II
Respublika dekorativ-tətbiqi sənət festivalına yekun
vuruldu
Yanvarın 25-də Muzey Mərkəzində II Respublika
dekorativ-tətbiqi sənət festivalının yekun sərgisi
açıldı. Mərasimdə çıxış edən
mədəniyyət və turizm nazirinin müavini Ədalət
Vəliyev ötən ilin Azərbaycanın mədəni həyatında
bir sıra əlamətdar hadisələrlə yadda
qaldığını, beynəlxalq festivallar, sərgilər,
ölkəmizin mədəni irsinin dünyada təbliği
istiqamətində uğurlu layihələrin həyata
keçirildiyini dedi. Qeyd olundu ki, II Respublika dekorativ-tətbiqi
sənət festivalı da 2012-ci ilin yaddaqalan mədəniyyət
hadisələrindən biridir.
Nazir müavini dekorativ-tətbiqi sənət
festivalının bölgələrdə maraqla
qarşılandığını, zona sərgilərində
yüzlərlə baxımlı əl işinin nümayiş
olunduğunu bildirdi: “Xalqımızın çoxəsrlik sənət
və mədəniyyət nümunələrinə, sənət
növlərinə gənc nəsil xüsusi maraqla
yanaşır. Qürur hissi ilə qeyd etmək istəyirəm
ki, budəfəki sərgidə son dərəcədə
yüksək səviyyəli əl işləri yer alıb.
Biz qədim sənət növlərini, zəngin mədəni
dəyərləri yaşadan insanlara dəstək olmağa
hazırıq. Mədəniyyət və Turizm Nazirliyi bundan
sonra da belə sərgilərin təşkilinə,
dünyanın müxtəlif ölkələrində xalq tətbiqi
sənət nümunələrimizin nümayişinə
yardımçı olmağa çalışacaq”.
Ədalət Vəliyev
çıxışında onu da vurğuladı ki,
2013-cü ildə Azərbaycan mədəniyyətinin istər
ölkə daxilində, istərsə də xaricdə təbliğ
olunması istiqamətində beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirilməsi
planlaşdırılır: “Heydər Əliyev Fondunun təşəbbüsü
ilə keçiriləcək beynəlxalq muğam
festivalına Azərbaycan bu il də ev sahibliyi edəcək.
Bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının
90 illiyi ilə bağlı çoxsaylı mədəni tədbirlərin
iştirakçısı olacağıq. Bununla yanaşı,
Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər
planına əsasən, ölkəmizdə və xaricdə
çoxsaylı tədbirlər təşkil ediləcək.
Teatr kollektivləri Azərbaycana dəvət olunacaq, yeni sərgilər
açılacaq”.
Sonra mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev və nazirliyin
Mədəniyyət siyasəti şöbəsinin müdiri
Fikrət Babayev dekorativ-tətbiqi sənət festivalı
iştirakçılarının bir qrupuna nazirliyin fəxri fərmanlarını
təqdim etdilər.
* * *
Açılışı bildirən
rəmzi lentin kəsilməsindən sonra sərgiyə
baxış keçirildi. Məlumat verildi ki, festivala
hazırlıq işlərinə 2012-ci ilin fevral ayında
başlanılıb. Gəncə şəhərində 14, Lənkəranda
12, Şəkidə 12, Xaçmazda 8 rayonun xalq sənətkarlarının
iştirakı ilə regional sərgilər təşkil
olunub. Bundan əlavə, Bakı şəhəri üzrə
xalq tətbiqi sənət ustalarının əsərlərindən
ibarət sərgi keçirilib. Festival zəngin ənənələrə
malik Azərbaycan dekorativ-tətbiqi sənətinin müasir
dövrdə inkişafı, respublikada gedən bədii
yaradıcılıq proseslərinin ictimaiyyətə təqdim
olunması, istedadlı gənclərin, yüksək sənət
meyarlarına cavab verən dekorativ-tətbiqi sənət əsərlərinin
aşkarlanması məqsədilə təşkil edilib.
