Ömürcə
əbədigənc...
...dünyadərki, qabiliyyət, fəhm
və irscə qosqoca sənətkar - Bəhruz Kəngərli
Az
yaşasa da, çox yaratdı Bəhruz Kəngərli. Təkrarsız
əsərlər yaradıb, özündən yaşlı gənclərə,
sonrakı çox ahıla-yaşlıya nümunə oldu.
Üç onillik yaşadı və bunun yeddi ilində
nələr yaratmadı, nə işlər görmədi!
2500 gündə 2000 iş!
Deməli, günlər Bəhruzu,
Bəhruz günləri qovurmuş...
Amma hər iki qovhaqov daimiliyə
doğru imiş; biri - çox halal-ümmət insan
olduğuyçün Tanrının cənnət əbədiyyətinə,
biri - hədsiz istedad sahibliyi səbəbilə - sənət əbədiliyinə
doğru.
“Alın yazısı” sahibi öz
halal bəndələrindən, əşrəf-“əsər”lərindən
birini öz yanına çəkmədə, həmin canlı
“əsər”-müəllif isə öz qabiliyyəti
hesabına milli sənət əsərləri çəkməkdə...
O,
çəkdiyi rəsmlərlə birgə,
yaşadığı ağrılı-əzablı günlərini
də sanayırmış. Yaxşılı-yamanlı
bütün haqq-hesabları hesaba alırmış.
Və o bütün bu şərəf-şöhrət,
zəhər-təhər illərini və rəsmlərini daha
çox bəhrələndirən bahar fəsillərini,
canını az-çox qızdıran isti ayları və - həyatında
həsrət qalsa da, həyətində gül açan
günləri də sayıb-sonulayırmış deyə, biz
də bir daha - “sən saydığını say, gör fələk
nə sayır” deyiminin fərqinə varaq...
30 il 17 gün yaşayıb (22
yanvar 1892 - 7 fevral 1922) Bəhruz Kəngərli. Həyatda bu qədər
- çox az yaşayıb. Bəs sənətdə?..
Əgər bu sualı sizinlə
üzbəüzlüyümüzdə səsləndirmiş
olsaydım, eyhami bir təbəssümlə atmacalı bir “nə
bilim” işlədib, “artıq 91 ildir yaşayır, davamı
isə öz güman-proqnozlarınızın ümidinə”,
- deyərdim, - hörmətli oxucular!..
Deməli;
-
Bəhruz Kəngərli özü
o qədər, sənəti isə bu qədərdir ki,
yaşayır. Öz yaşadığının iyirmi
üçünü (canında daşıdığı
ağrıların acığına desəm) “şəxsi mənafe
nəfinə” - özüyçün yaşayıb, yeddisini
milli mənafe naminə - bizimçün.
Amma, uşaqlıqda keçirdiyi
daha şiddətli xəstəliklə əlaqədar
ağır eşidən qulaqlarından bezar gəzib,
sonrakı “serial” mərəzlərlə bağlı
canından həzər yaşasa da, ömrünün son yeddi
ilində yaratdığı iki minə yaxın rəsm əsərlərinin
bircəsində belə heç bir “sarılıq”-soluqluq
“patalogiya”sı hiss olunmur. Bu canlı portretlərdə,
tablolarda, bədiicə-bədayecə bir meh əsdirə bilsən,
dəbərib-tərpənəşəsi peyzajlarda
aktuallıq sarıdan heç bir deqradasion “epiqriz” vəd
edilmir; nəyə könül gözüylə baxıbsa, hansı
mövzuya əl qatıbsa, hər biri öz sənət-surət
murazına çatıb.
