Qahirədə beynəlxalq kitab yarmarkası keçirilir

 

   Azərbaycanın Misirdəki səfirliyinin nümayəndələri Qahirədə keçirilən beynəlxalq kitab yarmarkasında olublar. Yaxın Şərqdə ən böyük, dünyada isə Frankfurt yarmarkasından sonra ikinci kitab sərgisi hesab edilən bu yarmarkada 25 ölkədən 700-dən çox naşir iştirak edir.

   Fevralın 5-dək davam edəcək sərgidə 7 ərəb və 80 digər xarici dövlətin çap məhsulları nümayiş etdirilir. Buraya dünyanın müxtəlif ölkələrindən böyük naşirlər, o cümlədən təqribən 500 nəfər Misir və 200 nəfərə yaxın ərəb naşiri, başqa ölkələrdən 20 nəfərdən çox naşir gəlib.

   Ekspozisiyada ictimai-siyasi məzmunlu, o cümlədən ərəb dünyasında baş verən dəyişikliklərə həsr olunmuş ədəbiyyat, dini mövzuda yazılmış yeni kitablar, ərəb və ingilis dillərində nəşr olunmuş ədəbi əsərlər geniş nümayiş etdirilir. Yarmarkada həmçinin tədris və uşaq ədəbiyyatı stendləri var.

 

 

   Mədəniyyət.- 2013.- 25 yanvar.- S. 2.