“Vətəndaşların təşəbbüsləri ümumi işimizə kömək edir

 

Mədəniyyət və turizm naziri Masallıda vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə hər ay vətəndaşların qəbulu keçirilir. Aprelin 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əhali ilə növbəti görüşü Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində gerçəkləşdi.

Nazir Lənkəran şəhəri, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarından 30-dək vətəndaşı qəbul etdi. Görüşdə sakinlərin müxtəlif məsələlərlə bağlı xahiş və təklifləri səsləndirildi.

Müraciətlər əsasən rayonlarda mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni irsin qorunması, təmir və bərpası, turizm sahəsinin inkişaf etdirilməsi, musiqi məktəblərinin alətlərlə təminatı, yerli əhəmiyyətli festivalların keçirilməsi, kadr hazırlığı və sosial məsələlərlə bağlı idi.

Qəbula gəlmiş vətəndaşların bir neçəsi ilə həmsöhbət olduq. Masallı rayon sakini Vahid Mirzəyev rayonda turizmin inkişafı ilə bağlı təkliflərinin olduğunu dedi: “Masallıda turizmin inkişafı üçün gözəl təbii şərait var. Talış dağları, Viləşçay dəryaçası, istisu bulaqları turistləri cəlb edir. Rayonda turizm peşə liseyinin yaradılması ilə bağlı təkliflərimi cənab nazirə təqdim etdim. Bundan başqa, Masallıda turizmin inkişafı üçün addımlar atmış şair, bəstəkar Kazım Aslanlının xatirəsinin əbədiləşdirilməsini xahiş etdim”.

Lənkəran şəhər sakini Nadir Quliyevin təklifi şəhərdəki rəssamlıq məktəbi üçün yeni binanın inşasına köməklik göstərilməsi barədədir. O, müraciətinin müsbət qarşılandığını dedi.

Astara rayon sakini Baloğlan Xudadatov isə tarixi əhəmiyyətli, 1806-cı ildə tikilmiş Kərbəlayı Həmid Abdulla hamamının bərpa edilməsi ilə bağlı qəbula gəlmişdi: “Bu hamam tarixi əhəmiyyətə malikdir. İndi hamam yararsız vəziyyətə düşüb. Xahişimi müsbət qarşılayan nazir bu qədim tikilinin bərpa olunmasına köməklik göstəriləcəyini bildirdi”.

Nazirlə görüşdə Lənkəran rayonunda fəaliyyət göstərən “Nənələr” folklor mahnı və rəqs kollektivinə xalq kollektivi adının verilməsi, Neftçalada arxeoloji abidələrin sərhədlərinin müəyyən edilməsi və s. mövzularda da konkret təkliflər irəli sürüldü.

Vətəndaşları diqqətlə dinləyən Əbülfəs Qarayev onların yerlərdə mədəniyyət və turizmin inkişafına xidmət edən əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdir etdi, qaldırılan təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini bildirdi.

Qəbuldan sonra jurnalistlərə açıqlama verən nazir qeyd etdi ki, bölgələrdə tarixi abidələrin təmir-bərpası, mədəniyyət ocaqlarının fəaliyyətinin yaxşılaşdırılması, turizm sahəsinin inkişafı nazirliyin hər zaman diqqətindədir:Sevindirici haldır ki, vətəndaşlar da yerlərdə bu sahələrin inkişafı üçün səy göstərirlər. Onlar özləri mövcud çatışmazlıqların həllinə kompleks yanaşaraq çıxış yolları üçün təkliflərini verirlər. Bu da ümumi işimizə kömək edir”.

Əbülfəs Qarayev regionda turizm infrastrukturunun genişləndirilməsinin prioritet məsələlərdən biri olduğunu vurğuladı: “Turizm üçün əhəmiyyətli təbii şəraiti olan cənub zonası tarixi və mədəniyyət abidələri ilə zəngindir. Abidələrin bərpası, onlardan mədəni turizm istiqamətində istifadə olunması təkliflərini də yüksək qiymətləndirirəm. Bu təkliflər üzərində işləyəcəyik”.

Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə köməklik göstəriləcəyini bildirdi.

* * *

Qəbuldan sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında Əbülfəs Qarayevin sədrliyi ilə nazirliyin zona müşavirəsi keçirildi. Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, şöbə müdirləri və məsul əməkdaşları, Lənkəran şəhəri, Masallı, Astara, Biləsuvar, Cəlilabad, Lerik, Neftçala, Salyan, Yardımlı və Cəbrayıl rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirak etdikləri müşavirədə bir sıra həlli vacib məsələlər diqqət mərkəzində oldu. Tarixi-mədəni abidələrin qorunması və bərpası məsələlərinə toxunan Əbülfəs Qarayev qeyd etdi ki, qəbul olunmuş Dövlət Proqramı çərçivəsində bu istiqamətdə ardıcıl aparılır. Bu sahədə mədəniyyət və turizm şöbələrinin üzərinə böyük məsuliyyət düşür.

Nazir yerlərdə mədəniyyət obyektlərinin işinin günün tələblərinə cavab verəcək səviyyədə qurulması üçün konkret təklifləri də diqqətə çatdırdı: “Biz işimizin yüksək səviyyəyə qaldırılması üçün illərdir islahatlar aparırıq və bundan sonra da bu tədbirlər davam edəcək. Yerlərdəki işçilər də öz işlərində müasir informasiya vasitələrindən istifadə etməyə çalışmalıdırlar. Gündəlik fəaliyyətinizdə internetdən, informasiya texnologiyalarından istifadəni genişləndirin. Keçirdiyiniz tədbirlər, təşkil etdiyiniz yığıncaqlar barədə nazirliyin saytına məlumatlar göndərin. Çalışın ki, gördüyünüz işlərlə hamı tanış ola bilsin”.

Nazir bölgənin turizm infrastrukturunun təkmilləşdirilməsi məsələlərindən də söz açaraq yerlərdən gələn turizmlə bağlı təklifləri, təşəbbüsləri yüksək qiymətləndirdi. Bildirdi ki, qaldırılan əhəmiyyətli məsələlərin tezliklə həlli istiqamətində tədbirlər görüləcək. Bu da bölgənin, ümumilikdə ölkəmizin inkişafı üçün atılmış daha bir addım olacaq.

Müşavirə iştirakçılarının təklif və çıxışları dinlənildi, fikir mübadiləsi aparıldı.

* * *

Müşavirədən sonra nazir Əbülfəs Qarayev Masallı rayon mərkəzində yerləşən Nəriman Nərimanov adına kinoteatra, XIX əsrin tikilisi olan hamama baş çəkdi. Yararsız vəziyyətdə olan hər iki binanın əsaslı təmirə ehtiyacı var. Yaxın zamanlarda burada təmir-bərpa işlərinin aparılacağı bildirildi.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 5.