Dünyadan
gələn səslər
Sizin kitab rəfiniz
Orta məktəbdə oxuduğum illərdə ən
çox sevdiyim fənn coğrafiya idi. Mənim
düşüncəmə görə yeganə bu fənnə
aid kitablarda şişirtmə, yalan, yanlışlıqlar yox
idi. Yəqin ki, o zaman bəzi dərsliklər quruluşun,
rejimin diktəsi ilə yazıldığından coğrafiya
kitablarındakı maraqlı məlumatlar, bilgilər,
xüsusilə də müxtəlif mənzərələri,
təbiəti, dağı, dərəni əks etdirən
fotolar çox xoşuma gəlirdi. Əslində mən
yanılmamışdım. Dünyanın hər yerində
Günəş eyni cür çıxır, eyni
görüntüdə qürub edir.
Səhərlərin,
axşamların, yağışın, qarın rəngi
eynidir. İnsan da
dünyaya eyni cür gəlir. Əbədiyyətə
qovuşanda da heç kim özü il nəsə aparmır. Məhəbbətin, nifrətin pöhrələndiyi
ünvan da ürək olur. Bir sözlə,
Tanrı insanların məskunlaşdığı Yer kürəsini
bir Göy qübbəsinin altında yaradıb. Atalar
sözlərimizdə də dünyanı gəzib-görmək
haqqında müdrik məqamlar var: «Yüz dəfə
eşitməkdənsə, bir dəfə görmək
yaxşıdır»; «Çox yaşayan çox bilməz,
çox gəzən çox bilər» və s. Nə isə mətləbdən
uzaq düşməyək.
Azərbaycan
Memarlıq və İnşaat Universitetinin müəllimi, tədqiqatçı-alim,
Salatın Əhmədlinin iki cilddən ibarət «Səfərnamə»sini
vərəqləyəndə məhz bu hissləri
keçirdim. Və bir fərəh hissi
duydum ki, mənə də bir sıra ölkələri gəzib-görmək
nəsib olub. Bu sevinci mənə bəxş
edən Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı
bildirməyə borclu duyuram özümü. Çünki məhz nazirliyin müxtəlif ölkələrdə
keçirdiyi Azərbaycan mədəniyyəti günlərində
iştirakım mənə bu səyahəti qismət edib.
Salatın Əhmədlinin birinci
kitabında müxtəlif qitələrin ab-havası var.
Dörd bölmədən ibarət olan «Səfərnamə»nin ilk üz tutduğu ünvan Misirdir. Deyirlər ki, göz yaddaşı daha möhkəm
olur. Bu həqiqətən də belədir.
Müəllifin «Misirə səyahət» yol qeydlərini
oxuduqca, xəyalımda bu ölkənin qeyri-adi mənzərələri,
möcüzələri canlandı. Afrikanın
şimal-şərqində yerləşən bu ölkə
dünyanın ilk yaşayış məskənlərindəndir.
Yadımdadır ki, 2005-ci ildə mən bu
ölkəyə səfər zamanı Misir ehramlarını və
İsgəndəriyyə mayakını (dünyanın yeddi
möcüzəsindən ikisi), eləcə də qədim
İsgəndəriyyə kitabxanasını görəndə
özümü çox qədim dövrlərdə hiss etdim.
Hələ Nil çayının üzərindəki
körpüdə dayanıb timsahları seyr edəndə
bütün bunları gerçək yox, röya
sanırdım. Müəllifin yol qeydləri
mənə o günləri xatırlatdı. Həqiqətən də Salatın xanım doğru
söyləyir ki, Qahirə elə bil səhralar dənizində
yerləşmiş bir adadır. Şəhərin
dörd tərəfi səhradır. Qahirə
muzeylər, tarixi abidələr, qədim diyarlar məskənidir.
Bu qeydlər vasitəsilə Misiri başdan-ayağa
“dolaşmaq” mümkündür. Müəllif
oxucuya Afrikanın bu möcüzəli ölkəsi
haqqında olduqca ətraflı və geniş məlumat verir.
