Bir Ustadın manifesti

 

Qol qoyduğu hər sahədə bir cah-cəlal - Mir Cəlal...

 

O, pedaqoqluqda da, ədiblikdə, ədəblikdə, alimlikdə, adamlıqda da Bənzərsizlik anlayışının bənzəri idi. Onun tələbələrə yanaşma, elm-tədris, qələm-irfan həmkarlarıyla anışıb-qonuşma “janr”larından da bir obrazlılıq süzülürdü. Hər an, hər situasiyada milli ideo-psixoloji, humanitar-sosioloji fəaliyyətdə olan mehri qaş-gözünün, sehri sir-sifətinin, apaydın alnının cizgi-sətirlərində də obrazlar canlanırdı...

Onun dövründə ali məktəblərimizdən bircəsi “universitet” adlanırdı. Həmin Azərbaycan Dövlət Universitetinin isə ayrıca dövrləri var idi: “Əli Sultanlı”, “Mir Cəlal”, “Əli Fəhmi”, “Abbas Zamanov”, “Bəxtiyar Vahabzadə”... çağları.

 

Mir Cəlal dövrü...

 

Hər yeni kurs tələbələri onun özündən öncə sözü-söhbətilə tanış olardı. Müəllimləri “qorxulu”-“qorxusuz” təqsimatına bölən yuxarı kurs tələbələri Mir Cəlal müəllimdən danışanda bütün gör-görkəmlərilə “əla” qiymət əhvalına düşərdilər. Xatirələr söylərdilər: “...Dərslərin birində dedim, Mir Cəlal müəllim, niyə yalnız “atalar sözü”, bəs analar heç nə deməyib? İnanırsızmı, bu pirsifət kişi öz pilə gülüşü, ipək təbəssümüylə məni söyləyəcəyi mürəkkəb məntiqə hazırlayandan sonra “həmin atalar o anaların sözü deyilmi, oğul?..” - dedi”. “...Bir kərə bizim kursdakı “Tutuquşu Qasım” İçərişəhərdə Müəllimlə rastlaşır, çox dağ-arandan sonra qayıdır ki, Mir Cəlal müəllim, mən Sizin bütün əsərlərinizi beş dəfə oxumuşam. Yenə həmin təbəssüm, həmin gülüşlü müəllim belə bir dodaqaltı edir: “Həə, Mir Cəlalı beş dəfə?.. Bəs Mirzə Cəlili? Susursan... Deməli, “heş” dəfə... Neyləyəsən, oğul, universitet müəllimini beş dəfə oxuyan tələbə millət müəllimini “heş” dəfə oxuya bilər, dəə...”

Bizim (təzə kurs tələbələrinin) ona sevgimiz bu kimi söhbətlərdən - “qiyabilik”lərdən başladı. Üçüncü kursda isə hər şey əyaniləşdi. Yuxarı kursçuların “hesab edin ki, siz yalnız Azərbaycan Dövlət Universitetinə deyil, həm də canlı Mir Cəlal universitetinə daxil olmusuzkimi “ədəbaz” məntiqlərini yavaş-yavaş anlamağa başladıq. Onun gənc müəllimlərə niyə o qədər atalıq qayğısı göstərməsinin mahiyyətinə endik. Əsərlərində mövcud siyasi-ictimai quruluş haqda yaza bilmədiyi “ üz”ləri niyə “çöl üz”lərdə (dəhlizlərdə, pilləkənlərdə, bəzən auditoriyalarda) söyləməsinin fərqinə vardıq. Bu söyləmələrin biri də, o vaxtlar özünə minik maşını alan sovet müəllimlərinin “antipod” adıyla damğalanma təhlükəsi idi ki, bu yupyumşaq kafedra müdiri işə gecikən gənc müəllimlərin üstünə bir kərə də belə “təpinibmiş”: “Əşi, tramvay-trolleybuslarda boş-boş vaxt itirincə, gedin özünüzə maşın alın, də!”

