Pantomima Teatrında “Katarsis

 

   Yadlaşmadan mənəvi təmizlənməyə doğru yol

  

   Yanvarın 19-da Dövlət Pantomima Teatrında “Katarsis” tamaşasının premyerası oldu. Qaranlıq məkanda iki insanın - kişi və qadının ayrı-ayrılıqda (monoloqlarla) “söhbəti” daxili mübarizəni xatırladır.

  

   Təbiətdə bir-biri üçün yaradılan bu varlıqlar yadlaşmadan əziyyət çəkirlər. Alber Kamyu “yad”laşması özünü təzahür edir tamaşada. Nəinki özləri-özlərinə, illərlə yaşadıqları məkan, ev, otaq, şəhər belə onlara yad gəlir. Zəiflik, qorxu, ünsiyyətə girə bilməmə tamaşa boyu özünü göstərən əsas tendensiyadır. “Mən qorxağam. Mənim olmayanı itirməkdən qorxuram. Haradasa səhv etməkdən qorxuram. Uzun-uzun düşünməkdən, həqiqəti dərk etməkdən qorxuram. Sevdiyimi düşünməkdən qorxuram. Bunları etiraf etməkdən qorxmuram. Nə düşündüyümü bildirməkdən qorxuram”, - deyən kişi yaşamaq qorxusunu etiraf edir.

   “...susmaq, susub dinləmək daha yaxşıdır. Qəribədir, kimi dinləməli? Özüm-özümü? Ya da sual verib sakitliyə cavabını dinləmək lazımdır” sözləri ilə qadın qəhrəman özünə qapanmasına, təklik içində yaşamağı seçməsinə eyham vurur.

   Öz dünyasında qapanıb qalan kişi və qadın zamanla bir-birindən uzaqlaşır. Tamaşanın dekorasiyasında divarda asılan boş çərçivə də xatirələrin, keçmişin tükəndiyindən, yoxa çıxdığından xəbər verir. Kişinin yerdəki fotolara baxması bir növ axtarışdır. Keçmişi axtararaq özünü tapmaq istəyidir.

   Səhnə əsərində video görüntülər də yer alır. Kişi və qadının arxa-arxaya oturaraq filmi seyr etməsi bir növ Rene Maqritt sürrealizmindən xəbər verir. Belçikalı rəssamın məşhur əsərində olduğu kimi (“Edvard Ceymsin portreti), qəhrəmanın güzgüyə baxaraq simasını deyil, özünə arxa çevirmiş əksini görməsidir. Videoda isə axıb gedən həyat, bir növ yaşamağın gözəlliyi təsvir olunur. Bu təsvirlərlə müəllif tamaşaçıya təsir etmək istəyir. Onu boşluqdan çıxarıb dolğun həyata qaytarmağı düşünür.

   Tamaşa boyu hər iki qəhrəman təmizlənməyə, ən vacibi tapmağa doğru gedən yolun axtarışındadır. Qadının kağızdan düzəltdiyi göyərçinlə mənəvi təmizlənmə cığırı açılır. P.PikassonunSülh göyərçini" əsərini xatırladan bu simvol yenidən başlama, bağışlama, həyatın yeni anlamda davam etməsi anlamı ilə tamaşada qoyulan katarsis prosesini göstərir. Əsər qəhrəmanların boş çərçivəyə şəkil yerləşdirməsi ilə yekunlaşır. Tamaşa boyu səslənən musiqi bəzən yadlaşmanı, mənəvi boşluğu, bəzən də mənəvi gözəlliyi, azad ruhu çatdırmağa yardımçı olur. Klassik pantomima elementlərindən uzaq səhnə əsərində daha çox simvollar və səhnə arxasından səslənən monoloqlar yer alır. Ardıcıl olaraq kişi və qadının ifası video görüntülərin müşayiəti ilə tamamlanır. Bu da səhnə boşluğunu doldurur, tamaşaçı diqqətini yayılmağa imkan vermir.

   Tamaşanın quruluşçu rejissorumusiqi tərtibatçısı Əməkdar artist Nargilə Qəribova, rəssamı Sənubər Səmədova, plastik həll üzrə rejissoru Bəxtiyar Xanızadədir. Rollarda Nargilə Qəribova və Ceyhun Dadaşov çıxış edir.

  

 

   Reyhan İsayeva

 

  Mədəniyyət.- 2013.- 23 yanvar.- S. 7.