Fədakar bəstəkar

 

   Musa Mirzəyev - 80

  

   Musa Mirzəyev Azərbaycan musiqi mədəniyyəti tarixinə simfonikkamera musiqisinin ən müxtəlif janrlarında qələmini sınamış və dəyərli əsərlər yaratmış bəstəkar kimi daxil olmuşdur. Ötən əsrin 50-ci illərində yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın əsərlərinin əksəriyyəti nəinki respublikamızda, habelə keçmiş SSRİ məkanının mərkəzi şəhərlərində, bir sıra xarici ölkələrdə tanınmış kollektivlər, məşhur musiqiçilər tərəfindən ifa edilir və həmişə musiqisevərlərin xüsusi rəğbətini qazanır.

  

   Görkəmli bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, respublikanın Xalq artisti, “Şöhrət” ordenli sənətkar, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, təcrübəli pedaqoq, Prezident təqaüdçüsü - bütün bu sadaladığımız fəxri adlar və vəzifələr Musa Mirzəyevin geniş və çoxşaxəli yaradıcılıq fəaliyyətini əhatə edən böyük sənət yolunun müxtəlif pillələrini təşkil edir.

   1933-cü il yanvarın 26-da Bakı şəhərində dünyaya göz açmış Musa Abdulla oğlu Mirzəyevin çox maraqlı və mənalı hadisələrlə zəngin olan yaradıcılıq yolu daima axtarışlarla, premyeralarla, nailiyyətlərlə müşayiət olunmuşdur. Bu nailiyyətləri bəstəkar öz çalışqanlığı və zəhmətkeşliyi sayəsində, daima bilik və bacarığını artırmaqla əldə etmişdir. Müasir bəstəkarlıq texnikasının sirlərini öyrənmək həvəsi, mükəmməl musiqiçi olmaq istəyi onun kamillik zirvəsinə çatmaq üçün qarşısına qoyduğu əsas yaradıcılıq məqsədidir.

   Musa Mirzəyevin geniş erudisiyayaensiklopedik məlumata malik yüksək peşəkar səviyyəli musiqiçi kimi formalaşmasında onun müəllimlərinin xüsusi rolu olmuşdur. Bəstəkar musiqi məktəbində sənətin ilk sirlərini öyrəndiyi Əməkdar müəllim Leyla xanım Muradovanı, A.Zeynallı adına Bakı Musiqi Texnikumunda (1947-1951) oxuduğu illərdə ilk bəstəkarlıq dərsləri aldığı professor Boris Zeydmanı, xüsusilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1952-1958) bəstəkarlıq sinfində təhsil aldığı dahi bəstəkar və əvəzedilməz pedaqoq, professor Qara Qarayevi böyük məhəbbətlə və dərin minnətdarlıq hissi ilə xatırlayır.

   Bəstəkarın yaradıcılığında simfonikkamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Onun monumental “I simfoniya”, “Simfoniyetta”, simli orkestr üçün “II simfoniya”, violinsimfonik orkestr üçün simfoniya-konsert, poemalar - o cümlədən “Sədini oxuyarkən”, “Bayram poeması”, truba ilə orkestr üçünPoema-noktürn”, “Yeddi simfonik lövhə” kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, “Gənclik üçün albom”, “Lənkəran əfsanəsi” fantaziyası, “Romantik poema”, vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşır. Əsərlərinin böyük əksəriyyəti ilk dəfə görkəmli musiqi kollektivləri - o cümlədən, Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmişdir. Bəstəkarın vaxtaşırı Rusiyanın, habelə Türkiyənin müxtəlif şəhərlərində keçirilən kamera musiqisindən ibarət müəllif konsertləri dinləyicilərdə böyük rəğbət doğurur.

