Millətin
taleyini düşünən ədib
Aprelin 26-da paytaxtın Səbail rayonundakı 190 saylı orta məktəbdə XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, böyük dramaturq, Xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr edilən ədəbi-bədii gecə keçirildi.
Tədbiri məktəbin direktoru, Əməkdar müəllim Afət Bakıxanova açaraq İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə etdi. Universitetdə oxuduğu illərdə böyük sənətkarın pərəstişkarına çevrildiyini və yaradıcılığını daim izlədiyini bildirdi.
Məktəbin tədris hissə müdiri, Əməkdar müəllim Qənirə Əmircanlı ədibin həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, 1939-cu ildə işıq üzü görən “Kənddən məktublar” kitabı yazıçını ədəbiyyat aləmində tanıdır. O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazır. Bununla yazıçının Azərbaycan teatrı ilə sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulur.
İlyas Əfəndiyevin “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri oxucuların rəğbətini qazanıb. “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. pyesləri insan talelərinin, xarakterlərinin yüksək sənətkarlıqla təqdim olunduğu nümunələrdir.
Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Xalq yazıçısı adına, ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Görkəmli yazıçı-dramaturq 1996-cı il oktyabrın 3-də əbədiyyətə qovuşub. İçərişəhərdəki küçələrdən birinə və Elitar Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib. Əsərləri rus, türk və digər dillərdə dəfələrlə nəşr olunub, ədəbi irsinə dair dissertasiyalar yazılıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə bildirdi ki, müasir Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə seçilən yazıçının əsərləri bu gün də sevilə-sevilə oxunur. Çünki milli-mənəvi dəyərlərə hörmət onun yaradıcılığının əsas qayəsini təşkil edir.
Xalq artisti Mərahim Fərzəlibəyov qeyd etdi ki, İlyas Əfəndiyevin yaradıcılığı Azərbaycan xalqının sərvətidir. İllər ötdükcə onun dahiyanə əsərlərinin qiyməti də artır. Xalq artisti Nurəddin Mehdixanlı isə yazıçını mənsub olduğu millətin tarixini, taleyini dərindən bilən güclü qələm sahibi kimi xarakterizə etdi. O, sovet rejimi dövründə çoxlarının deyə bilmədiyini qəhrəmanlarının dili ilə deməyi bacarırdı.
Professor
Abid Tahirli yazıçının publisistik fəaliyyətindən
danışdı. Azərbaycan Dövlət Pedaqoji Universitetinin
professoru Təyyar Salamoğlu bildirdi ki, Azərbaycan ədəbiyyatı
tarixində həm nəsr, həm də dramaturgiya sahəsində
onun kimi aramsız çalışan və hər iki sahədə
öz bədii üslubunu təsdiq edən ikinci
yazıçı tapmaq çətindir. Baş nazirin
müavinin köməkçisi Əkrəm Qaflanoğlu
böyük dramaturqla bağlı xatirələrini
bölüşdü. Diqqətə çatdırdı ki, məktəbli
və yeniyetmələr vətənpərvər və
duyğulu bir insan kimi yetişmələri üçün bu
görkəmli sənətkarın əsərlərini
mütləq oxumalıdırlar.
Tədbirdə
Azərbaycan Təhsil Şurasının sədri, professor
Əjdər Ağayev, yazıçı-dramaturq Əli
Əmirli, “Azərbaycan məktəbi” jurnalının baş
redaktoru Nəcəf Nəcəfzadə çıxış
edərək İlyas Əfəndiyevin
yaradıcılığı haqqında danışdılar,
xatirələrini bölüşdülər.
Tədbirdə
İlyas Əfəndiyev haqqında sənədli film
nümayiş olundu, ona ithaf olunan şeirlər səsləndirildi.
Şagirdlərin ədibin “Apardı sellər Saranı”, “Sən
həmişə mənimləsən”, “Xurşudbanu Natəvan”
və “Hökmdar və qızı” əsərləri əsasında
hazırladıqları səhnəciklər alqışlarla
qarşılandı.
Sonda
çıxış edən yazıçının nəvəsi,
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci
katibi Günay Əfəndiyeva babasının xatirəsinə
göstərilən yüksək diqqət və ehtirama
görə dövlət başçısına öz dərin
minnətdarlığını bildirdi.
S.Fərəcov
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 6.