Yaşa, yarat, Şəfiqə xanım!

 

 

  

   Xalqımızın həm bəstəkarlıq, həm də ifaçılıq tarixində nəhəng simalar sırasında daim xatırlanan, öz bənzərsiz sənətində ən yüksək zirvələr fəth edən iki xanımın adı qəlbimdə xüsusi məhəbbətlə özünə yuva qurub. Bu, Şəfiqə xanım Axundova və Şövkət xanım Ələkbərovadır. Onları sevməklə, təbliğ etməklə sanki özün də ucalırsan, saflaşırsan.

  

   Elimizin nəğməkar qızı, dəyərli sənətkarımız, istedadlı bəstəkar Şəfiqə xanım Axundova xalqımızın musiqi xəzinəsinə, mədəniyyətinə ölçüyəgəlməz töhfələr verərək, onu öz yaradıcılığı ilə daha da zənginləşdirmişdir. Sənət dostları, pərəstişkarları, görkəmli mədəniyyət və incəsənət xadimləri onun çoxşaxəli fəaliyyətini, yəqin ki, professionallıqla dəyərləndirib öz sözlərini deyəcəklər.

   Mən isə onun sənətinin, sevincimə, kədərimə şərik olan çoxsaylı mahnılarının vurğunu kimi onun daha çox bir insan, şəxsiyyət kimi fərdi xüsusiyyətlərindən, keyfiyyətlərindən danışmaq istərdim. Bu məziyyətlər onun sənətinə, yaratdığı əsərlərə, şübhəsiz ki, öz müsbət təsirini göstərmişdir.

   Xalq musiqisinin ruhuna hopmuş sədalarından bəhrələnən böyük bəstəkarımız, musiqi mədəniyyətimizin ən parlaq ulduzlarından olan Şəfiqə Axundova hər bir azərbaycanlının ruhunu oxşayan müxtəlif janrlı mahnıları xalqımıza yeni ahənglə qaytarmış, bu musiqi nümunələri ilə vətəninə xidmət etmişdir. Bu mahnılar nə qədər rəngarəng, çeşidli olsa da, onların hamısı bəstəkarın vətənə, torpağa, elimizə sədaqətinə, ülvi məhəbbətinə köklənmişdir.

   Amma dünyaya göz açdığı, boya-başa çatdığı, ana nəfəsi, ata qayğısı ilə isindiyi doğma Şəkiyə xüsusilə incə tellərlə, dərin məhəbbətlə bağlıdır. Düşünürəm ki, dağlar qoynunda yerləşən Şəkinin saf, füsunkar təbiəti, səfalı havası, büllur bulaqları onun fitri istedadının daha da cilalanmasında mühüm amillərdən olub.

   Şəfiqə xanımın hər bir əsəri ilk notlarından sona kimi Azərbaycan musiqisi kimi tanınır, özünün incə koloriti ilə fərqlənir. Onun yaradıcılığında janrlar palitrası çox zəngin və rəngarəngdir: mahnı, romans, musiqi pyesləri, dram əsərlərinə, radio tamaşalarına yazılmış musiqi, nəhayət, operetta və operayadək. Hər bir əsərinin təsir gücü bir amillə də bağlıdır: o, sözlə səsin ahənginə, vəhdətinə nail olmuşdur. Mahnıların sözlərini də çox incəliklə, böyük zövqlə seçir, hər bir mahnıda söz səsi tamamlayır, səs sözü.

   Şəfiqə xanımın mahnıları tanınmış ədiblərimizin - Cəfər Cabbarlı, Səməd Vurğun, Nəbi Xəzri, Zeynal Cabbarzadə, Nüsrət Kəsəmənli, Zivər Ağayevanın və başqalarının sözlərinə yazılıb. Xalq şairimiz, poeziya aləminin korifeylərindən olan Bəxtiyar Vahabzadə ilə onun, mən deyərdim, yaradıcılıq dueti uzun illər boyu həm də səmimi dostluq, sədaqət üzərində qurulmuşdu. Odur ki, o, Bəxtiyar itkisini böyük ürək ağrısı ilə qəbul etdi. Həmişə deyir ki, Bəxtiyar həyatda və sənətdə mənə böyük dayaq olub.