   İstedadlı bəstəkar olmaqla yanaşı, Musa Mirzəyevi “Orkestrləşdirmə sahəsində ustad” adlandırırlar. Təsadüfi deyil ki, orkestrə mükəmməl şəkildə bələd olduğuna görə görkəmli bəstəkar Fikrət Əmirovun klavir şəklində bitirdiyiNizamibaletinin orkestrləşdirilməsi məhz Musa müəllimə həvalə edilmişdi. O, bu işi yüksək peşəkarlıqla yerinə yetirərək Fikrət Əmirovun orkestr təfəkkürünün xüsusiyyətlərini tamamilə qoruyub saxlamağa müvəffəq olmuşdur. Baletin premyerası 1991-ci ildə gerçəkləşmişdir.

   Musa Mirzəyev həmçinin Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin yeni musiqi redaktəsini hazırlamış və əsər 1999-cu ildə məhz bu redaktədə tamaşaya qoyulmuşdur.

   Bəstəkar uzun illərdir pedaqoji fəaliyyət göstərərək, öz bilik və bacarığını gənc musiqiçi nəslinin yetişdirilməsinə sərf edir. O, 1992-ci ildən görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin dəvəti ilə bu təhsil ocağında mahir orkestr bilicisi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Akademiyanın dirijorluq kafedrasında “Simfonik alətləşdirmə” və “Xor aranjimanı” fənlərindən dərs deyən bəstəkar gənc musiqiçilərə sənətin sirlərini böyük həvəslə öyrədir.

   Musa Mirzəyevin ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, müxtəlif illərdə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışaraq təcrübəli musiqi təbliğatçısı və gözəl təşkilatçı kimi respublikanın musiqi həyatında böyük xidmətlər göstərmişdir. 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Musa müəllim ittifaqın 2012-ci ilin dekabrında keçirilmiş IX qurultayında İdarə Heyətinin üzvü seçilmişdir. Bəstəkar həmçinin “Simfonik musiqi” bölməsinin sədri və Bəstəkarlar İttifaqının Lənkəran bölgə təşkilatının sədri kimi fəal ictimai aparır. O, dəyərli məsləhətləri və zəngin təcrübəsi ilə həmişə həmkarlarına yaxından kömək göstərir.

   Yaradıcılığının müdrik çağını yaşayan bəstəkar daima yeni əsərlər üzərində işləyir. Bu yaxınlarda Bəstəkarlar İttifaqının IX qurultayının Azərbaycan Dövlət Filarmoniyasında keçirilən təntənəli açılış konsertində bəstəkarın “Violin ilə simfonik orkestr üçün simfoniya-konsertinin premyerası oldu. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor - Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov) müşayiəti ilə, solist - gənc və istedadlı violin ifaçısı, beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Ümidə Abbasovanın virtuoz ifasında təqdim olunan əsər nəinki respublikamızın musiqisevərləri, habelə müxtəlif xarici ölkələrdən qurultaya təşrif buyurmuş qonaqlar tərəfindən böyük rəğbətlə qarşılandı. Qurultayın konsertlərinin müzakirəsində çıxış edən tanınmış bəstəkar, Sankt-Peterburq Konservatoriyasının professoru Aleksandr Radviloviç Musa müəllimin bu əsərini yüksək peşəkarlıqla yazılmış gözəl sənət nümunəsi kimi dəyərləndirdi.

   Mirzəyevlər ailəsində artıq üç nəslin nümayəndəsi bəstəkarlıq sənətini davam etdirir: Musa Mirzəyevin qardaşı Arif, oğlu İlyas və nəvəsi Günay. Bəstəkarlar İttifaqının IX qurultayında onların da əsərləri - Arif Mirzəyevin orqan üçün “Sarabanda”sı və Günay Mirzəyevanın “Simli kvarteti təqdim olundu.

   Milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olan Musa Mirzəyev bu gün də yaradıcılıq əzmi ilə çalışmaqdadır. Ömrünü musiqiyə həsr etmiş fədakar bəstəkara yaradıcılıq yolunda yeni uğurlar arzulayırıq. Arzu edirik ki, onun yazıb-yaratmaq eşqi heç bir zaman tükənməsin.

  

 

   Sevda Hüseynova,

   musiqişünas, Azərbaycan

  Bəstəkarlar İttifaqının baş məsləhətçisi

 

  Mədəniyyət.- 2013.- 25 yanvar.- S. 7.