Dolu” Tbilisidə nümayiş etdirilib

 

   Tbilisidəki “Amirani” kinoteatrında Milli Məclisin deputatı, yazıçı-jurnalist Aqil Abbasın eyniadlı romanı əsasında “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Dolufilmi nümayiş etdirilib.

  

   Ekran əsərinin təqdimatı ölkəmizin Gürcüstandakı səfirliyinin təşkilatçılığı, Gürcüstan-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyasının təşəbbüsü və ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin dəstəyi ilə baş tutub.

   Filmin yaradıcı heyəti əvvəlcə ulu öndər Heydər Əliyevin Tbilisidəki abidəsini və 9 Aprel Tbilisi faciəsi şəhidlərinin memorial kompleksini ziyarət edib.

   Nümayişdən öncə çıxış edən ssenari müəllifi Aqil AbbasDolufilminin gürcü dilinə tərcüməsi və Gürcüstanda göstərilməsinin yaradıcı heyət üçün çox xoş olduğunu vurğulayıb: “Məncə, filmin yaradıcı kollektivi məqsədinə nail olub. Biz filmdə məğlub olmadığımızı, ağır itkilər versək də, çökmədiyimizi və mütləq öz torpaqlarımıza qayıdıb Qarabağı azad edəcəyimizi nümayiş etdirə bilmişik”. A.Abbas filmin qələbəyə inam yaratdığını, vətənpərvərlik hissləri aşıladığını qeyd edərək ekran əsərinin Azərbaycan ilə oxşar taleyi yaşayan, Abxaziya və Cənubi Osetiyada torpaqları işğal olunan Gürcüstan üçün də maraqlı olacağına əmin olduğunu deyib.

   Quruluşçu rejissor Elxan Cəfərov filmdə xalqımızın göstərdiyi qəhrəmanlığın ön plana çəkildiyini deyib. Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn Qarabağ müharibəsindən bəhs edən filmin mövzusunun gürcü ictimaiyyətinə də yaxın olduğundan onun tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını bildirib. Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili filmin qəhrəmanlıq, mərdlik nümunəsi olduğunu qeyd edib. Gürcüstan parlamentinin deputatı, akademik Demur Başaleişvili isə “Dolunu çox cəsarətlə çəkilmiş və çox yaxşı finalı olan film kimi qiymətləndirib. O, belə bir aktual mövzuya müraciət etdiyinə görə yaradıcı heyəti təbrik edib.

   Filmin təqdimatında Gürcüstan parlamentinin, hökumətin, diplomatik korpusun, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

 

   Mədəniyyət.- 2013.- 23 yanvar.- S. 7.