“Əsli
və Kərəm” səhnəyə qayıtdı
Yanvarın 23-də Azərbaycan
Dövlət Akademik Opera
və Balet Teatrında dahi
bəstəkarımız Üzeyir
Hacıbəylinin “Əsli və Kərəm” operasının
premyerası oldu.
Premyeradan əvvəl
tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev
suallarımıza cavab verdi.
- Hafiz müəllim, uzun illərdən sonra operamızın şah əsərlərindən biri yeni quruluşda səhnəmizə qayıdır. Maraqlıdır, bu operanı nə vaxtsa səhnəyə qoymusunuz, yoxsa ilk dəfədir?
- Bir neçə il əvvəl I Beynəlxalq Muğam Festivalı çərçivəsində bu əsəri İşərişəhərdə - Karvansarada Şirvanşahlar sarayında kompozisiya şəklində hazırlamışdım. Sonra teatrın rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyi qərara gəldilər ki, “Əsli və Kərəm” yenidən səhnəyə qayıtsın və mən də bu operaya quruluş verdim.
Bildiyiniz kimi, Üzeyir Hacıbəyli bu əsəri 1912-ci ildə yazıb, libretto müəllifi də özüdür. Üzeyir bəy “Leyli və Məcnun”dan sonra “Ər və arvad”, “O olmasın, bu olsun” operettalarını yazsa da, yenidən opera janrına müraciət edib və “Əsli və Kərəm”i yazıb. “Leyli və Məcnun”la “Əsli və Kərəm” arasında həm süjet və mövzu, həm də musiqi baxımından oxşarlıqlar var. “Əsli və Kərəm” də muğam operasıdır. Üzeyir Hacıbəyli bu əsəri yazandan sonra opera tezliklə populyarlaşıb və tamaşaçı rəğbəti qazanıb.
“Ali məqsədimiz
ülvi məhəbbəti insanlara aşılamaqdır”
- Bildiyimizə görə, 1988-ci ildə başlanan məlum hadisələrdən sonra bu əsər teatrın repertuarından çıxarıldı və uzun müddət səhnəyə qayıtmadı...
- “Əsli və Kərəm” bir məhəbbət dastanıdır. Əsərin qəhrəmanlarına - Əsliyə də, Kərəmə də buta verilir. Bütün məhəbbət dastanlarında olduğu kimi, hər iki haqq aşiqi ya sonda qovuşur, ya da hər ikisi nakam sevginin qurbanı olur. Hər iki gənc axıra qədər sevgiləri uğrunda mübarizə aparırlar. Üzeyir bəy də bu xətti götürüb, biz də çalışmışıq ki, onu qabarıq şəkildə tamaşaçılara çatdıraq.
- Sovet vaxtı bu əsəri tamaşaya qoyanda təbii ki, başqa yanaşmalar vardı, ancaq çox sular axdı, çox sular bulandı, münasibətlər, dəyərlər dəyişdi. Bu gün tamaşada hansı yeniliklər var?
- Texniki baxımdan bir sıra yeniliklər etmişik. Əvvəllər bu tamaşa üç saat yarım davam edirdi, ancaq bu günün tələbləri başqadır. Bunu nəzərə alıb texniki gedişlərlə məkanları birləşdirdik, dörd aktı iki akt elədik, darıxdırıcı olmasın deyə, keçidləri dinamik etdik. İndi tamaşa 1 saat 40 dəqiqə davam edir.
- Zaman-zaman bu əsər müxtəlif quruluşlarda və mahir ifaçılar tərəfindən səhnəyə qoyulub. Yəni “Əsli və Kərəm”in səhnəmizdə öz tarixi var, bu barədə nə deyərdiniz?
- Bu tamaşanın həmişə gözəl quruluşları, gözəl ifaçıları olub. 1912-ci ildən 1920-ci ilə kimi “Əsli və Kərəm” də ildə heç olmasa bir dəfə səhnəyə qoyulurdu. Sonralar Soltan Dadaşov bu operanı iki dəfə səhnəyə qoyub. İndiyədək “Əsli və Kərəm”in üç quruluşu olub. Kərəm rolunda Hüseynqulu Sarabskidən tutmuş Arif Babayev, Qulu Əsgərov, Canəli Əkbərov, Baba Mahmudoğlunadək bir çox sənətkarlarımız, Əsli rolunda Zeynəb Xanlarova, Gülxar Həsənova, Qəndab Quliyeva və başqa böyük ifaçılarımız çıxış edib.
