Sənətkar ömrü

 

İnsanın sənətə gəlişi təsadüfi olmur. İstedad, qabiliyyət onun özü ilə birgə doğulur və nəsildən-nəslə ötürülərək yaşayır. Mühit isə insanı formalaşdırır, istedadın bütün parlaqlığı ilə üzə çıxarmasına şərait yaradır.

Adil Əsədlinin də sənətə gəlişi təsadüfi olmayıb. O, hələ məktəbdə oxuyarkən ayrı-ayrı mövzularda rəsmlər çəkib “Azərbaycan pioneri”, “Azərbaycan gəncləri” qəzetlərinə, “Pioner” və “Göyərçin” jurnallarına göndərirdi. Hər dəfə qəzet və jurnal səhifələrində dərc edilmiş əl işlərini görəndə rəssamlıq sənətinə daha ürəkdən bağlanır.

Bu sənətə aid kitabları mütaliə etməyi də unutmur, öz üzərində çalışırdı. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinə daxil olub. 1980-ci ildə məktəbi fərqlənmə diplomu ilə başa vurduqdan sonra yaratdığı yeni əsərləri mətbuat səhifələrində, rəsm sərgilərində nümayiş olunur. Sevimli sənətinə ürəkdən bağlanan Adil Əsədli 1986-cı ildə N.Tusi adına APİ-nin bədii qrafika fakültəsini başa vurduqdan sonra Lənkərana qayıtmış, burada fəaliyyət göstərən rəssamlıq məktəbinə direktor təyin edilmişdir. 28 ildir ki, bu sənət ocağına rəhbərlik edir. Lənkəran Dövlət Universitetinin dosenti olmuşdur.

Adil müəllim ilk gündən məktəbdə gələcəyin istedadlı rəssamlarını yetişdirmək üçün səy və bacarığını sərf etmişdir. Onun yetirmələri Türkiyədə, Gürcüstanda, Özbəkistanda, Misirdə, Polşada, Çexiyada, Almaniyadabaşqa ölkələrdə medallara layiq görülmüş, Azərbaycanı dünyaya tanıtmışdır. Bir çox yetirmələri respublika və beynəlxalq miqyaslı sərgilərdən fəxri fərmanlarla qayıtmışlar.

Rəssamın Bakıda, oxuduğu institutda, Lənkəran Dövlət Universitetində, eləcə də qonşu rayonlarda fərdi sərgiləri keçirilmişdir. Onun fırçasından yaranan tablolar qonşu İran, Türkiyə, Rusiya, Gürcüstan, Özbəkistan, ABŞ, Britaniya, Fransa, Polşa və digər ölkələrin vətəndaşlarına məxsus şəxsi kolleksiyaları bəzəyir. Sənətkarın 2000-ci ildə “Qrafika əsərləri” adlı kitabı oxuculara təqdim olunmuşdur. “Azərbaycan xalça sənəti”, “Azərbaycan dekorativ tətbiqi sənətində fikir obrazlar”, “XV-XVI əsrlərdə Azərbaycan milli geyimləri”, “Azərbaycan rəssamları XX əsrdə” adlı elmi-publisist məqalələri onun daim yaradıcılıq axtarışında olduğunu göstərir.

Adil Əsədli Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bu gündövri mətbuatda maraqlı rəsm əsərləri ilə çıxış edir. Rəssamlar İttifaqı tərəfindən fəxri fərmanla təltif olunmuşdur. Haqqında televiziyada filmreportajlar nümayiş etdirilmiş, respublika mətbuatında yazılar dərc olunmuşdur. Atasının sənətini sevib, gələcəyin istedadlı rəssamı olmaq istəyi qızı Şəmsi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına apardı. O, təhsilini əla qiymətlərlə başa vurmuş, hazırda magistraturada təhsilini davam etdirir, sərgilərdə fəal iştirak edir.

Gözəl əsərləri ilə çoxsaylı tamaşaçıların rəğbətini qazanan Adil Əsədlinin bu il 60 yaşı tamam olur. Yubiley münasibətilə Adil müəllimi təbrik edir, möhkəm cansağlığı, sənət yolunda yeni uğurlar arzulayırıq.

 

Azad Zülaloğlu,

 

“Qızıl qələm” mükafatı laureatı

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 12.