Bakıda
müasir yapon
memarlığı nümunələrinin sərgisi
Sərgi ziyarətçilərə
yapon memarları tərəfindən
müxtəlif ölkələrdə ucaldılmış
möhtəşəm binaların təsvirləri ilə
tanış olmaq imkanı verir
Yanvarın 24-də Mədəniyyət
və Turizm Nazirliyi və
Yaponiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı,
Yaponiya Mədəniyyət Fondunun xətti ilə Azərbaycan Milli İncəsənət
Muzeyində \"Müqayisəli Yaponiya -
müasir yapon
memarlığı: 1996-2006\" adlı sərgi
açıldı. Mərasimi açan muzeyin direktoru, professor Çingiz Fərzəliyev
sərgi barədə məlumat verdi,
muzeydə keçirilən incəsənət tədbirlərindən
qısa söz açdı.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nazirliyin Yaponiyanın müvafiq qurumları ilə mədəni sahədə əməkdaşlığından söz açdı, qarşılıqlı mədəniyyət tədbirlərinin keçirilməsini müsbət hal kimi dəyərləndirdi: “Bakıda indiyədək yapon mədəniyyətini əks etdirən müxtəlif sərgilər təşkil olunub.
“Yapon kuklaları”nın sərgisi, “Yaponiya döyüş sənətinin tarixi” sərgisi çox maraqla qarşılandı. Bu, həmin silsilədən olan və müasir yapon memarlıq nümunələrini özündə ehtiva edən sərgidir. Belə tədbirlərin iki ölkənin mədəni dəyərlərinin qarşılıqlı şəkildə xalqlara çatdırılması, tanıdılması nöqteyi-nəzərindən böyük əhəmiyyəti var. Bu sərgidə əlamətdar məqamlardan biri də budur ki, Milli İncəsənət Muzeyində saxlanan və yapon mədəniyyətini özündə ehtiva edən əsərlər də burada sərgilənir. Arzu edərdim ki, bu sənətlə maraqlanan insanlar sərgi ilə yaxından tanış olsunlar”.
Yaponiyanın Azərbaycandakı səfiri Vatanabe Şusuke tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirdi. Qeyd olundu ki, Yaponiya Mədəniyyət Fondu 1972-ci ildə təsis edilib. Fond ölkənin mədəniyyət və incəsənətinin dünyada təbliği məqsədilə müxtəlif layihələr həyata keçirir. Yapon memarlıq mədəniyyətini təsvir edən bu sərgi ilk dəfə Tokio Metropoliten Fotoşəkil Muzeyində açılıb və daha sonra Braziliya, İtaliya, Yunanıstan, ABŞ, İran və s. ölkələrdə 30-dan artıq sərgidə nümayiş olunub.
Yaponiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu vurğulayan səfir mədəni əlaqələrin daha da genişləndirilməsinin xalqlar arasında dostluq münasibətlərinə töhfə verdiyini bildirdi: “Bakının möhtəşəm memarlığı hamı kimi məni də valeh edir. Bu dəfə Yaponiyanın memarlıq əsərləri Bakıda təqdim edilir, gələn dəfə isə Azərbaycanın valehedici memarlıq nümunələri Tokioda nümayiş olunacaq”.
Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova müasir yapon memarlığının bu günün və sabahın memarlıq ideyalarını özündə əks etdirdiyini qeyd etdi: “Bütövlükdə Yaponiya özünün mədəniyyəti, incəsənəti ilə dünyanın diqqətini cəlb edir. Yapon memarlığı da özünəməxsusluğu ilə seçilir - öz sadəliyi, harmonikliyi, minimalizmi ilə. Ən qabaqcıl texnologiyaları, müasir kompozisiya ideyalarını yapon memarlığında görmək olur. Memarlıq və İnşaat Universitetinin tələbələri də sərgiyə gələcəklər. Düşünürəm ki, onların yaradıcılıq ideyalarının formalaşmasında bu sərginin müsbət təsiri olacaq”.
Qeyd edək ki, sərgi ziyarətçilərə yapon memarları tərəfindən 10 il ərzində (1996-2006) müxtəlif ölkələrdə ucaldılmış binaların təsvirləri ilə tanış olmağa, tematik bölmələr vasitəsilə memarlıq nümunələrini müqayisə etməyə imkan verir.
Ekspozisiyaya Yaponiya Mədəniyyət Fondunun mütəxəssisləri tərəfindən üzərində elmi araşdırmalar aparılmış 17 çini və keramika nümunəsi də daxil edilib. Sərgidə XVIII əsr Edo dövrünə aid bulud, bərbər boşqabı, XIX əsrin sonu - XX əsrin əvvəli, Meyci-Tayşo dövrünün çay dəsti, güldan, vaz, dairəvi boşqab, XIX əsrə aid dekorativ bulud, güldan nümayiş olunur.
Ceyhun Zərbəliyev
Mədəniyyət.-
2013.- 25 yanvar.- S. 2.