“Skapenin
kələkləri”
Molyerin ölməz komediyası ilk
dəfə Musiqili Komediya Teatrında tamaşaya qoyulub
Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının kollektivi yeni ilin ilk premyerasını təqdim
edib. Yaradıcı kollektiv bu dəfə Fransa və Qərbi Avropa
ədəbiyyatında klassik komediya janrının banisi
Jan-Batist Molyerin “Skapenin kələkləri” komediyasını
nümayiş etdirib.
Bu komediya böyük dramaturqun Musiqili Komediya Teatrının səhnəsində oynanılan ilk əsəridir. İkihissəli komediya janrında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Prezident mükafatçısı Əsgər Əsgərovdur.
Tamaşanın musiqi rəhbəri Emin Həsənov, quruluşçu rəssamı Vüsal Rahimdir.
Teatrın rus truppasında təqdim olunan tamaşada Əməkdar artist Boris Qrafkin, aktyorlar Svetlana Bulax, Rauf Babayev, Emil Heydərov, Əliməmməd Novruzov, Mehriban Zalıyeva, Elvin Əliyev, Marina Litvinenko və başqaları çıxış ediblər.
Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru, Xalq artisti Hüseynsəfa Mirzəhəsənov da bu tamaşada rol alıb. Xalq artisti bu dəvətdən məmnun qaldığını bildirib.
Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev deyib ki, “Skapenin kələkləri” komediyası Əsgər Əsgərovun Musiqili Komediya Teatrının rus bölməsində hazırladığı ikinci tamaşadır. Bundan öncə rejissor teatrda Mark Kamolettinin “Xoşbəxt ailə oyunu oynayırıq və yaxud fransızsayağı qarnir” əsərinə quruluş vermişdi.
Musiqili Komediya
Teatrının binasında təmir işləri
aparıldığından, “Skapenin kələkləri” Səməd
Vurğun adına Rus Dram Teatrının səhnəsində təqdim
olunub. Anşlaqla keçən tamaşanın ikinci
premyerası da fevralın 12-də bu səhnədə
oynanılacaq.
Mədəniyyət.-
2013.- 25 yanvar.- S. 5.