Şahdağ Qış-Yay Turizm
Kompleksi ilk turistləri
qəbul edir
Yanvarın 19-dan etibarən Qusar rayonunda yerləşən
Şahdağ Qış-Yay Turizm Kompleksi turistlərin
istifadəsinə verilib. Burada
xizəksürmə, kanat yolu
və digər xidmətlər, ticarət mərkəzi, restoran, kafe, oyun zalı və s.
artıq turistlərin ixtiyarındadır.
Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsinin əməkdaşı Kəmalə Süleymanovanın qəzetimizə verdiyi məlumata görə, artıq istirahətə getmək istəyən insanlardan idarəyə müraciətlər daxil olmağa başlayıb. İlkin mərhələdə kompleksdə 80 turistin gecələməsi üçün şərait yaradılıb.
Həmsöhbətimiz müxtəlif xidmətlər üçün müəyyənləşdirilmiş qiymətləri də açıqladı. Kanat yollarından istifadə böyüklər üçün 1 günlük 20 manat, yarımgünlük 10 manat, uşaqlar üçün 1 günlük 15 manat, yarımgünlük 8 manatdır. Xizək dəsti böyüklər üçün 14, 22, 30 manat, uşaqlar üçün 13 manatdır. Arzu edənlər müxtəlif qiymətlərə xizək kostyumları da kirayə götürə bilərlər. Hoteldə gecələmək isə 70-100 manat arasında dəyişir.
Turizm şirkətlərinə
çoxsaylı müraciətlər var
Azərbaycan Turizm Assosiasiyası artıq xarici tərəfdaşlarından Şahdağ kompleksinə səfərlərlə bağlı müraciətlər qəbul etməyə başlayıb. Qurumun İdarə Heyətinin sədri Nahid Bağırovun bildirdiyinə görə, əsas müraciətlər Rusiya və digər MDB ölkələrindən gəlir: “Komplekslə bağlı hələlik güclü tanıtım kampaniyası başlamasa da, orada istirahət arzusunda olanların sayının çox olması sevindirici haldır. Amma bir məqamı da diqqətinizə çatdırım ki, yerli əhalinin də Şahdağa marağı çox böyükdür. Azərbaycan vətəndaşları içərisində qış turizmi həvəskarları çoxdur. Onlar bunun üçün həmişə qonşu Türkiyə və Gürcüstana üz tuturdular. İndi isə xaricə getməyə ehtiyac yoxdur”.
Assosiasiya sədri bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən bütün turizm şirkətləri Şahdağ kompleksinə səfərlər təşkil edə bilər: «Şirkətlərə müraciət edənlər çoxdur. Bu günlərdə turizm şirkətləri ilə Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi arasında əməkdaşlıq müqavilələri imzalanır. Bundan sonra buraya turistlərin axını başlayacaq».
Mədəniyyət və Turizm Nazirliyi “Şahdağa” infotur təşkil
edəcək
Yaxın vaxtlarda yerli turizm şirkətlərinin nümayəndələri və ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət qrup üçün Şahdağ Qış-Yay Turizm Kompleksinə info-tanıtım turu reallaşdırılacaq. Bunu isə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsindən bildirdilər. Şöbədən aldığımız məlumata görə, nazirlik turizm şirkətlərinin və yerli əhalinin marağını nəzərə alaraq, belə bir tur təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, Şahdağ Qış-Yay Turizm Kompleksinin inşasına 2009-cu ilin sentyabrında başlanılıb. Kompleksin tikintisinə nəzarəti həyata keçirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin tərkibində müvafiq müdiriyyət yaradılıb. İnşaat işlərində dünyanın aparıcı şirkətləri iştirak edir. Kompleks Qusar rayonunda ümumi ərazisi 2058 hektar, ekoloji sistemi, təmiz flora və faunası ilə məşhur olan Şahdağ Milli Parkının ərazisində yerləşir. Kompleks dəniz səviyyəsindən 1300-2351 metr hündürlükdədir. Turizm kompleksinin əsas hissəsi isə dəniz səviyyəsindən 1640 metr hündürlükdəki təbii yaylaqda yerləşir.
Ötən il dekabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə kompleksin birinci mərhələsi üzrə infrastruktur obyektlərinin, o cümlədən Qusar-Ləzə avtomobil yolunun, ildə 5 milyon kilovat/saat elektrik enerjisi istehsal etmək imkanına malik “Qusar-1” su elektrik stansiyasının, “Zirvə” və “Qaya” hotellərinin açılışı keçirilib. Kompleksdə süni qaryağdırma sistemi də qurulub. Ölkə başçısı həmçinin 178 nömrəlik «Shahdag Resort SPA» hotelinin tikintisinin gedişi ilə tanış olub.
Kompleksdə kommunikasiya sisteminə 35 km-lik kanalizasiya xətti, təmizləyici qurğusu olan içməli su kəməri, 29 km-lik fiber-lifli rabitə xətti, 31 km uzunluğunda 110 kV-luq elektrik xətti, 35,7 km-lik orta təzyiqli qaz kəməri daxildir. İkinci mərhələdə isə 10-14 nömrəli kanat yolları, qolf meydançası və restoranı olan klubun, 4 ulduzlu mehmanxana, heyət üçün bina, xırda mehmanxanalar, pansionat və idman qurğularının daxil olduğu «Şahdağ» Gənclər Mərkəzi, 900 nömrəlik “Relax” mehmanxana şəbəkəsi, at ferması, 200 nəfərlik diskoteka binasının tikintisi nəzərdə tutulub. Üçüncü və dördüncü mərhələdə yol, istirahət və əyləncə yerləri şəbəkələrinin genişləndirməsi planlaşdırılır.
Şahdağ kompleksi Azərbaycan tarixində ilk dağ-xizək turizm mərkəzidir. Kompleksin inşası qeyri-neft sektorunun inkişafını prioritet elan edən Azərbaycanın iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edir. Hazırda burada çalışacaq personalın hazırlanması ilə bağlı işlər davam edir. Bu məqsədlə təşkil edilmiş kurslara artıq 160 yerli mütəxəssis cəlb olunub.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 9.