   Onun sənətkar kimi şöhrəti ölkəmizin hüdudlarından çox-çox uzaqlarda əks-səda tapmışdır. Opera janrında yazdığı yeganə əsəri - “Gəlin qayası” operası Şəfiqə xanıma həm xalqımızın rəğbətini, həm də bütövlükdə Şərqdə ilk opera yazan qadın bəstəkar kimi şöhrət qazandırmış, adı tarixə düşmüşdür. Bəstəkarın bir sıra mahnıları elə bil insana, insanlığa bir himn kimi səslənir.

   Şəfiqə Axundova qədirbilən xanımdır. O, həyat yolunda ona dəstək olmuş hər bir şəxsin zəhmətini yüksək dəyərləndirir. Konservatoriyada oxuyarkən ona dərs demiş dahi bəstəkarımız Üzeyir Hacıbəylini xüsusi minnətdarlıqla daim qəlbində yaşadır.

   Onun zaman-zaman bəstələdiyi gözəl, düşündürücü mahnıları kimlər ifa etməyib? Azərbaycanın ünlü ifaçıları, sevimli sənətkarlarımız Şövkət Ələkbərova, Rübabə Muradova, Zeynəb Xanlarova, İslam Rzayev, Canəli Əkbərov, Elmira Rəhimova, Anatollu Qəniyev, Nəzakət Məmmədova, Məmmədbağır Bağırzadə və başqalarının repertuarında bu mahnılar geniş yer alıb. Şahnaz və Aybəniz Haşımovalar, GülyazGülyanaq Məmmədovalar, Almaz Orucova, Sahib İbrahimovbaşqa istedadlı müğənnilərimiz Şəfiqə xanımın bəstələrini bu gün də sevə-sevə ifa edirlər. Onun mahnılarını eyni zamanda ölkəmizdən xaricdə tanınmış sənətkarlar - Yaqub Zurufçu, İbrahim Tatlısəs və başqaları şövqlə ifa etmişlər.

   Yeri gəlmişkən, bəstəkarın özünün də gözəl, məlahətli səsi var, indiöz mahnılarını ovqatının yaxşı vaxtında zümzümə etməyi xoşlayır.

   Gənc bəstəkarların və müğənnilərin yetişdirilməsində, püxtələşməsində də onun böyük xidmətləri vardır. Şəfiqə xanım haqqında söz açanda oğlu Talehyad edilməlidir. Axı, onlar təkcə ana-bala deyil, həm də sənətdə uğurlu bir duet kimi tanınırdı. Taleh anasının mahnılarını nota köçürürdü, onun əsərlərinin pianoda müşayiətçisi, həzin səsi ilə ilk ifaçısı idi. Lakin yeganə balası ona həm böyük sevinc, həm də dünyasını vaxtsız dəyişməklə böyük kədər gətirdi. Şəfiqə xanımın dözümlülüyü, tükənməz yaradıcılıq enerjisi bu dərdə də üstün gəldi. O yenə də yazır, yaradır, öz pərəstişkarlarını sevindirir.

   İnsan nəinki ömrü boyu, hətta yaşadığı bir gün ərzində müxtəlif hisslərə, duyğulara qapanır. Və hər bir belə an üçün, öz əhval-ruhiyyəsinə uyğun Şəfiqə xanımın mahnısını seçə bilər ki, onun zövqünü oxşasın. Bu mahnılar gah şən, sevinc dolu, gah da qəm-qüssəli, kədərli olur. Bu da bəstəkarın həyatından, insanlara qəlbən bağlılığından və incə duyğularından irəli gəlir.

   “Şəfiqə” sözünün mənası müqəddəs Qurani-Kərimin Mücir duasındakı “şəfiq” sözündən götürülmüşdür və məxluqata, insanlara çox-çox mehriban olan şəxs anlamındadır. Görünür, valideynləri öz körpə qızlarına ad verərkən onun gələcəkdə belə yüksək keyfiyyətlərə malik olmasını arzulamışdılar. Şəfiqə xanım isə nəcib əməlləri ilə bu arzunu doğrultmuş, gerçəyə çevirmişdir.

