Bölgələrdə
yaradıcılıq görüşləri
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə mədəniyyət və incəsənət xadimlərinin bölgələrdə görüşləri keçirilir.
Gənc nəslin sənət adamlarının yaradıcılığı ilə yaxından tanış olması, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyətin müxtəlif sahələrinə marağın artırılması məqsədi daşıyan belə görüşlər aprelin 24-də Şamaxıda, 25-də isə Qobustan rayonunda reallaşıb.
Təşkil olunan konsert proqramlarında xalq artistləri Canəli Əkbərov, Zabit Nəbizadə, Cəmilə Bayramova, əməkdar artistlər Gülüstan Əliyeva, Nuriyyə Hüseynova və digər tanınmış sənətçilər çıxış ediblər.
Nazirliyin Regionlarla iş sektorunun aparıcı məsləhətçisi Oqtay Muxtarovdan aldığımız məlumata görə, görüşlər Şamaxı və Qobustan rayonlarının ictimaiyyəti tərəfindən çox böyük coşqu ilə qarşılanıb. Açıq havada baş tutan konsert proqramlarını yüzlərlə sakin izləyib. İncəsənət ustalarının çıxışları alqışlarla müşayiət olunub: «Bizim əsas məqsədimiz insanların asudə vaxtlarının səmərəli təşkilidir. İstəyirik ki, belə tədbirlərdə gənc ifaçılarımız da məşhur sənətkarlarla bir səhnəni bölüşsünlər, onların təcrübəsindən yararlansınlar».
Oqtay Muxtarov bu qəbildən növbəti görüşlərin may ayının 4-də Qubada, 5-də isə Siyəzəndə baş tutacağını bildirdi.
Qeyd edək ki, rayonların rəhbərliyi də belə görüşlərin baş tutmasına yaxından dəstək verir.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 5.