Niyazinin mənzil-muzeyində Zülfüqar Hacıbəylinin xatirəsi yad edilib

 

Aprelin 22-də Niyazinin mənzil-muzeyində görkəmli Azərbaycan bəstəkarı Zülfüqar Hacıbəylinin 130 illiyinə həsr olunmuş tədbir keçirilib. Muzeyin direktoru Rza Bayramov tədbiri açaraq bəstəkarın Azərbaycan musiqisi və mədəniyyətinin inkişafına misilsiz töhfələrindən danışıb.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığı barədə məruzə edib. Qeyd olunub ki, milli musiqi teatrımızın görkəmli xadimlərindən olan Z.Hacıbəylinin yaradıcılıq yolu yarım əsrdən çox olan bir dövrü əhatə edir. O, Azərbaycanda musiqi və teatrın inkişafında böyük təşkilatçılıq bacarığı nümayiş etdirib. “Aşıq Qərib” operası, “Əlli yaşında cavan” və “Evli ikən subay” və s. musiqi komediyaları ilə musiqi xəzinəmizə töhfələr verib.

Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyli, Əməkdar artist Elxan Mənsurov, Dövlət Akademik OperaBalet Teatrının solistləri Elnur Zeynalov və Vüsalə Musayeva, habelə R.Hacıyev adına 15 nömrəli musiqi məktəbinin şagirdlərinin ifasında Zülfüqar Hacıbəyli, Soltan Hacıbəyli və Niyazinin əsərləri səslənib. SondaAlmaz” filmindən fraqment nümayiş etdirilib.

 

Mədəniyyət.- 2014.- 25 aprel.- S. 13.