“Gəncləşən
muğam” dördüncü
dəfə tamaşaçılarla görüşə gəlir
Mənsum İbrahimov:
“Tamaşaçılar çox möhtəşəm,
maraqlı bir konsertin şahidi olacaqlar”
Xəbər verdiyimiz
kimi, fevralın 1-də Mədəniyyət
və Turizm Nazirliyi və
Heydər Əliyev Sarayının birgə təşkilatçılığı
ilə ölkənin baş sarayında
tanınan və sənətə yenicə qədəm qoyan gənc ifaçıların “Gəncləşən
muğam-4” adlı konserti olacaq.
2 Fevral - Gənclər Gününə həsr
olunan konsertə hazırlıqla
bağlı “Gəncləşən muğam”
layihəsinin rəhbəri, tanınmış xanəndə, Xalq artisti, professor
Mənsum İbrahimovla söhbət etdik. Sənətkar artıq dördüncü
dəfə gerçəkləşən layihənin məqsədi
və məramı barədə danışdı:
- Dövlətimizin, mədəniyyətin bütün sahələrində olduğu kimi, musiqi sənətinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu sahədə həyata keçirilən layihələr Azərbaycan muğamının inkişafına yeni yol açdı. Bu gün muğamımız bəşəriyyətin sənət xəzinəsində - UNESCO-nun qeyr-maddi mədəni irs siyahısında yer alıb. Muğam sənətimizin dünyada daha geniş tanınması üçün böyük işlər görülür. Beynəlxalq muğam müsabiqələri, “Muğam” televiziya müsabiqələri keçirilir, gənclərdə muğama qarşı böyük bir sevgi yaranır. “Gəncləşən muğam” layihəsinin də əsas məqsədi istedadlı gəncləri üzə çıxarmaq, onların əlindən tutub sənətə gətirmək, ictimaiyyətə təqdim etməkdir.
- Builki layihə əvvəlkilərdən nə ilə fərqlənəcək?
- Artıq dördüncü ildir ki, bu layihə həyata keçirilir. Birinci layihədə ancaq öz tələbələrim iştirak edirdi, sonrakı layihələrə bütün ustadlarımızın tələbələrini cəlb etdik. Azərbaycanın müxtəlif bölgələrində yaşayan, sənətə yenicə qədəm qoyan, hətta məktəbə getməyən, təhsil almayan istedadları bu layihəyə cəlb etmişik. Bu il də çox böyük seçim oldu. Təxminən 300-ə yaxın gənc müsabiqədə iştirak etdi. Nəticədə onların arasından 38 nəfər seçilib layihədə iştirak etmək hüququ qazandı. 38 nəfərin arasında həm tanınmış ifaçılar, həm də yeni səslər var. Ən kiçik iştirakçının 9-10, ən böyük iştirakçının 34-35 yaşı var.
“Gəncləşən muğam-4” layihəsinin əvvəlki üç layihədən fərqi ondadır ki, bu dəfə konsertdə duet ifalar təqdim olacaq. 18 duet və tar-kamança ifaçıları çıxış edəcəklər. Məqsədimiz odur ki, tar-kaman ifaçılarını da tamaşaçılara yaxından tanıdaq. Builki layihənin özəlliklərindən biri də budur ki, konsertdə Təbrizdən bir ifaçımız çıxış edəcək. Artıq layihənin coğrafiyası genişlənir, məqsədimiz budur ki, gələn il bu layihəni beynəlxalq səviyyədə həyata keçirək.
- Sənətin yeni nəfəsə həmişə ehtiyacı var. Layihənizin ən böyük uğurlarından biri də yeni səsləri “kəşf” etməkdir. Bu barədə nə deyərdiniz?
- Bir il əvvəl Şamaxıda tədbirdə olarkən maraqlı bir səsin şahidi oldum. Layihəyə hazırlaşarkən o səsin sahibini axtarıb tapdıq. Zeynalabdin adlı bir ifaçıdır. Ağdamdan da yeni bir səs təqdim edəcəyik. Bayaq qeyd etdiyim kimi, dövlətimizin muğamımıza, mədəniyyətimizə çox böyük qayğısı var. Fevral ayında III respublika muğam festivalı başlayır, mart ayında növbəti beynəlxalq muğam festivalı keçiriləcək. Bu festivallar iki ildən bir keçirilir. Biz də istəyirik ki, dövlətimizin bizə yaratdığı şəraitdən istifadə edib gənclərimizə dəstək olaq. Məqsədimiz sənətimizi inkişaf etdirməkdir.
- Vaxta az qalıb, bildiyimizə görə konsertə ciddi hazırlaşırsınız.
- Mədəniyyət və Turizm Nazirliyi konsertə hazırlıqla bağlı bizə zəruri kömək göstərir. Bir aya yaxındır ki, A.Zeynallı adına Musiqi Kollecinin böyük zalını bizim ixtiyarımıza veriblər. Nazirliklə məsləhətləşib belə qərara gəldik ki, bu dəfə layihəni 2 Fevral - Gənclər Gününə həsr edək. Gənclər Günü ilə bağlı bir həftə sənət festivalı olacaq və ilk konserti biz verəcəyik. Eyni zamanda bütün ustad sənətkarlarımız konsertə dəvət olunacaq. Bu, gənclər üçün bir şansdır ki, öz istedadlarını göstərsinlər, tanınsınlar. Azərbaycan Dövlət Televiziyası bütün konserti çəkib fondda saxlayacaq.
Layihənin gerçəkləşməsində verilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Heydər Əliyev Sarayına təşəkkürümü bildirirəm. Fürsətdən istifadə edib bütün musiqisevərləri gənc istedadların konsertinə dəvət edirəm. Tamaşaçılar əmin olsunlar ki, iki saat ərzində çox möhtəşəm, maraqlı bir konsertin şahidi olacaqlar.
Sonda onu da qeyd edək ki, “Gəncləşən muğam-4” layihəsinin informasiya dəstəyi “Mədəniyyət” qəzetinə və APA informasiya agentliyinə məxsusdur.
Təranə Vahid
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 8.