“Azərbaycan muğamlarında və Şərqin ənənəvi janrlarında musiqi alətlərinin rolu

 

   Beynəlxalq muğam simpoziumu ərəfəsində elmi-praktik konfrans keçirilib

  

   Mart ayında Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının “Maqam” Tədqiqat Qrupunun birgə təşkilatçılığı ilə Bakıda “Muğam aləmi” III Beynəlxalq muğam festivalı keçiriləcək.

  

   Martın 11-dən 19-dək davam edəcək festival çərçivəsində ənənəvi olaraq beynəlxalq muğam simpoziumu da təşkil ediləcək.

   Yanvarın 29-da Azərbaycan Bəstəkarlar İttifaqında beynəlxalq simpozima hazırlıqla bağlı “Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu” adlı konfrans işə başladı. Tədbiri ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq iki ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunubu tədbirin milli musiqi irsimizin təbliğindəki mühüm rolunu diqqətə çatdırdı. Qeyd olundu ki, festival günlərində muğam ifaçılarının müsabiqəsi, Azərbaycan və dünya alimlərinin iştirakı ilə beynəlxalq muğam simpoziumu, yerlixarici ölkələri təmsil edən ifaçıların iştirakı ilə konsertlər təşkil olunur.

   Festival çərçivəsində təşkil ediləcək Beynəlxalq muğam simpoziumunun mövzusu artıq məlumdur. Tədbirdə musiqi alətləri haqqında elmi məruzələr dinləniləcək. Bəstəkarlar İttifaqında təşkil olunan ikigünlük konfrans beynəlxalq simpoziumda Azərbaycanı təmsil edəcək alimlərin müəyyən olunması məqsədini daşıyır. Qeyd edək ki, ölkəmizin 25 alimi simpoziumda iştirak etmək niyyətindədir və fevralın 21-də keçiriləcək son dinləmələrdən sonra bu mötəbər tədbirdə ölkəmizi təmsil edəcək alimlərin adları məlum olacaq.

   Konfransın ilk günündə “Azərbaycan ifaçılığında tarzənlərin mizrab işlətmə üsulları”, “Azərbaycan muğam ifaçılığı sənətində qanun aləti”, “Kamançanın muğam ifaçılığında köklənmə xüsusiyyətləri”, “Tarzən Mənsur Mansurovun ifaçılıq sənəti”, “Qaval-dəf musiqi alətinin Azərbaycan xalq musiqisində rolu” və digər mövzularda məruzələr dinlənildi və mövzular əyani olaraq musiqi alətləri vasitəsilə izah edildi. Konfrans bu gün başa çatacaq.

  

 

   Lalə Azəri

 

  Mədəniyyət.- 2013.- 30 yanvar.- S. 3.