Mədəni əlaqələr ölkələr arasında münasibətləri möhkəmləndirir

 

“Moldovalılar hər zaman Azərbaycanın görkəmli sənət xadimlərinə böyük sevgi bəsləyiblər”

 

Aprelin 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət günləri ilə bağlı ölkəmizdə səfərdə olan Moldovanın mədəniyyət naziri xanım Monika Babukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları salamlayan nazir Əbülfəs Qarayev ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf etdiyini vurğuladı. Qeyd olundu ki, Azərbaycanın dünyanın müxtəlif ölkələri ilə mədəniyyət sahəsində əlaqələri ilbəil genişlənir: “Bu əməkdaşlığın inkişafında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də vacib rol oynayır. Belə tədbirlər sayəsində dünya xalqları Azərbaycanın, xalqımız isə dünya ölkələrinin mədəniyyəti, sənət inciləri ilə tanış olur. Ümidvaram ki, Azərbaycanda Moldova mədəniyyət günlərinin keçirilməsi də iki ölkə arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək”.

Nazir diqqətə çatdırdı ki, ölkələrimiz arasında əlaqələrin genişlənməsi və intensiv şəkil alması üçün müvafiq hüquqi baza mövcuddur. Qarşılıqlı səfərlər və keçirilən görüşlər münasibətlərimizi daha da möhkəmləndirir. Əbülfəs Qarayev Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən islahatlar, ölkəmizdə reallaşan beynəlxalq mədəniyyət tədbirləri barədə də qonaqlara məlumat verdi.

Moldovalı nazir Monika Babuk isə öz növbəsində Azərbaycanda olmasından məmnunluğunu ifadə etdi. Ölkələrimiz arasında siyasi münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu vurğuladı. Xanım Babuk onu da bildirdi ki, ölkəmizə hələ uşaqlıq illərində gəlib və ona görə də azərbaycanlıları özünə yaxın insanlar hesab edir.

O, Azərbaycanın mədəniyyət və turizm nazirini bu ilin oktyabrında Moldova Respublikasında keçiriləcək beynəlxalq tədbirə dəvət etdi. Monika Babuk moldovalıların mədəniyyətə, incəsənətə böyük dəyər verdiklərini dilə gətirdi, Azərbaycanın məşhur ifaçılarına da rəğbət bəslədiklərini qeyd etdi: “Biz vaxtilə Müslüm Maqomayev, Rəşid Behbudovu yaxından tanımışıq. Ölkəmizdə caza, xüsusilə də Vaqif Mustafazadə sənətinə sonsuz sevgi var. Moldovalılar hər zaman Azərbaycanın görkəmli sənət xadimlərinə böyük sevgi bəsləyiblər”.

Moldovalı nazir də mədəniyyətin qarşılıqlı əməkdaşlığın inkişafına, iki ölkə xalqlarının bir-birini daha yaxından tanımasına zəmin yaratdığını vurğuladı. Qeyd etdi ki, mədəniyyət günləri Moldova incəsənətinin ölkəmizdə təbliğinə töhfə olacaq.

Söhbət zamanı iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 3.