Bu gün isə tamaşa yeni tərtibatda, yeni dekorasiyada, kostyumlarda tamaşaçılara təqdim olunur. İlk tamaşada gənc ifaçılar - muğam müsabiqəsinin laureatları Elnur Zeynalov Kərəm, Arzu Əliyeva Əsli rolunu oynayacaqlar. Gənclərlə yanaşı, tamaşada Xalq artisti Şahlar Quliyev (Keşiş), əməkdar artistlər Nizami Bağırov (Paşa), Sabir Əliyev (Şah) çıxış edirlər. Növbəti tamaşada isə Əsli və Kərəm rollarını gənc xanəndələr İlkin Əhmədov və Vüsalə Musayeva ifa edəcəklər. Tamaşanın uğurlu olacağına inanıram.
- Bu əsəri yenidən səhnəyə gətirməklə tamaşaçılarda hansı hissləri aşılamaq istəyirsiniz?
- “Əsli və Kərəm”in ali ideyası insanlara ülvi məhəbbəti aşılamaqdır. Bu dastan xalqımızındır, bu opera Üzeyir Hacıbəylinindir və belə düşünürəm ki, bu mükəmməl əsər daima səhnədə olmalıdır.
Vaxt
daraldıqca səhnəarxası həyəcan artır. Qrim otaqlarında son tamamla işləri gedir.
Əsli rolunun ifaçısı Arzu Əliyeva həyəcanlı yox, inamlı görünür:
- Fəxr edirəm ki, baş rolu mənə
etibar ediblər. Çalışacağam ki, əlimdən
gələn qədər
rolumu yaxşı ifa edib həm
teatrın rəhbərliyinin,
həm də Hafiz müəllimin ümidlərini
doğruldum. Bu, mənim opera səhnəsində
ilk rolum deyil. Operada ilk dəfə Müslüm Maqomayevin “Şah İsmayıl” operasında
Ərəbzəngi rolunda
çıxış etmişəm.
Həyəcan, təbii ki,
var, ancaq son sözü tamaşaçılar
deyəcək.
“Ölüm səhnəsində
elə yer var ki, orda
ağlayıram”
Kərəm rolunun ifaçısı Elnur Zeynalov:
- İlk
öncə istərdim
ki, teatrın rəhbərliyinə, quruluşçu
rejissora təşəkkür
edim. Tam səmimi deyəcəyəm,
bu rola dəvət
alanda bir balaca həyəcanlandım.
Beş aya yaxındır ki, ciddi məşqlər
gedir, axır ki, gözlədiyimiz gün gəlib çatdı. Çox sevincliyəm.
Artıq beş
ilə yaxındır
ki, bu teatrda
çalışıram. Opera
səhnəsində ilk dəfə
Məcnunun atasını,
sonra “Aşıq Qərib”də baş rolu ifa etmişəm.
Kərəm fərqli bir
obrazdır. Sevən bir
aşiqdir, təbii ki, hamıda olduğu kimi, mənim də başıma sevgi hadisəsi gəlib, sevgim nakam qaldığı
üçün bu tamaşa mənə daha doğmadır. Ölüm səhnəsində elə
yer var ki,
orda ağlayıram.
İnanıram ki, iki sevən gəncin hisslərini tamaşaçılara
çatdıra biləcəyik.
Keşiş rolunun ifaçısı, Xalq artisti Şahlar Quliyev:
- Mən uzun illər “Əsli və Kərəm” operasında bu rolu ifa
etmişəm. Sonuncu dəfə tamaşanın
premyerası 1988-ci il yanvarın 4-də olub. O vaxt böyük
sənətkarımız Zeynəb
Xanlarova Əsli, Arif Babayev Kərəm
rolunda çıxış
edirdi. Həmin tamaşanın lent yazısı
dövlət televiziyasının
“Qızıl fond”unda saxlanılır. Mən opera teatrının əksər tamaşalarında
çıxış etsəm
də, Üzeyir bəyin əsərləri
mənim üçün
daha doğmadır.
Çünki bu əsərlərdə
milli kolorit yüksək səviyyədə
özünü büruzə
verir. Uzun illərdən sonra
yenidən bu tamaşanın bərpa olunması sevindiricidir.
Yenə keşiş rolunu
ifa edirəm, mənfi obrazdır, amma aktyorun borcu
obrazın xarakterini açıb tamaşaçıya
göstərməkdir. Vokalist, aktyor kimi əvvəllər cavan idim, ola bilsin ki, bu obrazın
tam incəliklərinə varmırdım,
ancaq yaşla əlaqədar olaraq baxışlar da dəyişir. Nəsillər dəyişir, aktyorlar
dəyişir, obraz necə yazılıbsa, o obrazı o cür tamaşaçılara çatdırmaq
lazımdır. Mən də
çalışıram ki,
Keşişin xislətini,
əsl simasını
tamaşaçılara çatdırım.