Qahirənin görməli yerlərindən məşhur Misir
ehramlarına qədər, xüsusilə də paytaxtda yerləşən
Milli Tarix və Mədəniyyət muzeylərindən, Nəbatat
bağından, hətta bazarlardan, Nil boyu gördüklərindən,
İsgəndəriyyənin gözəlliklərindən, məşhur
kitabxanasından söz açan müəllif çox
böyük bacarıqla oxucusunu bu yerlərə qiyabi səyahətə
apara bilir.
Türkiyə ilə
əlaqədar qələmə aldığı yol qeydlərində
də Salatın xanımın bu ölkəyə, onun tarixinə,
qəhrəmanlarına, böyük övladlarına sevgisi
duyulur. Türkiyənin müxtəlif
bölgələri ilə əlaqədar çəkilmiş
fotoşəkillərdə də qardaş ölkənin təbiət
gözəllikləri, qeyri-adi mənzərələri
boylanır. Müəllifin Birləşmiş
Ərəb Əmirliyi, Malayziya, İran səfərləri ilə
əlaqədar qələmə aldığı təəssüratlarında
Asiya qitəsinin min bir rəngi görünür.
Xoşagələn cəhət də budur ki, bu yazılarda
Salatın xanımın bəşəri duyğuları daha
çox hiss edilir. O, insanları böyük sevgi ilə, məhəbbətlə
təqdim edib. Onların həyat tərzindən,
məişətindən maraqlı məqamlar qələmə
alıb. Fərqli görüşlərin,
fərqli mədəniyyətlərin bir məcraya yönəlməsinin
səbəblərini tutarlı faktlarla izah edib.
Kitabın ikinci hissəsi
müəllifin Avropa səfərinin xoş məqamlarını
oxucuların gözləri qarşısında pərdə-pərdə
açır. Bu qitədə Salatın
xanımın ilk söz açdığı ölkə
Fransadır. Avropanın bu qəribə və
gözəl ölkəsinin tarixi, coğrafiyası,
insanları haqqında maraqlı məqamları diqqətə
çatdıran müəllif Fransanın turistlər tərəfindən
sevilməsinin səbəblərini də
açıqlamağa çalışıb. Xüsusilə
də, Parisin mədəni mühitindən, qədim
memarlıq üslubunda tikilmiş binalarından, şəhərə
bədii gözəllik gətirmiş küçə və
prospektlərindən, kilsələrindən, Sena
çayının sahilindəki qədim abidələrdən,
Zəfər tağından, Eyfel qülləsindən, Şarl
de Qoll meydanından şirin təhkiyə ilə söz
açıb.
Portuqaliya,
İspaniya, İngiltərə kimi Avropa ölkələrinə
olan səyahətdən doğan təəssüratlar da
maraqlıdır. Baxmayaraq ki, bu səfərlər
ayrı-ayrı illərdə, müxtəlif vaxtlarda baş
tutub, amma Salatın Əhmədli «Səfərnamə»ni elə
qələmə alıb ki, sanki eyni epopeyanı oxuyursan, hər
bir ölkənin adı da bu bütöv dastanın
ayrı-ayrı səhifələrini nişan verir.
Müəllifin Baltik
dənizi boyunca etdiyi səyahət Norveçdən, Danimarkadan,
İsveçdən, Finlandiyadan, Rusiyadan, Estoniyadan,
Polşadan, Almaniyadan, Avstriyadan keçib. Bu ölkələrin
mədəni aləmindən, təbiətindən,
insanlarından maraqlı nümunələri qələmə
alan Salatın Əhmədli kitabın
sonuncu bölməsində Aralıq dənizi boyunca səyahətin
yaddaqalan məqamlarına da toxunub. Bakıdan
Avstriyanın paytaxtı Vyanaya, oradan isə Romaya uçan
müəllifin sorağı gah Siciliyadan, Sardiniya
adalarından, eləcə də İtaliyanın görməli
yerlərindən gəlir. Müxtəlif
abidələrlə, fəvvarələrlə, qədim tikililərlə,
körpülərlə, kilsələrlə zəngin olan
ölkənin qeyri-adi sərvətlərindən
danışılır. Hər səyahət
bir xatirə, hər xatirə isə məzmunlu bir
yazının gözəl mövzusudur. Bu
baxımdan müəllifin Yunanıstandan, Çexiyadan qələmə
aldığı yazılar da bədii dəyərinə
görə məzmunlu və yaddaqalandır.