   Ömrünün bəzi hallarına nəzər salanda istər-istəməz düşünürəm ki, həyat ona qarşı bəzən çox qəddar olub. Belə halları yada salanda o, özüsanki təəccüblənir: “Görəsən, haradan alırdım o qüvvəni?” Şübhəsiz ki, yaşamaqyaratmaq həvəsindən.

   Eyni zamanda onun xasiyyətində, insani keyfiyyətlərində də gözəçarpan ziddiyyətlər var. O, həm incə, zərif, kövrək qəlbli, həm də cəsarətli, dözümlü, çətinliklərə sinə gərməyi bacaran, mübariz bir xanımdır. Lakin hər zaman nikbin, sabahı ümidlə qarşılayan, gələcəyə inamla baxandır, Şəfiqə xanım. Həmişə öz sənəti ilə, yazıb-yaratmaqla təsəlli tapır. Bəlkə məhz bu xüsusiyyətlər onun yazdığı, araya-ərsəyə gətirdiyi mahnılarda da öz əksini tapır. Təsəvvür edin, bu mahnıların sayı 600-ü ötsə də, heç biri digərinə bənzəmir, təkrarlanmır, lakin hər biri Şəfiqə Axundova sənətinə mənsub olduğunu təsdiqləyir.

   Şəfiqə xanım təkcə musiqi aləminə qapanmamış, həm də uzun illər boyu ictimai fəaliyyət göstərmişdir. Qadın təşkilatlarının fəallarından olmuş, xalqının taleyinin heç bir günündən yan keçməmiş, laqeyd olmamışdır. Xalqımıza qarşı nankor qonşularımızın təcavüzü onun da ürəyində dərin iz qoymuşdur. O, ata-baba yurdundan didərgin düşmüş, ölkə boyu səpələnmiş çadır şəhərciklərində özünə sığınacaq tapmış soydaşlarımızla dəfələrlə görüşmüş, onların ağrılı-acılı həyatına xoş ovqat bağışlamış, bu nisgilli insanların məhəbbətini qazanmışdır. Onun istedadlı övladı Talehlə birgə döyüş bölgələrində, hərbi hissələrdə, çadır düşərgələrində, yaralıların müalicə aldığı hospitallarda konsertlər verdiyinin dəfələrlə şahidi olmuşam.

   Şəfiqə xanımın xidmətləri həm dövlətimiz, həm də xalqımız tərəfindən yüksək dəyərləndirilmişdir. O, sözün əsl mənasında, Azərbaycanın Xalq artistidir. “Şöhrət” ordeni ilə təltif olunub, Prezidentin fərdi təqaüdünə layiq görülüb. Ömrünün 90-cı ilini yaşayan bəstəkarın ürəyi yeni arzularla aşıb-daşır, arzularından doğan yeni arzularla.

   Maraqlıdır ki, onun ifa olunmuş, zövqləri oxşayan, hələ ki, sonuncu mahnısı belə adlanır: “Həyat, səndən kim doydu, getdi?” Böyük sənətkarımız Bəxtiyar Vahabzadənin tapıntısı olan bu ifadə Şəfiqə xanımın özününçox xoşuna gəlir. Deməli, hələ də onun yeni mahnılarını eşitməyə ümid bəsləyə bilərik.

   Şəfiqə xanıma deyəsi sözlərimiz çoxdur. Saxlayaq onları bəstəkarın 90 illik yubiley tədbirlərinə. İnanıram ki, belə mərasimlərdə iştirak etmək bizə nəsib olacaq. Nə gözəl olardı ki, o günlərədək bu xanım haqqında yeni yazılar, müsahibələr, kitablar yazılaydı, onun bütün mahnılarının albomu, xatirələri çap olunaydı. Bunlar bizim hamımız, xüsusən gələcək nəsillər üçün böyük hədiyyə olardı.

 

   Elmira Süleymanova,

   Azərbaycan Respublikasının

   İnsan Hüquqları üzrə Müvəkkili

   (Ombudsman)

Mədəniyyət.- 2013.- 30 yanvar.- S. 7.