Tarixi yurd yerlərimizin qədim irsi

 

   Qaraköpəktəpə, yaxud Taxtı-Tavus abidəsi

  

   Bu gün düşmən əlində olan Qarabağ ərazisində respublika əhəmiyyətli xeyli tarixi-memarlıq və arxeoloji abidələrimiz qalıb. Qədim yurd yerlərimizin belə tarixi nümunələrindən biri də Füzuli rayonu ərazisindəki Qaraköpəktəpə abidəsidir. Mövzu ilə bağlı Sumqayıt Dövlət Universitetinin müəllimi, diyarşünas-alim, tarix üzrə fəlsəfə doktoru Bəhram Məmmədliyə müraciət etdik. Həmsöhbətimiz əvvəlcə abidə haqqında məlumat verdi:

  

   - Bu tarixi abidə Füzuli rayonu ərazisində, Köndələnçayın sahilində yerləşir. Konus şəklində abidənin hündürlüyü əlli metrə çatır. Vaxtilə abidə ətrafında tədqiqatlar aparılanda mən Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru idim. Muzey işçisi kimi o vaxt mən də həmin ekspedisiyaya qatıldım. Qeyd edim ki, bu abidədən tapılan materiallar böyük bir tarixi dövrü öyrənməyə imkan verib. Həmin mərhələ eneolit dövründən orta əsrlərə qədər dövrə işıq tutur. Bu barədə tarixçi alimlərin maraqlı tədqiqat işləri var.

   - Abidə ətrafında daha öncə hansı tədqiqatlar aparılıb? Tarixi mənbələrdə abidə barədə nə deyilir?

   - Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus kimi qeyd olunub. XIX əsrin tanınmış tarixçisi Mirzə Adıgözəl bəyin “Qarabağnamə” əsərində də Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırmanı alman mənşəli həvəskar arxeoloq E.A.Resler, sonra isə Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.İvanovski aparıb. Tədqiqat nəticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb. Qaraköpəktəpə uzun zaman arxeoloji abidə kimi diqqətdən kənarda qalıb. Bundan başqa, hər iki tədqiqatçı təpəni səhv olaraq kurqan-qəbir abidəsi hesab edib. Məhz bu səbəbdən uzun müddət Qaraköpəktəpə elmi ədəbiyyatda kurqan kimi qeyd olunub.

   1964-cü ildə görkəmli arxeoloq alim Qüdrət İsmayılzadənin rəhbərliyi altında abidə ətrafında elmi tədqiqatlar başlayıb. Bu araşdırma 1980-ci illərin sonunadək davam etdirildi. Əldə edilən qənaətlər abidə haqqında əvvəlki təsəvvürləri tam şəkildə dəyişdi. Arxeoloji tədqiqatlar abidənin e.ə. V minillikdən b.e.-nın XVIII əsrinə kimi yaşayış yeri olduğunu müəyyən edir. Burada aşkar edilən ən qədim saman qatışıqlı gil qabların eneolit dövrünə (e.ə. IV-II minilliklər) aid olduğu təsdiqlənib. Tədqiqatçıların fikrincə, tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünü əks etdirir. Bundan başqa, təpənin üst qatlarında son tunc, erkən dəmir və antik dövrlərə aid mədəniyyət nümunələri tapılıb.

   - Tədqiqatlar zamanı Qaraköpəktəpənin qədim yaşayış məskəni olduğunu təsdiq edən daha hansı faktlar aşkar edilib?

   - Ərazidə ilk tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina qalığı tapılıb. Onlardan birinin əsas hissəsi qazıntı sahəsindən kənardadır. Binaların tikintisində çay daşlarından istifadə edildiyi müəyyən olunub. Binalarda içi çay daşlarından qurulan ocaqlar, təpənin üst qatlarında böyük, çoxotaqlı evin qalıqları da aşkar edilib. Bütün otaqlar dördkünc formalı olub. Bir-birindən qalın divarla ayrılıb. Otaqların döşəməsi bərk torpaq layından ibarət olub.

   Tarixi yaşayış yerində daş alətlər - sürtgəc, bülöv daşı, qurama oraq dişləri, obsidian lövhələr və s. maddi-mədəniyyət qalıqları tapılıb. Həmçinin qara cilalı, müxtəlif formalı keramik qabların parçaları aşkarlanıb. Üzə çıxarılan gil məmulatı arasında ocaq qurğuları, iy başlıqları və başqa əşyalar olub. O da müəyyən edilib ki, e.ə. V-IV əsrlərdə təpə antik dövrə məxsus böyük yaşayış yerinə çevrilib. Qazıntılar zamanı burada dağılmış sütunlu zalın divarları, üzəri həndəsi və nəbati naxışlarla bəzədilən gil qablar, məişətdə işlədilən müxtəlif avadanlıq və başqa maddi mədəniyyət nümunələri üzə çıxarılıb. Əldə olunan böyük miqdarda tapıntılar onu göstərir ki, Sasanilərin Azərbaycanda hökmranlığı dövründə Qaraköpəktəpə mühüm strateji məntəqə olub.

   Sonrakı mərhələlərdə bu mühüm yaşayış yerinin iqtisadi və mədəni əhəmiyyəti Eldənizlərin hökmranlığı dövrünə təsadüf edib. Ərazidə aparılan qazıntılar zamanı IX-XIII əsrlərə aid üç metrdən artıq qalınlıqda mədəni təbəqə aşkar olunub. Oradan rəngarəng şirəli qablar, nəfis şüşə məmulatı, gümüş və misdən hazırlanan üzük və bilərziklər, zərgərlikdə işlədilən avadanlıq və s. tapılıb.

   Onu da deyim ki, monqolların Azərbaycana yürüşü zamanı bu yaşayış yeri dağıdılıb. Məşhur tarixçi Rəşidəddinin yazdığına görə, həmin dövrdə monqol süvari qoşunları qışı əksər hallarda Arazboyu düzlərdə keçirib. Yayda isə Aladağın və Qarabağın yüksək otlaqlarına qalxıblar. Ondan sonrakı Hülakilər dövründə isə Qaraköpəktəpə maldar əyanların iqamətgahı, var-dövlətlərinin, tükənməz sərvətlərinin qorunduğu yer olub.

   XIX yüzilliyin əvvəllərində Azərbaycan torpaqları uğrunda İran ilə Rusiya arasında gedən müharibədə Qaraköpəktəpə rus generalı N.F.Paskeviçin qərargahına çevrilib. O zaman həmin qanlı döyüşlər buradan idarə olunub.

   Qarabağ torpağındakı bir çox abidələrimiz kimi, Qaraköpəktəpə də indi işğal altındadır və onun işğaldan sonrakı aqibəti də, təəssüf ki, bizə bəlli deyil.

  

 

   Savalan Fərəcov

 

  Mədəniyyət.- 2013.- 25 yanvar.- S. 12.