Mübariz publisistin ömür yolu
Azərbaycan maarifçilik hərəkatının və mətbu fikrinin inkişafında görkəmli publisist və ictimai xadim Ömər Faiq Nemanzadənin mühüm xidmətləri var. O, XX əsrin əvvəllərində «Molla Nəsrəddin», «Açıq söz», «Tərəqqi», «İrşad», «Həyat» kimi jurnal və qəzetlərdə aktual yazılarla çıxış edərək türk-müsəlman aləminin problemlərinə işıq salıb.
Ömər Faiq Nemanzadə 1872-ci ildə Ahıska qəzasının Azqur kəndində mütərəqqi görüşlü bir ailədə dünyaya göz açıb. İlk təhsilini kənddəki mollaxanada alır. 10 yaşında İstanbula gedərək Fateh mədrəsəsində təhsilini davam etdirir. Bir gün Darüş-şəfəq liseyinin yanından keçərkən yaşıdlarının şən gülüşləri diqqətini çəkir. Xeyirxah insanların yardımı ilə o da həmin liseyə qəbul olunur. 1892-ci ildə liseyi əla qiymətlərlə başa vurur. Qalata poçt və teleqraf idarəsində işə düzəlir. Burada dövri mətbuatı izləyir, Avropanın qəzet və jurnallarını oxumaq imkanı əldə edir. Mütərəqqi fikirli tələbələrlə dostlaşır. Amma İstanbulda qala bilmir, yenilikçi ruhlu gənclərə qarşı təqiblər üzündən şəhəri tərk edir.
Rusiyaya qayıdır,
1894-cü ildə Azqura gəlir. Ancaq o, doğma yurdunda da çox qala
bilmir. Özünə
münasib iş tapmaq, güzəranını
yaxşılaşdırmaq məqsədilə Tiflisə
gedir. O zaman burada xeyli ahıskalı
yaşayırdı. Ömər Faiq
soydaşlarının balalarına
Avropa təhsili vermək məqsədilə
məktəb açmaq
istəyir. Ancaq çar
hökumətinin orqanları
buna imkan vermir.
O, maarifçi ideyalarını
həyata keçirmək
məqsədilə Azərbaycana
üz tutur. İlk olaraq əyalət şəhəri olan Şəkidə müəllim
kimi işə düzəlir. Burada dini
xurafatın hökm sürdüyünü görür.
Geriliyin səbəbini dini-xurafatda,
öz əhəmiyyətini
itirmiş bir sıra adət-ənənələrdə
axtarır. Onlara qarşı
müxtəlif vasitələrlə
mübarizə aparır.
Bu zaman görkəmli
mütəfəkkir, dramaturq
Mirzə Fətəli
Axundzadənin əsərləri
onun köməyinə
çatır. Əvvəlcə dramaturqun “Hekayəti-müsyö
Jordan və dərviş
Məstəli şah”
pyesini səhnəyə
qoyur. Özü də tamaşada
Müsyö Jordan rolunu
oynayır. Bu müddətdə qəflətən
xəstələnir. Müalicə olunmaq üçün
1896-cı ildə Gəncəyə
gedir. Hacıkənddə
olarkən istanbullu Məhəmməd Əfəndi
ilə tanış
olur. Bu görüş
onun həyata baxışlarına güclü
təsir edir...
Məktəbdə dini dərslərin tədrisini azaltdığına
görə xurafatçıların
qəzəbinə tuş
gəlir, onu “kafir Ömər” adlandırırlar. Şəkini tərk edərək
1900-cü ildə Bakıya
gəlir. Ancaq burada münasib bir iş tapa
bilmədiyindən Şamaxıya
gedir, xalq məktəbində işə
düzəlir. Tarix, coğrafiya,
hesab və türk dilindən dərs deyir. 1902-ci il yanvarın
31-də Şamaxıda güclü
zəlzələ olur.
O, yaralansa da, dağıntının altından
sağ çıxır.
Tiflisə gedərək görkəmli
publisist, ictimai xadim Məhəmməd ağa Şahtaxtlının
1903-cü ildə nəşr
etdirdiyi “Şərqi-rus”
qəzetində fəaliyyət
başlayır. Burada
böyük yazıçı-dramaturq
Cəlil Məmmədquluzadə
ilə yaxından tanış olur.
1905-ci ildə “Şərqi-rus”
qəzeti fəaliyyətini
dayandırmalı olur. Ö.F.Nemanzadə və C.Məmmədquluzadənin
təşəbbüsü ilə naxçıvanlı
tacir Məşədi
Ələsgər Bağırov
qəzetin mətbəəsini
alır və o, “Qeyrət” mətbəəsi
adı ilə fəaliyyətə başlayırlar.
