Şərqin
məna dənizi - Şəms Təbrizi
“Yer
üzündə bir insan
belə üşüyürsə, isinmə haqqına sahib deyilsən”
Şərq dünyası sirr və müəmmaları, həyatı qəribəliklərlə
dolu insanları ilə daim
maraq doğurub. Bu insanlar arasında
özünəməxsusluqları ilə insanları
düşündürən və heyrətə salan sufilər xüsusi qeyd edilməlidir. Onlar
tarixdə təkcə yaşadıqları dövrün
deyil, həm də gələcək
zamanların başa düşülməyən
insanları kimi qalıblar. Belə şəxslərdən
biri də Şəms Təbrizidir.
Onun həyatı müəmmalarla dolu olub. Taleyin qəribəlikləri, sirli dərvişanə həyat tərzi, Mövlana Cəlaləddin Rumi ilə tarixi görüşü və bu kimi digər hadisələr Şəms Təbrizini tanımaq istəyənləri hər zaman maraq dairəsində saxlayıb.
Şəmsəddin Məhəmməd Əli oğlu 1185-ci ildə Təbriz şəhərində dünyaya göz açıb. Erkən çağlardan valideynlərini və ətrafdakı insanları öz qəribə davranışları ilə təəccübləndirib. İş-peşə, məşğuliyyət seçməkdə çox düşünüb-daşınıb. Nəhayət, dərvişliyi seçərək və mürşid Əbu Bəkr Sələbaf Təbrizinin müridliyini qəbul edib. O, Şəmsin qəlb gözünün açılmasına təkan verib.
Lakin daim axtarışda olan Şəms axtardığını heç kimdə tapa bilmir. Ona görə də özünün “Məqalət” əsərində mürşid-mürid münasibətlərinə bir aydınlıq gətirib: “Mənim Təbrizdə Əbu Bəkr Sələbaf adında bir şeyxim vardı. Vəliliyin bütün feyz və sirlərini ondan öyrəndim. Ancaq şeyxim məndə olanı görmürdü...”.
Şəms ilk mürşidindən ayrıldıqdan sonra bir çox ölkələri gəzir. Alimlərlə görüşür və mürşidlərə müridlik edir. Müqəddəs dərgahlarda olur. Buna görə də ona “Şəmsi-pərəndə”, yəni “uçan Şəms” deyirlər. Təbrizdə təriqət şeyxləri, ariflər yüksək intellektuallığına görə Şəmsə “Kamili-Təbrizi” adı verirlər. “Dinin günəşi” anlamına gələn Şəmsəddin adının isə ona kimin verdiyi məlum deyil. O, qeyri-adi fiziki gözəlliyi və mənəvi təmizliyi ilə daim seçilib. Cənubi Azərbaycan alimi Məhəmmədəli Tərbiyət onun haqqında yazır ki, Şəmsəddin Təbrizi ruh qədər incə idi. Dinin və həqiqətin günəşi sanılırdı.
Deyilənlərə görə, Şəms hər zaman “Allahım, gizli dostlarından birini mənə göstər!” - deyə dualar edib. Nəhayət, bir gün ona qeybdən belə bir səs gəlir: “Madam ki, israr edirsən, o halda bunun şükrü olaraq əvəzində bizə nə verərsən?”. Şəms o an “başımı” deyə cavab verir... Ona istədiyi şəxsin Anadoluda Mövlana Cəlaləddin Rumi olduğu işarə edilir. Şəms bunun sevinci ilə bərabər ağır və uzun yola çıxmaq tədarükünü görür. Düşünür ki, bu yolun dönüşü olmaya da bilər.