O dövr... Adikatib” ifadəsi “kitab” sözündən irəli tutulan o dövrdə Mir Cəlal kimilərinin söz-söhbətləri, mir-münasibət, yumor-aura aləmləri ictimai-xəlqi bir mayak timsalında idi. Qapalı evlərdən belə yoxalmaqda olan ağır-ağsaqqallıq keyfiyyətləri ayrı-ayrı elələrinin şəxsində toparlanıb təmərküzləşir, ümummilli şifahi-səyyari institut rolu oynayırdı. Uzaq-ucqar ünvanlarımızdan sırf sovet şagirdləri kimi gəlib ali məktəblərə düşə bilənlər elələrinin simasında özgə aləmlərə, bəzən milli eşqə də düşürdülər. Təhsil aldıqları institutlardaSov.İKP”, “eşq olsun!” dərslərindən bezənlərin, ADU-nun filologiya, jurnalistika fakültələri tələbələrilə ötəri təmaslardan “nəsə” sezənlərin bir çoxu bizim auditoriyalara gələr, onların mühazirələrinə, həyat, milli mədəniyyət, böyük sənətlə bağrı-badaş söhbətlərini doymazlıqla dinlərdilər. Mir Cəlal müəllimin bu sayaq dərslərindən birini, şərti olaraqnatürmort dərsi” kimi yazmışdıq yaddaşımıza. Bu “dərs”in səbəbkarı “yerimizi dar eləyən” həmin o “gəlmə” tələbələrdən biri idi. Yazı lövhəsinin yuxarısındakı gözəl alma-armud, gilas-gilənar təsvirli şəklə baxıb: Mir Cəlal müəllim, şəkilçəkənləri cansız təbiətin yamsılayıcıları adlandırmaq olarmı?” deyən o naməlum tələbə bu məlum və məşhur Müəllimdə o anadək təsadüf etmədiyimiz qəribə bir reaksiyaya səbəb oldu. Bu “filosofsayağı” sualın cavabına yığcam bir “giriş”lə başlayan Müəllim sözügedən sənət sahiblərinin - hər xalqın öz dilində “rəssam” (“yamsılayan” yox) adlandırıldığını vurğulayıb, sözünü belə yekunlaşdırdı: “Nəhayət, oğul bala, sənin buböyük sual”ınla bağlı uşaqların praktik cavabını da xatırladım: analarının yalvar-yaxarıyla belə meyvədən imtina edən tərs uşaqlar bəzən bu sayaq unikal şəkillərə baxarkən “ana, ondan mənə!” deyirlər”...

 

Yaradıcılıq dəryasından ləpələr...

 

“Ləpələr” yazıb... duruxdum. Bu bir məsuliyyət! Axı, bu unikal-universal yaradıcılıq dəryasını bir qəzet səhifəsində necə ləpələndirməli? Buna, uzaq başı, damlalar demək olar.

O bizə üzünü görmədiyimiz, çoxusunun söhbət-sözünü elə onun öz dilindən eşitdiyimiz azman klassiklərimizi də xatırladırdı. Birini bədii, o birini elmi əsərlərilə, hansınısa fikir-xəyalımızda yaratdığımız şəxsiyyət səciyyələrilə. Özümüzü onun “Ədəbiyyatşünaslığın əsasları” kitabında tərifini verdiyi “tip”ə bənzətməyə çalışardıq. “İctimai həyat və inkişafın bütün tələblərinə cavab verən...” otipbiz tələbələr qarşısında - bu “tərif”in müəllifinə bənzəmək kimi aşkar istəklərdən tutmuş, onun bəzən ah-qəhərlə danışdığı fədakar sənət-siyasət nəhənglərimizin yolunu davam etdirmək arzu-tələbləri qoyurdu. Hərdən gözümüzə elə “surətxəyal” təsir-təfsirdə görünərdi ki, elə bilərdik, bax-bax, bu an o otuz iki yaşında müdafiə etdiyi namizədlik dissertasiyasını - “Füzulinin poetikası”nı nəzmə çəkir, sonralar yazdığı “Füzuli sənətkarlığı” monoqrafiyasını xəyalında poemalaşdırır! Onun elmi yaradıcılığından söz düşəndə, sözünün sanbalına tam inandığımız adlı-sanlı müəllimlər belə ciddi görkəm alar, “Klassik irs və müasirləri”, “Azərbaycanda ədəbi məktəblər”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” kimi tədqiqatlarını fundamental vəsaitlər kimi dəyərləndirərdilər.

