Aşağı
kateqoriyalı mehmanxanalara tələbat
artır
Bu ildən
Bakıda üçulduzlu hotellər tikiləcək
2015-ci ildə Azərbaycanda
keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı
görüləcək işlər sırasında ölkə
ərazisində, xüsusilə də Bakı şəhərində
turizm infrastrukturunun
inkişafı və formalaşdırılması ön plandadır. Bu
baxımdan önəmli olan istiqamətlərdən
biri də paytaxtda 3 ulduzlu hotellərin inşasıdır.
2013-cü ildən bu sahədə işlər
sürətləndiriləcək.
Xatırladaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir qədər əvvəl jurnalistlərə müsahibəsində bu məsələdən bəhs edərək bildirmişdi ki, Bakıda yüksək ulduz kateqoriyası olan hotellər çoxdur. İndi daha aşağı kateqoriyalı hotellər tikilməlidir. Nazir qeyd etmişdi ki, ölkə başçısının tapşırığına əsasən, 2013-cü ildən Bakıda 3 ulduzlu hotellərin inşasına diqqət artırılacaq.
Aşağı ulduzlu
hotellər daha rentabelli
fəaliyyət göstərir
Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorundan aldığımız məlumata görə, hazırda Bakı şəhərində 1 ikiulduzlu, 6 ədəd üçulduzlu, 20 dördulduzlu, 16 beşulduzlu olmaqla ümumilikdə 43 hotel fəaliyyət göstərir. Ölkə ərazisində ulduz kateqoriyası alan hotellərin sayı isə 67-dir. Ümumilikdə Azərbaycanda 263 hotel lisenziya ilə fəaliyyət göstərir ki, bunun da 93-ü Bakının payına düşür.
Rəqəmlərdən göründüyü kimi, ölkədə aşağı kateqoriyalı hotellər azdır. Həmsöhbət olduğumuz mütəxəssislər də 2 və 3 ulduzlu hotellərin tikilməsinin vacib olduğunu bildirirlər. Respublika Turizm və Ekskursiyalar Şurasının sədr müavini Sabir Rəhimovun sözlərinə görə, bu məsələ birbaşa nazirlikdən və dövlətdən asılı deyil. Gərək sahibkarların bu işə marağı olsun: “Paytaxtımızda böyük və yaraşıqlı hotellərin olması, əlbəttə, yaxşı haldır. Bu həm də şəhərimizə əlavə gözəllik verir. Amma nəzərə almalıyıq ki, ölkəyə gələn turistlərin heç də hamısı zəngin, imkanlı şəxslər deyil. Onların məqsədi gəzmək, görmək və zövq almaqdır. Bu insanlar hoteldəki nəhəng çilçırağa və yaxud otağın divarının yarısını tutan televizora baxmağa gəlmirlər. Normal şəraiti və xidmət imkanları olan, münasib qiymətə təklif olunan hotel nömrələrinə daha çox maraq göstərirlər. Onlar ölkəni gəzmək, adət-ənənələrlə, tarixi-mədəni obyektlərlə tanış olmaq həvəsindədirlər. Odur ki, qalmaq üçün 2, 3 ulduzlu hotellər axtarırlar ki, qiymət də ciblərinə uyğun olsun. Buna isə hələlik sahibkarlar elə də maraq göstərmirlər. Halbuki sadə görünüşlü, qiyməti ucuz hotellər rentabellik baxımdan özünü daha tez doğruldur. Çünki müştəriləri çox olur. Bu müştərilər təkcə xarici ölkələrdən gələn turistlər olmur. Daxili turistlər də belə mehmanxanalara üstünlük verirlər”.
Ulduzsuz hotellər
də var
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində aşağı kateqoriyalı - 1 və 2 ulduzlu hotellər kifayət qədərdir. Çünki aşağı ulduz kateqoriyalı hotel dedikdə, heç də xidmət səviyyəsi və şəraitin aşağı olması nəzərdə tutulmur. Söhbət sadəcə bu tip hotellərdə qonaqlara təklif olunan xidmətlərin daha məhdud sayda olmasından gedir.
Turizmdən böyük gəlir götürən ölkələrdə 1 və 2 ulduzlu hotellər sayına görə heç də 3, 4 və 5 ulduzlulardan geri qalmır. Bu hotelləri tikərkən onun yaxınlığında avtobus marşrutlarının keçməsinə, supermarketlərin, teatr, konsert binalarının, metro stansiyalarının, mağaza, kafe və restoranların olmasına böyük əhəmiyyət verilir. Britaniyanın paytaxtı Londonda 34 birulduzlu, 200-dək ikiulduzlu mehmanxana fəaliyyət göstərir. Bu hotellər əsasən şəhərin mərkəzində yerləşir. Hollandiyanın paytaxtı Amsterdamda 1 ulduzlu hotellərin sayı 50-dir. Xidmətlərə gəlincə, bu hotellərdə nömrələrdə yalnız yataq dəsti və vanna otağından istifadə təklif olunur.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, hətta ulduzsuz hotellər də var: «Hotellərin müxtəlif tipləri olur, məsələn, motellər, kempinqlər və s. Ümumiyyətlə, turizmin inkişaf etdiyi ölkələrdə bütün kateqoriyalı insanların tələbatını ödəyə biləcək hər cür hotel tipləri olmalıdır. İnsanlar müxtəlif səviyyədə yaşadıqlarına və müxtəlif imkanlı olduqlarına görə təbii ki, hotel tipləri də müxtəlif olmalıdır. Xarici ölkələrdə bu təcrübədən geniş yararlanırlar. Hətta elə hotel tipli müəssisələr var ki, heç ulduz dərəcəsi də yoxdur. Amma qiymətləri ucuz olduğuna görə belə yerlərdə qalanlar çoxdur. Belə şərait onları qane edir».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2013.- 30 yanvar.- S. 10.