Həyatının qürub,
yaradıcılığının isə yeni - daha parlaq
tülu dəmlərində müasirlərinə söyləyirmiş
ki, onu bu həyatda saxlayan bu sənət həbləridir,
yoxsa, canındakı zalım ağrıları tək elə
səhhət dava-dərmanları hesabına çəkə
bilməzmiş. Hərdən də yarı zarafat-yarı
xurafat - baməzə dost-sirdaşlarına
qayıdarmış ki, mən gözümü... tezliklə
vidalaşacağım bu dünyada qoyub gedəcəm. Sonralar
“Batabat”a, “Əshabi-kəhf”ə, “İlanlı dağ”a gedəcəyiniz
çağlar mənim bu dünya al-şalından, Azərbaycanın
təbiət cah-cəlalından, cahan yanağındakı Nəqşicahan
xalından doymaz gözlərimi də götürərsiz
özünüzlə. Baharın naz-qəmzəli dəmlərində
isə qoymazsız heç kirpikləri də
qırpılsın amanatınızın (dırnağa
almadığımdan yana, “vasitəsiz nitq” zənn etməyin,
ədəbi-bədii, jurnalistik-publisistik şərtilik
sanmayın bu sözləri və bir abzaslıq səbr edin)...
Tay-tuşları isə, o
çağlaradək böyür-başlarında hamıdan
asta və hər kəsdən usta gəzə-gəzə - tək
elə gəzməyə yox, həm də dahiliyə gedən
bu gəncin qulaqlarının eşidib-eşitməyəcəyi
tonda sözlər deyib-danışarmışlar. Bu sözlərlə
həm onu tərif-təskin edər, həm də onun vəziyyətilə
ilgili kədərlərini bir-biriylə bölüşüb,
o ağır anları yola verərmişlər...
1972-ci ildə onun ən son - yəqin
ki, o vaxtlar hələ “uşaq-muşaq” hesab edilən ətrafından
ikisiylə qəribə bir məclis-mərəkədə
tanışlığımız oldu. Mən ADU-nun (BDU)
jurnalistika fakültəsinin sonuncudan əvvəlki kurs tələbəsi,
ömrün son illərini yaşayan o qocalar isə Bəhruzun
son beş-on ilini yaxından müşahidə etmiş qohumu
İsmayıl Kəngərli və adını unutduğum
qonşularından birisi. Müqtədir sənətkarın o
müxtəsərcə ad gününü - 80 illik yubiley məclisini
tulumçu Cəbi kişi öz “ibtidai icma” alətiylə əsl
törən-mərəkəyə çevirmişdi. O tulum
necə gurum-gurum gumbuldayırdısa,
tamaşaçıların sinələri də elə o sayaq
qabarıb-qalxınırdı. Yanlarında
dayandığım həmin iki qoca isə hərdən
bir-birinə baxınır, kədər və həzz dolu
işarətlərlə himləşirdi. Sonrakı çay
süfrəsi arxasında onlar o “işarət-him”lərini mənimçün
belə “tərcümə” etdilər ki, sən demə,
tulumçu Cəbi kişi, bəzi məqamlarda, uşaq
yaddaşındakı Bəhruzun bütün gözəl
keyfiyyətlərini - hətta can üstdə də ətrafına
təlqin etdiyi nikbinliyi də ifa edirmiş...
Yeni tanışlarım musiqi-tulum
tutumlu “rəng”lərilə birgə, B.Kəngərlinin
xarakter-“portret”inə əlavə “eskiz”lər də söylədilər
ki, - artıq mən bunlardan yuxarıdakı abzaslarda
yararlandım.
Amma, biləmmədim, o təbii,
görkəmcə saya, söz-söyləmcə nostalji
kişilər bu bir-iki rəsmi-xronoloji faktdan da xəbərdar
idilərmi ki, Bəhruz ağır eşitmə səbəbindən
heç ümumtəhsil məktəbinə də gedə bilməmiş,
C.Məmmədquluzadənin təşviq və himayədarlığı
ilə Tiflis Boyakarlıq və Heykəltəraşlıq Məktəbini
oxumuş və onun elə tələbəlik dövründəcə
(1910-1915) əsl rəssam kimi püxtələşməsi də
elə həmin ümumazərbaycan Mirzəsinin və
ümumşərq “Molla Nəsrəddin”inin sayəsində
baş tutmuşdur...