Bu böyük ədibin ədəbi-bədii yaradıcılığı isə serial səhifələr mövzusu! “Dirilən adamda elə dahiyanə səhnələr var ki, ədəbiyyat üzü hələ elə orijinal təxəyyül oxşarı görməmiş! “Kələntərovlar ailəsi”ni dərindən oxuyub-anlayanlar arasında bu hekayəni “mənəvi cərrah bıçağı” adlandıranlar olub.

Formaca da, məzmunca da ədəbiyyat-sənət görklü bu ədibin əsərlərinin sadəcə adları belə onun milli etika və estetikasından xəbər verir: “Boy”, “Şərbət”, “Söyüd kölgəsində”, “Yolumuz hayanadır”, “İnsanlıq fəlsəfəsi”, “Gülbəsləyən qız”, “Kərpickəsən”, “Şəfəqdən qalxanlar”, “Dağlar dilə gəldi”, “Ləyaqət”...

...Və “Bir gəncin manifesti”! Belə nidalanıb-həyəcanlanmağımın səbəbi tək elə bu əsərin bədii-sənətkarlıq siqlətilə yox, həm də müəllifin özününiştirak etdiyi bir xatiratla bağlıdır: bir gün tələbə qızlardan biri təkrarsız bir ədəb-ərkan və incə-mincəliklə əl qaldırıb: “Mir Cəlal müəllim, bilirsinizmi, mən SizinBir gəncin manifesti” romanınızı bütün əsərlərinizdən çox sevirəm! Bilmirəm niyə...” - dedi. Və o boyda Mir Cəlal müəllim də özünü bu tər-təmiz gənc sadəlövhlüyünə “uyğunlaşdırıb”: “Yəqin ona görə ki... qızım, mən o əsəri gənc yaşlarımda - darısqal bir otaqda, başım üstdəki şəritdən qələmim altındakı vərəqlərə damcılar dama-dama yazmışam...” - dedi.

 

...Və adi bir sonluq

 

Ona görə “adiki, bu yarımbaşlıqda bu Bütöv Kişinin rəsmi tərcümeyi-halından bəhs ediləcək. Yəni, böyük adamların harada, nə vaxt doğulmasının, həyatda necə yaşayıb, sənətə necə gəlməsinin böyük məsələlərə nə dərəcədə dəxli var?..

Amma, hər halda, taleyin yazdıqlarına da toxunmaq gərək.

Mir Cəlal Paşayev 1908-ci ildə Güneyimizdə - Ərdəbil yaxınlığındakı Əndəbil kəndində doğulub. Kiçik yaşlarında Gəncəyə köçüblər. On yaşında ikən burada iki olayla üzləşib; biri ümummilli olay - Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o biri isə şəxsi - atasının dünyadəyişimi. Böyük qardaşının himayəsində yaşamalı olan Mir Cəlal xeyriyyə cəmiyyətinin köməyilə ibtidai təhsil alır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olur, öz fəhm və istedadı sayəsində tələbə təşkilatının, sonralar şəhər tələbə həmkarlar təşkilatının sədri seçilir.

İllər keçir, Kazan Şərq Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirir, müəllim işləyir. 1928-ci ildən ədəbi fəaliyyətə başlayır, "Kommunist" qəzetində şöbə müdiri, "Gənc işçi"də məsul katib, Azərbaycan Elmlər Akademiyasında elmi işçi, Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor, 1961-ci ildən ömrünün sonunadək Azərbaycan ədəbiyyatı kafedrasının müdiri...

Neçə-neçə mötəbər səfərlərin hörmət-izzətli iştirakçısı, orden-medallar təltifatçısı, yüksək adlar-mükafatlar laureatı olan böyük ədibimiz 1978-ci il sentyabrın 28-də vəfat etmişdir.

Yazmaqla, öyməklə qurtarmayası bu böyük Azərbaycan ədibi, alimi, ictimai xadimi haqda bu yazının sona yaxınlaşdığını hiss etdikcə fikrimdən “niyə belə az alındı?” duyğusu da keçir. Amma, deyəsən, akkord yaxşı alınır: belə zəngin şəxsiyyətə borclu qalmağın özübir yaşam eşqi!..

 

Tahir Əhmədalılar

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 11.