Unudulmaz sənətkara həsr olunmuş
kitab
Yanvarın 25-də Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 105 illiyi münasibətilə Musiqi Mədəniyyəti Dövlət Muzeyində Əhsən Rəhmanlının “Səhnəmizin Məcnunu Baba Mahmudoğlu” kitabının təqdimatı keçirildi.
Tədbiri muzeyin direktor müavini Təranə Qurbanova açaraq Baba Mahmudoğlu sənətinin işığına toplaşanları salamladı, tədbiri aparmağı şair-publisist Əlirza Xələfliyə həvalə etdi. Təqdimatda ilk çıxış edən tanınmış yazıçı Nahid Hacızadə milli operamızın unudulmaz solisti, Xalq artisti Baba Mahmudoğlu haqqında xatirələrini bölüşdü. Bildirdi ki, Baba Mahmudoğlu əsl xalq adamı, qəlbən və ruhən zəngin, fəlsəfi biliklər sahibi olan bir sənətkar idi. O, təqdim olunan kitabdan söz açaraq milli ifaçılıq tariximizdə öz yeri olan unudulmaz sənətkarın ayrı-ayrı xarakterik xüsusiyyətlərini, daxili aləmini, milli musiqimizə, muğama hədsiz məhəbbətini, Vətən sevgisini, el yanğısını üzə çıxaran faktlarla zəngin nəşrin oxucular tərəfindən maraqla qarşılanacağını dedi.
Sənətkarın ömür-gün yoldaşının dəstəyi ilə “Araz” nəşriyyatında işıq üzü görən 560 səhifəlik nəfis tərtibatlı kitabda xanəndənin ömür yolu, vaxtilə bir çox mətbu orqanlarda dərc olunmuş müsahibələri və Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində yaratdığı maraqlı obrazlarından fotolar dərc edilib.
Tədbirdə Xalq artisti Canəli Əkbərov çıxış edərək bildirdi ki, Baba Mahmudoğlu söz sərrafı, sənət fədaisi idi. Onun özünəməxsus ifa üslubu muğam və mahnıları tamaşaçıya sevdirirdi: “Çox iradəli sənətkar idi və eyni zamanda fərqli düşüncəyə malik idi. O, iradəsi sayəsində sənətdə öz sözünü deyə bildi”.
Sənətkarın yaxın dostlarının çıxışlarından sonra lent yazıları dinlənildi. Tədbir Musiqi Mədəniyyəti Dövlət Muzeyinin qədim musiqi alətləri ansamblının və sənətkarın nəvəsi Fəridə Zeynallının fortepianoda çıxışı ilə sona yetdi.
Lalə Azəri
Mədəniyyət.-
2013.-30 yanvar.- S. 6.