Regional sərgilərdə 50-dək şəhər və
rayondan xalq sənətkarları, dekorativ-tətbiqi sənət
ustaları iştirak edib.
* * *
Azərbaycan Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru
Röya Tağıyeva deyir ki, festival bölgələrdə
çalışan sənətkarlarla əlaqələrin
qurulmasına, qarşıya çıxan problemlərin həllinə
imkan yaradır: “Biz festivalla bağlı il ərzində
bölgələrdə olduq, sənətkarların yeni əl
işlərini, maraqlı xalça nümunələri
gördük. Sevindirici haldır ki, bütün bölgələr
öz xalça ənənələrini yaşadıblar və
onları böyük fəxrlə təqdim edirlər. Biz bu ənənələri
qoruyub saxlamalıyıq. Mədəniyyət və Turizm
Nazirliyinə minnətdarlığımı bildirirəm ki,
belə bir festival təşkil edib. Sənətkarların əl
işlərindən ibarət sərgilərin keçirilməsi
onların yaradıcılığına da stimul verir”.
Sərgi
iştirakçılarından bir neçəsinin ürək
sözlərini də dinlədik. Bədirə Əliyeva
muncuqlarla gözəl əl işləri yaradır. Artıq
bir neçə dəfə dekorativ xalq tətbiqi sənəti
sərgisində iştirak edib: “Festivala təqdim etdiyim
xalça muncuğun muncuğa tikilməsi ilə ərsəyə
gəlib. Bu, çox çətin bir prosesdir, xalça 14 aya
başa gəlib. Festivalda fəxri fərmana layiq
görüldüm. Qədim sənət ənənələrini
qoruyub yaşatmaq isə bizim ən böyük mükafatımızdır.
Bütün sənətkarları bu işdə fəal
olmağa çağırıram. Şəxsi kolleksiyalarda əl
işlərim saxlanılır. Mədəniyyət və
Turizm Nazirliyinin təşkil etdiyi sərgilərdə fəal
iştirak etməyə çalışıram”.
Milli üslubda son dərəcə
zərif əl işlərinin müəllifi olan Lalə
Mustafayeva isə ixtisasca fortepiano müəlliməsidir. Deyir
ki, ixtisasından, seçdiyi peşədən asılı
olmayaraq qədim sənət növlərini bilən hər kəs
yeni əl işləri hazırlamalı, bu sənəti
başqalarına da öyrətməli, təbliğ etməlidir:
“Hazırladığım bütün əl işlərində
milli üslublardan istifadə edirəm. İşlərə
tamaşaçıların maraq göstərməsi bizi
çox sevindirir. Rəssamlar İttifaqının
üzvüyəm. Bu işlə həvəskar şəkildə
məşğul oluram. Burada sərgilənən hər bir
iş öz-özlüyündə milli dəyərlərimizi
yaşadır. Tədbirin təşkilatçılarına
minnətdarlığımı bildirirəm”.
Fəxri diploma layiq görülən
Elmira Qasımova isə ixtisasca mühəndisdir. Maraqlı
tikmə və toxuma işləri var: “Bu işə hobbi kimi
yanaşıram. Əl işlərimdə milli dəyərlərin
əks olunmasına xüsusi önəm verirəm. Mədəniyyət
və Turizm Nazirliyinin bu layihəsi xalq sənəti növlərinin
daha geniş şəkildə təbliğinə imkan verir. Azərbaycanlı
sənətkarların əl işlərinə xarici ölkələrdə
də böyük maraq göstərirlər. İstərdim
ki, xarici ölkələrdə həmvətənlərimiz bu
işləri, xalq sənətimizi geniş təbliğ etsinlər”.
Ceyhun
Zərbəliyev
Mədəniyyət.-
2013.- 30 yanvar.- S. 9.