Bəşər
sivilizasiyasının qədim beşiyi
Prezident İlham
Əliyev “Naxçıvanqala” Tarix-Memarlıq Muzey
Kompleksi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 7-də Naxçıvan Muxtar Respublikasına səfər edib. Dövlət başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının, Gənclər Mərkəzinin, bir sıra infrastruktur obyektlərinin açılışında iştirak edib.
Prezident İlham Əliyev yeni yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olub.
Azərbaycanda tarixi, mədəni, dini abidələrin qorunması işinə yüksək diqqət göstərilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması bu istiqamətdə atılan addımlardan biridir.
Naxçıvan Muxtar Respublikasının ərazisində zəngin mədəniyyət və memarlıq nümunələri var. XVII əsrin ortalarınadək müdafiə istehkamı kimi mövcud olmuş Naxçıvanqala müharibələr nəticəsində dağıdılıb və əvvəlki möhtəşəmliyini itirmişdi. 2010-cu ildə Naxçıvanqalanın bərpasına başlanılıb, tarixi ərazidə yenidənqurma işləri aparılıb. Ötən il burada “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması barədə qərar qəbul edilib.
Kompleksin muzeyi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, burada nümayiş olunan ən qədim nümunələr eramızdan əvvəl V-III minilliyə aiddir. Məişət əşyaları, keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyim hissələri muzeyin qiymətli eksponatlarındandır. Muzeyin, ümumilikdə kompleksin yaradılması bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvan diyarının əsrlər boyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi olduğunu və tarixi abidələrlə zənginliyini sübut edir. Naxçıvan Muxtar Respublikasının ərazisindəki abidələrin 600-ə yaxını dünya və ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsidir. Tarixi araşdırmalar göstərir ki, bu memarlıq abidələri arasında özünəməxsus yeri olan Naxçıvanqala yalnız müdafiə məqsədi daşımayıb. Bu qala, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. Naxçıvan şəhərinin 1827-ci ilə aid planında Naxçıvanqalanın sxematik təsviri də verilmişdir. Plana əsasən, qala iki hissədən - kiçik qala, yəni Narınqala və Böyük qaladan ibarət olmuşdur.
Qalanın xüsusiyyətlərindən biri də onun altından kəhrizlərin keçməsidir. Bu fakt həm dinc, həm də mühasirə və müharibə dövrlərində qala sakinlərinin su ilə təminatına və ərzaq məhsullarının saxlanmasına şərait yaratmışdır.
* * *
Prezident İlham Əliyev aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edib. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən mərasimdə dövlət başçısı nitq söyləyib, muxtar respublikanın 90 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Sonra muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov çıxış edib.
Prezident İlham Əliyevin 2014-cü il 5 aprel tarixli sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə görə muxtar respublikanın bir qrup ziyalısı “Tərəqqi” medalına və fəxri adlara layiq görülüb. Dövlət başçısı həmin mükafatları sahiblərinə təqdim edib.
Yubiley mərasiminin rəsmi hissəsindən sonra Naxçıvan Muxtar Respublikasının incəsənət ustalarının ifasında konsert proqramı nümayiş olunub.
Konsertdən sonra
Naxçıvan Muxtar Respublikasının
90 illik yubileyi
münasibətilə ziyafət verilib. Prezident İlham Əliyev yubiley mərasimində iştirak
etmək üçün Naxçıvan
şəhərinə gələn diplomatik
korpusun nümayəndələri ilə
söhbət edib. Xatirə şəkli
çəkdirilib.
Mədəniyyət.- 2014.- 9 aprel.-
S. 2.