* * *
«Səfərnamə»nin
birinci cildini xoş təəssüratla başa vurdum. Gördüyüm və görmədiyim ölkələrin
xəyalımda canlandırdığım qeyri-adilikləri qəlbimdə
bu nəşrin müəllifinə minnətdarlıq
duyğusu yaratdı. Ona görə ki, o, gəzib-gördüyü
ölkələr haqqında belə bitkin, dəyərli, gərəkli
kitab hazırlayıb. Fikirləşirdim, «Səfərnamə»nin mütləq ikinci hissəsi də yaranacaq. Belə də oldu. Birinci
kitabın xoş təəssüratları başa
çatmamış müəllif mənə kitabın ikinci
cildini bağışladı.
Bu «Səfərnamə»
də məni öz cazibəsinə çəkdi. Dinə bağlı insan kimi məni ən çox məmnun
edən bir məsələni də bildirmək istəyirəm.
İkinci kitabın ilk yazısı «Həcc
ziyarəti» adlanır. Yol qeydlərinin belə
bir müqəddəs mövzu ilə əlaqədar olması
öz yerində, xoşbəxtlikdən bu ziyarətdə mən
də müəlliflə birgə olmuşam. Bu çətin, amma şərəfli səfərdə
onun insanlara göstərdiyi qayğının, şəfqətin,
ülfətin, yardımın, həssas münasibətin
şahidiyəm. Qeydləri vərəqlədikcə,
o günləri bir də yaşadım. Doğrudur,
S.Əhmədli öz yazısında ziyarətə getdiyimiz
müqəddəs ünvanlardan, ziyarət boyunca icra olunan
vacib əməllərdən söz açaraq vətənə
dönüşdən danışıb. Bu
yazıda müəllif o ağır və çətin səfərdə
ziyarətçilərə etdiyi köməkdən bircə kəlmə
də olsun danışmayıb. Əslində
bu onun təvazökarlığını bildirir. Məgər
az görmüşük, hansısa bir
imkansıza edilən cüzi maddi köməklik ekranların
geniş mövzusuna çevrilir. Halbuki, Həcc
ziyarətində olanlar çox gözəl bilirlər ki, bu səfərdə
kiməsə bir stəkan su verməyin özü böyük
savab sayılır. Kəbənin təvafı,
Səfa və Mərva dağlarının arasındakı məsafənin
səyi - bütün bunlar adət etmədiyimiz bir haldır -
daha dəqiq desək, kilometrlərlə piyada yol qət etməkdi.
Doğrudur, bu yorğunluğun və yuxusuzluğun
özündə də bir ruhi rahatlıq var. Çünki sən
müsəlmanların müqəddəs bir məkanında,
çoxuna qismət olmayan Kəbədəsən. İnsan bu
yerdə o qədər saf, mərhəmətli, həssas olur
ki... İndinin özündə də Məkkənin
adı çəkilən kimi o unudulmaz anları
xatırlayıram. Səfər
yoldaşlarım arasında ehram geyimli Salatın Əhmədli
ilk olaraq yadıma düşür. Biz
müqəddəs bir yolun yolçuları olmuşuq.
«Səfərnamə»nin
ikinci cildi yeddi hissədən ibarətdir. Müəllif
olduğu ölkələrin tarixindən, bir sıra
xalqların adət-ənənəsindən, bəşər
mədəniyyətinin müxtəlif yerlərdə qorunan
nümunələrindən söz açır. Kitabı
vərəqlədikcə hiss olunur ki, Salatın xanımın
səyahətə böyük və səngiməz
marağı var. Bu səbəbdən də il
boyu arzusunu gerçəkləşdirməkdən sanki
zövq alır. Hər səfərdən
qayıtdıqdan sonra bizi belə gözəl yazıları
ilə məftun edir. Müəllifin səsini gah
Şri-Lankadan, gah Hindistandan, gah İsveçrədən, gah
Seyşel adalarından, gah okeanın o tayından - Amerikadan,
gah da dünyanın miniatür incisi sayılan Mavrikidən
eşidirik. Kitabda verilmiş maraqlı şəkillər
də sözlərin doğruluğunu, təsirini təsdiqləməkdədir.
