Qərəz...
Bunu kiməsə qərəz
kimi yox, yazmaqla qurtarmayan və onsuz da
düzəlməyəsi bu
“bespredel” çərəzlərdən
yoruluş-yayınış kimi anlamalı. Yəni çağımızın
bir sıra qalmaqal əsər(?)lərinin
təsirinə, daha doğrusu, bataqlığına
düşüb qalmamalı.
Belə ki, tarixən ölkələrin, millətlərin
gününə daha çox sənət adamları ağlayıb-güldükləri
halda, bu gün siyasət adamlarımız şou-zadə
əhlinə nisbətdə
daha yanım-dönümlük
mövqeyindədirlər. Məsələn, Süleyman
Ələsgərov, bizim
siyasi aspektdən
“filial” respublika olduğumuz
dövrlərdə “Solğun
çiçəklər”, “Bahadır və Sona” kimi operalar,
yeddi məşhur
operetta, “Bayatı-Şiraz” simfonik muğamı, neçə-neçə simfoniya,
kantata, mahnı, simfonik poema və süitalar yazdığı halda, həmin bu müasir
“məlumlar” hələ
də öz “üç badam-bir qoz” yaradıcılıqları
ilə TV-ekranlarda veriləsi daha vacib proqramların kisələrindən yeyirlər.
Hansı
ki, bu yazıda
yetərincə qiymətləndirib,
istəyimcə öyə
bilmədiyim, sonda doğma Şuşasından
nakam-nigaran gedən bu sənətkar dünyasını dəyişəndə
“xalqın kisəsindən
getdi” deyənlər oldu.
Sözümü
- Üzeyir bəy, Bülbül zirvələri
başda olmaqla - sənət Süleymanlarının
və yurdun şəhid oğullarının
müqəyyəd səda-notlarıyla
bitirirəm: Ay ”hay-küy”alılar, bəs Xocalılar, bəs Şuşalar?!.
Tahir Abbaslı
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 12.