O, uzun yolçuluqdan sonra 1244-cü ilin oktyabr ayında gedib Konyaya çatır. Mövlana Cəlaləddin Rumi öz tələbələri ilə “Səlcuqlar” karvansarasının önündən keçərkən qapının önündə yad qiyafəli bir adam görür. Dönüb o şəxsə salam verir və yoluna davam edir. Öz-özünə deyir: “Burada belə bir şəxsi heç vaxt görməmişəm. Necə də nurlu siması var”. Düşünərkən birdən atının yüyənini bir əlin tutduğunu görür. Mövlana o şəxsə “Buyurun!” deyir. Beləcə, bir-birini axtaran, özlərini bir-birlərində tapan, anlayan iki məna dənizi bir-birinə qovuşur. Müasirləri onların bu görüşünü “Mərəcəl-Bəhreyn” (iki dənizin qovuşması) adlandırıb.
Bir gün Şəms Mövlananın çox sevdiyi kitabları hovuzun içinə atır. Onların arasında çox dəyərli əsərlər də olur. Şəms Mövlananın bu hadisədən kədərləndiyini görür. Nə üçün kədərləndiyini soruşur. Mövlana “Kitabların arasında Fəridəddin Əttarın mənə verdiyi bir kitab da vardı. O kitab imzalı olduğu üçün çox dəyərli idi” - deyir. Şəms əlini hovuza salır və əsəri quru halda çıxarıb ona verir. Bu hadisədən sonra Mövlana heyrətlə həqiqətin sətirlərdə deyil, könüllərdə olduğuna tapınır.
Bu barədə Mövlananın oğlu Sultan Vələd bir hekayət danışıb:
- Gözlənilmədən
Şəms gəlib atamla görüşdü.
Atamın kölgəsi
onun nurundan yox oldu. O, atamla
söhbətində məşuqluq
halından, ilahi mərifətdən və
qeybi biliklərdən
söhbət açardı.
Atam da bunları böyük şövqlə
dinlərdi. Əvvəllər hamı atama tabe olardı, indi isə atam
Şəmsə tabe idi. Onun mənəvi cazibəsi
Mövlananı elə
sarmışdı ki,
nə məscidə xütbə etməyə gedir, nə mədrəsədə dərs
verir, nə də digər insanlara vaxt ayıra bilirdi. Bəzi insanlar bu iki
könül dostunun söhbətindəki sirri
dərk etməkdə
aciz qaldılar.
Bu səbəbdən xoşagəlməz
söhbətlər yaymağa
başladılar: “Bu şəxs
Konyaya gəldikdən
sonra Mövlana bizdən uzaqlaşdı. Onun nə haqqı
var ki, Mövlananı
bizim əlimizdən alsın?”.
Şəms daha burada qala bilməyəcəyini
başa düşür.
1246-cı ildə Konyanı tərk edir. Onun gedişi Mövlananı
dözülməz hala
salır və dərin iztirablara düçar edir. Bu
mənəvi əzablardan
xilas olmaq üçün deyir: “Ondan bir xəbər
söyləyənə müjdə
olaraq canımı verərəm”. Beləcə, bir neçə
ay keçir. Söz-söhbətlər aradan qalxır. Şəmslə düşmənçilik edənlər peşman olurlar. Mövlananın
yanına gəlib üzr istəyirlər...
O, oğlu
Sultan Vələdi Şama, Şəmsi axtarmağa göndərir.
Sultan Vələd yola düzəlir. Gedib Şam şəhərində
Şəmsi tapır.
Baş verən hadisələri ona xatırladır. Mövlananın onu Konyaya dəvət etdiyini bildirir. Həm də bu fitnəni törədənlərin
tövbə edərək
Mövlanadan üzr istədiklərini söyləyir.
Şəms Sultan Vələdi
diqqətlə dinlədikdən
sonra deyir: “Gəlməyimiz üçün
Mövlananın dəvəti
kifayət idi”.
Beləliklə, Şəms Sultan Vələdlə Konyaya qayıtmaq qərarına gəlir. Bir neçə gündən
sonra onlar yola çıxırlar.
Sultan Vələd Şəmsi öz atına mindirir, özü isə onun arxasınca piyada gedir. Şəms
Sultan Vələdin ata
minməsi üçün
nə qədər israr edirsə o, “Sultanın yanında xidmətçisinin ata minməsi düzgün olmaz” - deyir.