O qədər azmüddətli
ömürdə bu qədər çoxsaylı iş işləyib,
heç bir əsərində heç bir təkrarçılığa
yol verməmiş bir sənətkar haqda təsvir-təəssürat
“val”ını dəyişmək məqamında təkrara yol
verməməyim xatirinə -
Bu
yazının başlığını xatırlayın
Yəni bu əbədigənc -
qosqoca bir gənc...
Əslində, çağlar
istedad və ilhamı, qabil fırçası ilə yüzlərlə
canlı-cansızı, faktura-naturanı təşbehləmiş
otuz yaşlı bir rəhmətliyin özəl
obrazını “qosqoca gənc” kimi obrazlarla zənginləşdirmək
istəyi çox adi bir “sözəl tablo”. Yəni, o hələ
tələbə ikən “mollanəsrəddin”çi rəssam
Oskar Şmerlinqin və bir tələbə
yoldaşının (Qudiaşvili) portretlərini çəkməklə
“20 yaşlı ağsaqqal rəssam” adını
qazanmışdı. Ardınca da “Qoca kişi”, “Toy”,
“Elçilik” kimi möcüzələrindən, karikatura, mənzərə,
məişət səhnələrini əks etdirən digər
akvarel, boyakarlıq nümunələrindən ibarət
böyük sərgisi ilə bütün Naxçıvan sənətsevərlərini
heyran etmişdi. Bəs yaxşı, ovaxtkı “azyaşlı”
fenomeni buvaxtkı supermen tələbkarların mütaliə-tamaşa
diqqətinə necə çatdırmalı? Ovaxtkı
“İqbal” qəzetinin yazdığı “Bu cavan rəssamımız
gələcəkdə iftixarımız olacaqdır” öncəgörüsünü
buvaxtkı “Mədəniyyət” qəzetinin oxucularına nə
“görü” kimi təqdim etməli?..
Suala suallı cavab (?)...
Bu gənc “qoca”nın rəsmlərinə
baxdıqca nə görürsən? Çoxları tərəfindən
tək elə molbertə, irili-xırdalı “ramka”larda ram
edilib, dar çərçivələrə
sığışdırılıb-“sıxışdırılan”
təbiət və cəmiyyət epizodlarınımı? Yox,
bu rəsmlərdə cəmiyyətin Füzuli
poetikasının, Heminquey hadisəsinin iç-içalat
realizmi, İvanov realizmi, Van Qoq impressionizmi burulğanlanır.
Onun “Yaşlı kişi”si ixtiyarlıq barədə
fırça dilli sonsuz bir söhbət, “Gürcü” portreti
qonşu ölkəyə etno-turistik bir səyahət,
“Qaçqın qadın”ı zəiflərin törəmə
banisi, “əzəl mübtədası” Həvvadan üzü bərinin
cəmi-məhrumiyyətlərinin xülasə hekayəti
deyilmi?
Bəhruz Kəngərli
yaradıcılığına “mövzu aktuallığı,
ideya-məzmun müasirliyi” kimi tərkiblərdən
yanaşıldıqda da - dilə, qələmə əl verməyən
bir tel tapılmaz. Əslində, bu, sənətkar
üçün o qədər də böyük əlamət
sayılmamalıdır; sabaha nəsə bir əhəmiyyət,
təsiri-əsər daşımayası bir əsərə
bu gün niyə qol qoymalısan ki? Onun yüz il öncə
yaratdığı “Qaçqınlar”, “Qaçqın
qız”, “Yurdsuz ailə”, “Qaçqın oğlan”,
“Ayaqyalın qaçqın oğlan”, “Qaçqın
Gümsün” kimi “arxiv”-portretləri olmasaydı, hələ
də qədərincə və layiqincə fırçaya
alınmamış bugünkü qaçqınlarımız
elə bilməzdilərmi ki, bu “görəcək” tək elə
bunların başına gəlib? Dünyanın
ağıllıları (dadlı “happa”larımızdan
tutmuş zurna-balabanımıza qədər mənimsəməkdə
olan bir tayfanı özlərinin “yan tütəyi” etmiş
Fransadan iraq) necə belə bir qənaətə gələ
bilərdilər ki, qeyri-etnos hayların “siyasət”dəki sənəd-sübutsuz
- qondarma “nömrə”li “genosid” ah-vayları Bəhruz sənət-sənədlərindəki
fakturalara nisbətdə makulaturadan savay bir şey, bir zad
deyil?! “Yer məni-yer məni” deyə-deyə, tər-təmiz
türk sözünün assimil-dissimilyasiyasından özlərinə
ad, yeddi arxadönənlərimizin sadədilliyi (və sadəlövhlüyü!)
