Maestroya həsr edilir

 

Aprelin 28-də LeopoldMstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin vəfatının 7-ci ildönümünə həsr edilmişMaestroya həsr edilir” adlı anım tədbiri keçirildi. Tədbirdə muzeyin direktoru Şeyla Heydərova çıxış edərək XX əsrin musiqi fenomeni adlandırılan Mstislav Rostropoviçin ömür yolundan danışdı.

Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva görkəmli musiqiçinin yaradıcılıq özünəməxsusluğundan, insani keyfiyyətlərindən danışdı: “Hər dəfə bu evə gələrkən məni qəribə hislər ağuşuna alır. Qəlbimdə xoş əhval-ruhiyyə baş qaldırır. Çünki bu evdə dünya şöhrətli bir musiqiçinin, həm də dahi bir insanın ruhu dolaşır. O, doğrudan da, bənzərsiz bir insan idi. Xüsusilə gənclərə böyük rəğbət və inamla yanaşırdı”.

Çıxışlardan sonra maestronun həyatının müxtəlif anlarını əks etdirən foto-slayd nümayiş etdirildi. Qonaqlar ev-muzeyin fondundakı eksponatların sərgisi ilə də tanış oldular. Ekspozisiyada Mstislav Rostropoviçin iştirak etdiyi, o cümlədən Bakıda təşkil olunmuş konsertlərinin afişaları, proqramları və bukletləri sərgilənirdi.

Tədbirin sonunda dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən “Sinfoniyettaorkestri konsert proqramı ilə çıxış etdi. Kollektivin ifasında E.Qriqin, A.Korellinin, S.Barberin əsərləri səsləndirildi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 4.