"Moldova: torpaqinsanlar"

 

Aprelin 29-da Azərbaycanda Moldova mədəniyyəti günləri çərçivəsində "Qalereya-1969" salonunda moldovalı fotoqraf-rəssam Mixay Potırnikenin sərgisi açıldı.

"Moldova Respublikası: torpaqinsanlar" adlı sərginin açılışında çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət günlərinin iki ölkə arasında əlaqələrin inkişafında impuls olacağını bildirdi. Qeyd olundu ki, Avropanın bir çox ölkələrində əsərləri nümayiş olunan tanınmış moldovalı rəssamın sərgisi dost ölkənin mədəniyyəti ilə bir daha yaxından tanış olmaq imkanı yaradır: “Sevindirici haldır ki, son illər biz bu sahədə də əlaqələri genişləndirmişik. Məsələn, Azərbaycandan 4 nəfər rəssam Moldovaya yaradıcılıq səfərinə gedib, həmçinin Moldovadan 4 rəssam Azərbaycana gəlib. Əlbəttə, bütün bunlar təcrübə mübadiləsi olmaqla yanaşı, əlaqələrin genişləndirilməsində atılan addımlardır. Biz çalışacağıq ki, belə mədəniyyət layihələrimizi, tədbirlərimizi gələcəkdə də davam etdirək. Bu isə ölkələrimizlə yanaşı, xalqlarımızın da yaxınlaşması deməkdir”.

Moldovanın mədəniyyət naziri Monika Babuk son 10 ildə artıq dördüncü dəfə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsindən məmnunluğunu diqqətə çatdırdı: “Biz istərdik ki, mədəni əlaqələrimiz daim yüksələn xətt üzrə davam etsin. Mədəni əlaqələrimiz çərçivəsində filmlərimizi, musiqimizi, incəsənətimizi daha da yaxından tanıya bilərik”.

Moldovalı fotoqraf-rəssam Mixay Potırnike öz əsərlərindən ibarət albomu nazir Əbülfəs Qarayevə hədiyyə etdi və Bakıda sərgisinin keçirilməsindən məmnunluğunu bildirdi.

Sonra sərgiyə baxış keçirildi. Ekspozisiyada rəssamın Moldovaya həsr olunmuş 40-dək ağ-qara foto əsəri nümayiş etdirilirdi. Müxtəlif mənzərə fotoları, insanların həyat tərzindən bəhs edən təsvirlər maraqla qarşılandı.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 2.