sayəsində öz arxa-alt yanlarına “Hayastan” düzəldib,
bütün dünyaya “dənizdən-dənizə”
sayıqlaması vart-vartlayan “şon-dığa” Vartanlar
yanılmazdılarmı ki, tarixən türklərə tək
elə kəmərbəstə yox, həm də kəmərdən
aşağı bir terminimizi də yada salan “daşnak”,
tumançax “qınçax” olublar?
Bunlar “mövzu
aktuallığı”. Qaldı “ideya-məzmun” və dünyəvi
sənət-sənətkarlıq məcmu-mündəricəsi.
Buyurun, - “Nuhun qəbri”, “Bahar”, “Payız”, “Günəş
batarkən”, “Şəlalə”, “Dağlıq mənzərə”,
“Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində
darvaza”, “Yamxana kəndinə gedən yol”, “Möminə
xatın türbəsi” və sair.
Bunları (və adlarını
çəkmədiyim yüzlərlə digər rəsmləri)
yaradıcı, dünyəvi bir millətin öz sənətkar
övladı tərəfindən fırçaya alınmış
sənət tərcümeyi-halı da adlandırmaq
olmazmı?..
Yeddi
ildə üç siyasi fəsil
Bəhruz Kəngərli yeddiillik
yaradıcılıq ömründə üç ictimai-siyasi
fəsil yaşamalı olmuşdur; mütləqiyyət,
Cümhuriyyət və belə demək mümkünsə -
bolşevizmiyyət. Onun birinci “iyyət”dəki fəaliyyət
nümunələrilə az-çox tanış olduq.
İkincidə - Azərbaycan Xalq Cümhuriyyəti
dövründə isə daha özgür maraqları hədəfləyən
bir sıra boyakarlıq və qrafika əsərləri yaradan
müəllif, əsas diqqət və qüvvətini
bütün könül döyüntüləri, amal
öyüntülərilə qəbul etdiyi milli müstəqilliyin
sabahı üçün yaradıcı gənclik
yetişdirməyə, banisi olduğu milli teatr-tərtibat rəssamlığına
sərf edir. Bu sənəti daha da yüksəltmək və
sevdirmək üçün xüsusi dərnək yaradır,
fərdi sərgilərini düzənləyir. Bu da çox
maraqlıdır ki, üçüncü - “xilaskar” adıyla
gələn işğalçı, xatakar “izm-iyyət” - bir
çox “qazanaçdı” tədbirlərindən növbətisi
kimi, 1921-ci ildə Azərbaycanda açdığı ilk
böyük sərgidə B.Kəngərlinin 500-dək əsərini
nümayişə çıxarır...
Bu dünyadan “kimlər gəlib,
kimlər getsə” də, insan (say və səyindən
asılı olmayaraq) nə etsə də, zaman əsl sənətkarların
qoruyucu mələyi vəzifəsini sədaqətlə yerinə
yetirir. Necə ki, bu gün Moskva Dövlət Tarix Muzeyində,
Azərbaycan Milli İncəsənət və
Naxçıvan Dövlət Tarix muzeylərində Bəhruz
Kəngərli imzalı yüzlərlə əsər
saxlanılmaqda, qorunmaqda, baxılmaqda, sevilməkdə!
Deməli, əsl sənət
tarixin hər dönəmli sonluqlarında, “nəticə
etibarilə”liklərində bütün bəd siyasətlərə
qalib gəlməkdə!..
Tahir Abbaslı
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 11.