Hər iki kitabı
bitirdikdən sonra, açığı, müəllifi bir
daha necə təqdim etməkdə çətinlik çəkdim.
Salnaməçi, jurnalist, səyahətçi,
coğrafiyaşünas, ədəbiyyatçı,
tarixçi, üstəgəl dünya mədəniyyətinə,
gözəlliyinə aşiq olan bir insan. Çünki
bütün bu məziyyətlərin hamısı «Səfərnamə»də
duyulur. Müəllif gah hadisələri
sıralayır, gah tədqiqat aparır, gah ölkələrin
təbii gözəlliyindən, faydalı sərvətlərindən,
yeraltı və yerüstü incilərindən, mədəni
aləmindən, ədəbi mühitindən, tarixi hadisələrdən
məftunluqla söz açır. Elə məqam
da olur ki, gördüyü gözəllikdən, qeyri-adi mənzərədən
riqqətə gəlir. Qəlbində həsəd
hissləri oyanır. Bəzi səyahətlərində
biz müəllifin fərqli cümlələrinin şahidi də
oluruq: «Azərbaycan xalqı qədər dünyada qonaqsevər
xalq yoxdur»; «Kaş Xəzərin suları da belə aydın və
təmiz olaydı»; «Torpağımızın bütövləşdiyi
günü görəydim»; «Azərbaycan mədəniyyəti
həqiqətən bəşər mədəniyyətinin tərkib
hissəsidir». Belə misalları çox
çəkmək olar.
Mərhum akademik Budaq Budaqov «Səfərnamə»yə
yazdığı ön sözdə bildirirdi: «Bu kitabın hər
bir abzası oxucunu cəlb edən, onda maraq doğuran yeni təsviri
düşüncələr, faktlar və hadisələrlə
zəngindir. Buna səbəb Salatın Əhmədlinin
bütün səfərlərini eyni istək və maraqla, səbir
və ağılla qələmə almasıdır. Müəllif kitabda səfər təəssüratları
ilə yanaşı, ədəbiyyat materiallarından da yerində
və lazımi qaydada istifadə etmişdir. Kitabı oxuduqca müəllif düşüncələrini,
hadisələrə yanaşma tərzini, qiymətləndirmə
meyarlarının şahidi olursan. Əminik
ki, hacı Salatın xanımın bu əsəri oxucular tərəfindən
rəğbətlə qarşılanacaq, Azərbaycanın «Səfərnamə»lər
seriyasında özünəməxsus yerini tutacaq və müəllifinə
şərəf gətirəcəkdir».
Həqiqətən də,
bizə həm yaxın, həm də uzaq olan ölkələrdən,
onların adət-ənənələrindən, mədəniyyətindən,
tarixindən, məişətindən, yaşam tərzindən,
sadə və qəlbəyatan bir dillə söz açan
müəllif oxucunu düşündürməyi bacarıb.
Kitabın hər bölməsini diqqətlə
oxumaq istəyirsən. Səyahət həmişə
maraqlıdır. Qiyabi səyahətin də
öz yeri var. Bu mənada müəllifə təşəkkür
edirik ki, bizi öz təəssüratları və yol qeydləri
vasitəsilə dünyanın 30-a yaxın ölkəsinə
apara bildi. Biz bu səfərdən məmnunuq
və müəllifə yeni yaradıcılıq
uğurları diləyirik. «Səfərnamə»
həm də tarixi bir hadisənin, sözlə çəkilmiş
rəsmi deməkdir. İnsan
gördüyünü, duyduğunu qələmə alır.
İllər keçəndən sonra bu tarixi
faktlar bir tədqiqatçıya, araşdırmaçıya
mütləq gərək olur. Bu yolda qələm
dostumuza gözəl səyahətlər və onun bədii əks-sədası
olan belə kitablarının sayının çoxluğunu
arzulayırıq.
Hər iki kitabın
elmi redaktoru, rəyçisi mərhum akademik Budaq Budaqov,
redaktoru filologiya elmləri namizədi Fəridə Ləmandır.
Kütləvi oxucular üçün nəzərdə
tutulmuş bu nəşrlərdən ali məktəblərin
tələbələri də istifadə edə bilərlər.
Flora
Xəlilzadə
Mədəniyyət.-
2013.- 25 yanvar.- S. 13.