Qahirədə
Misir müğənnisi və Azərbaycan
pianoçusunun konsert
Qahirə Opera Teatrının səhnəsində Misirin
istedadlı gənc müğənnisi Marua Əmirin (soprano)
ifasında klassik musiqi konserti gerçəkləşib.
Müğənnini fortepianoda həmvətənimiz,
Azərbaycanın Əməkdar artisti, Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının və Qahirə
Konservatoriyasının professoru Arzu Ələsgərov
müşayiət edib.
Klassik musiqi həvəskarları
azərbaycanlı pianoçu və misirli
vokalçının çıxışını
böyük maraqla, gurultulu alqışlarla
qarşılayıblar. Proqramda Motsart, Puççini, Bize,
Çilea, Minotti, Kattalani, Offenbax və digər görkəmli
bəstəkarların əsərləri səslənib.
Öz tarixi vətəninə
ABŞ-dan gəlmiş Marua Əmir Qahirə Opera
Teatrının metodik mərkəzində vokal sənətinin
sirlərini öyrənir. Burada onun müəllimi məşhur
müğənni, uzun illər boyu Misir Opera Teatrında
işləmiş, Avropanın müxtəlif səhnələrində
çıxış etmiş professor Sübhi Biderdir.
Görkəmli Azərbaycan bəstəkarı
Süleyman Ələsgərovun oğlu, Bülbül adına
musiqi məktəbinin və Bakı Musiqi Akademiyasının məzunu
Arzu Ələsgərov on beş ildən çoxdur ki, Qahirə
Konservatoriyasında dəvətli müəllim kimi
çalışır. Misirdə işlədiyi illər ərzində
o həm istedadlı müəllim, həm də mahir
pianoçu kimi böyük nüfuz qazanıb.
Azərbaycan və Misir musiqiçilərinin
bu yaradıcılıq ünsiyyətini ölkələrimiz
arasında qarşılıqlı mədəni əlaqələrin
uğurlu nümunəsi adlandırmaq olar. Arzu Ələsgərov
neçə illərdir ki, Misir Opera Teatrının səhnəsində
tanınmış artistlərlə birgə
çıxış edir. O, bütün Şərqdə
tanınmış misirli sənətçilər Həsən
Şərar, İmam Mustafa, Aya Çələbi, Abdulla
Lütfi, bakılı Şamil Rəşidov,
qazaxıstanlı müğənni Beyimbet Kojibayev və bir
sıra başqa musiqiçiləri müşayiət edib.
Klassik mahnı və romansların mahir ifaçısı Rauf
Adıgözəlov Qahirə Konservatoriyasında müəllim
işləyən vaxt onunla bərabər dəfələrlə
mədəni tədbirlərdə iştirak edib.
Mədəniyyət.-
2013.- 23 yanvar.- S. 8.