Şah obrazının ifaçısı,
Əməkdar artist Sabir
Əliyev:
- Mən vaxtilə böyük sənətkarlarla bu tamaşada Sofi, Osmanlı rollarında oynamışam, indi də Kərəmin atası - İsfahan şah rolunu oynayıram. Ürəyimcə olan bir roldur.
- Səhnədə
olsa belə, Kərəmin atası olmaq çətindir?
- (gülür).
Bəli,
çətindir. Nə qədər
çalışır ki,
Kərəm bu sevdadan əl çəksin, alınmır.
Eşq, məhəbbət elə bir qüvvədir ki, Füzuli demişkən “giriftar olmayan bilməz”. “Əsli və
Kərəm” nakam sevgi dastanıdır və bu operanın
həmişə tamaşaçıları
olub və olacaq da.
Mühafizəçi rolunun
ifaçısı Elşad
Məmmədov:
- Təxminən
25 il bundan
əvvəl bu tamaşada Kəndçi rolunu oynamışam, indi Mühafizəçi rolunda çıxış
edirəm. “Əsli
və Kərəm”in sonuncu tamaşasını
hələ də xatırlayıram. Çox şadam
ki, bu qiymətli
tamaşa yenidən səhnəyə qayıtdı.
Operanın solisti, Sofi rolunun ifaçısı
Nəzər Bəylərov:
- Mənə tapşırılan hər
bir rola çox məsuliyyətlə
yanaşıram. Çünki rolun böyüyü-kiçiyi
yoxdur. Çalışıram ki, mənə
verilən bu rolu bacardığım qədər yaxşı ifa edim.
“Əsli və Kərəm”də 30 ilə
yaxın Sofi rolunu oynamışam”
Birinci zəngin çalınmağına
az qalır.
Vaxtilə bu operada Sofi rolunun
ən yaxşı ifaçılarından biri
olmuş Əməkdar
artist İsmayıl Ələkbərov
da az
qala ifaçılar qədər həyəcanlı
görünür:
- “Əsli və Kərəm” tamaşasında 30 ilə yaxın Sofi rolunu oynamışam. Lazım olsa indi də səhnəyə çıxaram (gülür). Opera səhnəsində “Əsli və Kərəm”in son tamaşasını isə belə xatırlayıram: o vaxtlar aləm bir-birinə qarışmışdı. Əsli rolunu mərhum xanım sənətkarımız Rəsmiyyə xanım, Kərəm rolunu isə Canəli Əkbərov, mən də Sofi rolunu oynayırdım. Bu, “Əsli və Kərəm”in son tamaşası oldu...
İstedadlı gənclərə mənəvi dəstək olan Xalq artisti Arif Babayev bu həyəcanlı dəqiqələrdə yenə də onların yanındadır. Kərəm rolunun ən məşhur ifaçılarından biri kimi böyük sənətkarın ürək sözlərini eşitmək istəyirik:
- Əvvəlcə onu deyim ki, Üzeyir bəy bəşəri bir sənətkardır, onun əsərlərində heç bir səhv ola bilməzdi. “Əsli və Kərəm” sevgi dastanıdır. Üzeyir bəy ölməz musiqisi ilə bu dastana yeni həyat verdi. Uzun illər bu tamaşa opera səhnəmizin şah əsərlərindən biri olub. İndi də bu əsərin yeni həyatı başlayır. Gənclərimizin istedadına əminəm, onlara uğurlar arzulayıram.
Üçüncü
zəng
Üzeyir bəyin ölməz musiqisinin sədaları altında pərdələr açılır. Alqışlarla “Əli və Kərəm” yeni quruluşda, yeni səhnə tərtibatında və yeni ifaçılarla tamaşaçıların görüşünə gəlir.
Vaxt bir göz qırpımında ötüb keçir. Rejissor yozumu, gözəl ifalar, maraqlı səhnələr bir-birini əvəz edir. Dekorasiyalar, rəssam işi yüksək zövqlülüyü ilə diqqəti cəlb edir.
“Əsli və Kərəm” beləcə səhnəyə qayıdır. Uğurlu tamaşa və alqışlarla...
Xatırladaq ki, tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, konsertmeyster Xalq artisti Mədinə Əliyevadır.
Təranə Vahid
Mədəniyyət.-
2013.- 25 yanvar.- S. 6.