Mədəni irsin qorunması və istifadəsi

 

İtaliyanın "Parador" şirkətlər qrupu ilə əməkdaşlıq müzakirə olunub

 

Xəbər verildiyi kimi, İspaniyanın xarici işlər və əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev nümayəndə heyətində yer alan məşhur "Parador" şirkətlər qrupunun prezidenti Angeles Alarko Kanosanı qəbul edib. Görüşdə ölkəmizin İspaniyadakı səfiri Altay Əfəndiyev də iştirak edib.

Vaqif Əliyev qonağa ölkəmizin zəngin mədəni irsiturizm potensialı, eləcə də tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat verib.

Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən Angeles Alarko Kanosa rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında danışıb, ölkələrimiz arasında mədəni irs abidələrinin istifadəsi sahəsində əməkdaşlığın onlar üçün böyük maraq kəsb etdiyini vurğulayıb. Qonaq bildirib ki, "Parador" əsasən tarixi mərkəzlərdə, tarix və mədəniyyət abidələrinin daxilində yerləşən mehmanxanaları özündə birləşdirən şirkətlər qrupu olaraq fəaliyyət göstərir. Beynəlxalq brendin məqsədi mədəni irsin qorunub saxlanılması və sosial istifadəsinin genişləndirilməsidir.

Görüşdə gələcək əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 3.