Mədəniyyət dostluğun elçisidir

 

Azərbaycanda Moldova mədəniyyəti günləri keçirilir

 

Aprelin 29-da Azərbaycanda Moldova mədəniyyəti günləri başlandı. Azərbaycan Dövlət Filarmoniyasında keçirilən açılış mərasimində dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Mərasimin moldovalı aparıcısı küləklər şəhəri Bakının baharını görmələrindən və mədəniyyətlərinin, incəsənətlərinin ən müxtəlif janrlarını zövqlü Azərbaycan tamaşaçılarına təqdim etməkdən xüsusi məmnunluq duyduqlarını dedi.

Sonra səhnəyə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Moldovanın mədəniyyət naziri xanım Monika Babuk dəvət olundu.

Qonaqları salamlayan Əbülfəs Qarayev Moldova mədəniyyəti günlərinin ikitərəfli mədəni əlaqələrimizdə mühüm hadisə olduğunu vurğuladı. Moldovalı mədəniyyət təmsilçilərini ölkəmizdə növbəti dəfə görməyindən məmnunluq ifadə edən nazir zəngin mədəniyyət və incəsənətə malik dost Moldova xalqı ilə olan dərin köklərə malik əlaqələrimizdən də söz açdı: “Bu əlaqələr ölkələrimiz müstəqillik əldə etdiyi vaxtdan yeni və çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyub. Bunun əyani sübutu odur ki, müstəqilliyimizin bərpasından keçən dövrdə artıq 4-cü dəfədir ki, iki ölkə arasında mədəniyyət günləri keçirilir”.

Əlaqələrin daha da genişlənməsi istiqamətində aparılan danışıqların gözəl bəhrə verəcəyini deyən nazir bu işdə mədəniyyətin əhəmiyyətli rol oynadığını dedi: “Bizim qarşılıqlı əlaqələrimizdə yeni layihələr, əməkdaşlıq sazişləri nəzərdə tutulur. Biz düşünürük ki, belə tədbirlər yeni birgə işlərə müsbət təsir edəcək, mədəni münasibətlərin inkişafına təkan verəcək”.

Moldovanın mədəniyyət naziri Monika Babuk Azərbaycana səfərlərindən məmnunluğunu bildirdi: “Gözəl şəhərinizdə olmaqdan çox şadıq. Sizinlə görüşə istedadlı və peşəkar müğənnilərimiz, rəqqasələrimiz, möhtəşəm instrumental ansamblımız gəlib. Sabah dünyada məşhur olan caz qrupumuz konsert verəcək. Ümid edirəm ki, ölkələrimiz arasında mədəni əlaqələr hər zaman inkişaf edəcək. Moldovada sizin mədəniyyətiniz, zəngin, gözəl incəsənətiniz böyük və istedadlı xalqınızın seçkin insanlarının simasında daim gözəl duyğularla xatırlanır. Mədəni əlaqələr, xalqların bir-biri ilə birbaşa ünsiyyətinin təminatı olan incəsənət müstəsna əhəmiyyətə malikdir. Ona görə də sizə Moldova incəsənətini çələng kimi təqdim edəcəyik. Biz qədim mədəniyyət təmsilçiləri qarşısına, tələbkar və zövqlü musiqisevər bakılılar önünə milli musiqi və rəqslərimizi, instrumental ustalarımızı, məşhur ifaçılarımızı gətirmişik. Ümid edirəm ki, bu günlər ərzində siz bizi dinləyəcək və zövq alacaqsınız”.

Sonra səhnə Moldovanın məşhur kollektivinə - 60 ildən artıq fəaliyyət göstərən və hər yerdə böyük alqışlarla qarşılanan “FlueraşMilli Musiqi və Rəqs Ansamblına verildi. Moldovaın müxtəlif bölgələrinin rəqs və ifa nümunələri, mahnı və xoru, milli musiqi alətləri, geyim və xoreoqrafiyası, adət-ənənələri və özünəməxsus səhnə üslubları ustalıqla təqdim olundu. Dinamik rəqslər, peşəkar səhnə plastikası, geniş vokal imkanlı ifaçılar, rəngarəng musiqi nömrələri və ən əsası Moldova xalqının etnik xüsusiyyətlərini özündə əks etdirən geyim və tərtibat tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Qeyd edək ki, aprelin 30-da R.Behbudov adına Dövlət Mahnı Teatrında Moldovanın "Triqon" etno-caz qrupunun, Sumqayıt Dövlət Musiqili Dram Teatrında isə "Flueraş" Milli Musiqi və Rəqs Ansamblının konserti olacaq.

 

Həmidə Rüstəmova

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 2.