Konyaya yaxınlaşanda Sultan Vələd Mövlanaya Şəmsin gəldiyi xəbərini göndərir.
Mövlana əlində nəyi
varsa, bu xəbəri gətirən
müjdəçiyə verir.
Böyük bir sevinc içində dostunu qarşılamağa tələsir.
1247-ci ildə bu iki dost yenidən görüşür. Birlikdə Mövlananın
mədrəsəsinə gəlirlər.
Bir müddət sonra Şəms Mövlananın
övladlığa götürdüyü
Kimya xatınla evlənir. Lakin çox keçmədən
yenə də fitnələr qaynamağa
başlayır. Şəmsin Konyaya qayıtması ilə bəzi müridlərinin qəlbində
qısqanclıq duyğuları
yenidən baş qaldırır. Bütün
bu dedi-qodulardan narahat olan Şəms
Sultan Vələdə deyir:
“Görürsənmi, haqqımda
necə sui-zənn edirlər? Yenə məni Mövlanadan
ayırmaq istəyirlər.
Amma bu dəfə elə gedəcəyəm
ki, heç kəs harada olduğumu bilməyəcək.
Məni axtarıb-tapmaqda aciz qalacaqlar. İllər keçəcək, amma heç kəs mənim izimi belə tapa bilməyəcək”.
Bir gecə o, Mövlana
ilə otaqda ikən bayırdan bir səs gəlir.
Şəmsi bayıra çağırırlar.
O, qətlə yetirilmək
üçün bayıra
çağırıldığını
anlayır və evdən çıxır.
Sonra ucadan bir “Allah” sədası eşidilir.
Mövlana bunu eşidib
bayıra qaçır.
Qapını açdıqda isə
heç kəsi görmür. Yalnız yerdə
bir neçə damcı qan ləkəsi görür.
Mövlana bu hadisədən
çox sarsılır.
O, Şəmsi çox
axtarır, tapmaq üçün iki dəfə Şam şəhərinə gedir.
Amma Şəmsi gördüm deyən olmur...
Bir gün Mövlanaya
bir nəfər “Şəmsi gördüm”
deyir. Bu zaman Mövlana əlində olanları hədiyyə olaraq o adama verir. Kənardan onu tanıyan başqa bir şəxs dillənir: “O, Şəmsi
görməyib, yalan söyləyir”. Mövlana isə “Ona verdiklərim Şəmsin
yalan xəbərinin müjdəsi üçün
idi. Onun həqiqi xəbərini
gətirənə isə
“canımı fəda
edərəm” - deyə
cavab verir. Mövlana Şamdakı uzun axtarışlardan sonra Şəmsi tapmağın
mümkün olmadığını
görüb təəssüflə
geriyə - Konyaya dönür.
Bu hadisədən
bir neçə il sonra
Mövlanadan soruşurlar:
“Sən Şəms gəlməzdən əvvəl
heç kəsin şübhə etmədiyi
bir müəllim idin. Şəms gəldi, axı
sən ondan nə öyrəndin?”
Mövlananın isə
cavabı belə olur: “Mən Şəmsə rast gəlməzdən əvvəl
üşüdüyüm zaman
isinirdim. Lakin Şəmsdən sonra artıq isinə bilmirəm. Çünki Şəms mənə bir şey öyrətdi: “Yer üzündə bir insan belə
üşüyürsə, isinmə haqqına sahib deyilsən”. Şəmsin yoxluğundan heyfsilənən
tələbələri təsəlli
üçün onun söhbətlərini yığır,
“Məqalət” adlı
kitab hazırlayırlar.
Amma Şəmsin məzarını
axtarmağa cəhd göstərmirlər. Çünki
Şəms hələ
sağ ikən deyibmiş: “Bizim məzarımızı könüllərdə
axtarın”... Şəms Təbrizi
1248-ci ildə İranın
Xoy şəhərində
qətlə yetirilib və orada da
dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət.-
2013.- 30 yanvar.- S. 15.