1906-cı ilin aprelində məşhur “Molla Nəsrəddin” satirik jurnalı burada nəşr olunur. Bununla da Ömər
Faiq mətbuatda Mirzə Cəlilin ən yaxın silahdaşına çevrilir,
demokratik mətbu fikrin inkişafı yolunda böyük səylə çalışırlar.
1906-cı ildə yazdığı “Millətpərəstlik
zamanıdır” məqaləsində
müəllif göstərirdi
ki, türk milləti arasında oyanışa nail olmaq üçün onun aparıcı ziyalıları
vahid cəbhədə
birləşməli, millətə
təmənnasız yardım
etməli, irəli aparmalıdırlar. Bu baxımdan
Qafqaz müsəlmanlarının
etnik kimliyinin və milli dilinin
türk olduğunu bəyan edən Ömər Faiq yazırdı ki, min illərdən bəri təqlid etdiyimiz ərəb və fars imlasından da imtina edib,
türk sözlərimizi
və türk adlarımızı bərpa
etməliyik.
Artıq Ömər Faiq hökumətin nəzərində
üsyankar, inqilabi əhval-ruhiyyəli bir ziyalı kimi tanınır. Jurnalda gedən bəzi
siyasi məzmunlu yazılara görə sorğu-suala tutulur.
1912-ci ildə “İqbal”
qəzetində dərc
olunan bir məqaləsindən sonra
Ömər Faiqin
1915-ci ilədək imzası
mətbuatda görünmür. Birinci Dünya
müharibəsində rus
ordusunun törətdiyi
vəhşiliklər, türk
ordusunun Sarıqamış
faciəsi onu mətbuatda həyəcan təbili çalmağa məcbur edir. Onun təşəbbüsü ilə
savaşda zərər
çəkənlərə Azqur kəndindən yardım toplanır və yaralıların müalicəsi üçün
kiçik bir xəstəxana açılır.
Qarşıdakı təhlükənin törədəcəyi
fəsadları öncədən
görən Ömər
Faiq ciddi ictimai-siyasi fəaliyyətə
başlayır. Xalqı təşkilatlandırmaq üçün çox ciddi səylər göstərir. Bu zaman çar II Nikolayın devrilməsi Qafqazda vəziyyəti ağırlaşdırır. Rus hərbçiləri ermənilərə
silah-sursat verir. Lazım gəldikdə özləri
də onlara qoşularaq müsəlman
kəndlərini dağıdır
və dinc əhalini qəddarcasına
qırırlar.
Ömər Faiq və məsləkdaşları xalqı
qorumaq üçün
təşkilatlanır və
1918-ci il oktyabrın 29-da “Ahıska
hökuməti müvəqqəti”
adlı bir dövlət qururlar. Hökumət rəhbəri isə
Ö.F.Nemanzadə seçilir.
Çox
keçmir bu müvəqqəti hökumət
süqut edir. Nemanzadə həbs edilərək Metex qalasına, Qarsdakı hökumət üzvləri isə Malta adasına sürgün olunur.
Xalqın tələbi və təzyiqi ilə yenidən azadlığa çıxan Ö.F.Nemanzadə
1919-cu ilin yayında Bakıya gəlir. Çox böyük
həvəslə yeni
dövlət quruculuğunda
yaxından iştirak edir. 1920-ci ildə
Gəncə Ziraət
(kənd təsərrüfatı)
Texnikumunun direktoru təyin olunur. 1920-1921-ci illərdə “Zəhmətkeşlərin gözü”
jurnalının redaktoru,
bir müddət sonra “Yeni fikir”
qəzetinin redaksiya heyətinin üzvü seçilir. Sonra Gürcüstanda
müsəlman işləri
üzrə komitənin
sədri təyin edilir.
O,
1923-cü ildə yenidən
Azərbaycana qayıdır.
1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında
işə düzəlir,
dərsliklərin hazırlanmasında
yaxından iştirak edir.
Hər an təqib ediləcəyini
görən istedadlı
jurnalist 1927-ci ildə
təqaüdə çıxsa
da, mübarizəsindən
geri çəkilmir. Sovet xüsusi xidmət orqanları onu bir an
da olsun nəzarətsiz qoymurlar. 1937-ci ilin iyununda
66 yaşında “Sovet
hakimiyyəti əleyhinə
qurulmuş əks inqilabi millətçi təşkilatın sədri”
kimi həbs olunur və güllələnir.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 25
aprel.- S. 13.