Lokarno kinofestivalının “Açıq
qapılar”ı
Yanvarın 29-da Nizami
Kino Mərkəzində Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqı, Azərbaycan
Prodüserlər Gildiyası və “Nərimanfilm” kino şirkətinin birgə təşkilatçılığı
ilə Lokarno beynəlxalq kinofestivalının
(İsveçrə) “Açıq qapılar” bölməsinin
təqdimatı keçirilib.
Təqdimatı keçirən Lokarno kinofestivalının nümayəndəsi Joel Şapron bildirib ki, festival proqramı çərçivəsində on ildir ki, fəaliyyət göstərən “Açıq qapılar” bölməsi İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. Məqsəd kinematoqrafiyası yeni inkişaf edən ölkələrin kino layihələrinə diqqəti cəlb etmək, onlara birgə istehsal üçün ortaq şirkətlər tapmaq imkanı yaratmaqdır. Müvafiq proqram hər il müxtəlif regionları nəzərdən keçirir və iki rejimdə işləyir.
“Açıq qapılar”ın emalatxanası seçilmiş regiondan - əsas etibarilə Avropadan - peşəkarları və onların ehtimal olunan ortaqlarını həyata keçirilməsi çətin olan layihələrə dəstək vermək üçün bir yerə yığır. Hər il layihələrin qəbulu elan edildikdən sonra festival yeni layihələr seçir və sonra “Açıq qapılar”da keçirilən ustad dərslərində onları təqdim edir. Sonda qalib gələn layihə gələcək inkişaf və istehsal üçün dəstək alır. Bundan əlavə, “Açıq qapılar” bölməsi çərçivəsində həmin regionun mədəni və kinematoqrafiya mühitini təmsil edən filmlərin müsabiqədənkənar nümayişi keçirilir ki, bu da geniş tamaşaçı kütləsi üçün vacibdir.
Tədbirdə
məlumat verilib ki, bu il Lokarnoda
keçiriləcək 66-cı beynəlxalq kinofestivalın
“Açıq qapılar” bölməsi avqustun
10-dan 13-dək fəaliyyət göstərəcək. Müvafiq bölməyə martın 5-dək
layihələri təqdim etmək olar.
Mədəniyyət.-2013.-
30 yanvar.- S. 11.