Əli bəy Hüseynzadənin irsi türk dünyasının xəzinəsidir

 

Mütəfəkkir ədibin 150 illik yubileyi doğma yurdunda qeyd olundu

 

Aprelin 25-də Salyan şəhərində böyük mütəfəkkir, ədib, publisist, ictimai xadim Əli bəy Hüseynzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirildi. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Salyan rayonunun mədəniyyət ocaqları görkəmli həmyerlilərinin yubileyi ilə əlaqədar bayram şənliyi təşkil etmişdilər. Rayonun aşıqlar, rəqs, musiqi kollektivlərinin çıxışları tədbirə xüsusi rəng qatırdı. Prospekt və küçələr böyük fikir adamının ideya müəllifi olduğu üçrəngli bayraqlarımızla bəzədilmişdi. Yubiley iştirakçıları əvvəlcə Əli bəy Hüseynzadənin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri qoydular, xatirəsini hörmətlə andılar.

Daha sonra qonaqlar Heydər Əliyev Mərkəzinə gələrək ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək Əli bəy Hüseynzadənin Azərbaycan tarixində yerindən söz açdı. Bildirdi ki, böyük mütəfəkkir Azərbaycan milli ictimai fikrinin formalaşmasında, inkişafında misilsiz xidmətlər göstərib. O, nəinki Azərbaycanın, eyni zamanda bütün türk dünyasının dahi şəxsiyyətidir. Min illər keçsə də, Əli bəyin zəngin irsi xalqımızın qürur mənbəyi olaraq qalacaq.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan tarixində böyük rol oynamış şəxsiyyətlərin yubileyləri haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan və keçirilən tədbirlərdən danışdı. Əli bəy Hüseynzadənin 150 illik yubileyinin də dövlət başçısının müvafiq sərəncamına əsasən qeyd olunduğunu bildirdi. Salyan rayonunun ədəbi-mədəni fikir tariximizə böyük şəxsiyyətlər bəxş etdiyini deyən nazir onların içərisində görkəmli ədib, publisist, ideoloq Əli bəy Hüseynzadənin xüsusi yeri olduğunu vurğuladı: “O, vətənində və mühacirətdə keçən ömründə gələcək nəsillərə böyük miras yadigar qoyub. Əli bəy Hüseynzadə böyük mütəfəkkir dramaturq Mirzə Fətəli Axundzadədən sonra yeni bir mərhələ yaradıb, xalqımızın mədəni inkişafına böyük töhfələr verib. Azərbaycan mətbu və ədəbi fikrinin inkişafında müstəsna yeri olanFüyuzat” jurnalının təsisçilərindən biribaş redaktoru olub, “Füyuzat” ədəbi-fəlsəfi məktəbini yaradıb. Ömrünü ümumtürk mədəniyyətinin tədqiqi və təbliğinə sərf edən, turançılığın əsasını qoyan Əli bəy Hüseynzadənin irsi bütövlükdə türk dünyasının bənzərsiz xəzinəsidir”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda maarifçilik ideyalarının təşəkkülü və formalaşmasında Əli bəy Hüseynzadənin əvəzsiz xidmətlərindən danışdı. Onu tanınmış ədib, görkəmli ictimai xadim, pedaqoq, həkim, jurnalist, yazıçı-publisist, rəssam, musiqişünas, böyük türkçü alim kimi xarakterizə etdi: “Əli bəy Hüseynzadə bütün türk dünyasında türkçülüyün əsasını qoyan ilk şəxsiyyətlərdən biridir. O həm də ortaq türk dilinin yaradılması ideyasının banisidir. Bununla Əli bəy Hüseynzadə bütün türk dünyasının birləşdirilməsini istəyirdi”.

Əli bəy Hüseynzadə və Cəlil Məmmədquluzadənin ictimai fikir tariximizdə tutduğu mövqeyindən danışan İsa Həbibbəyli bildirdi ki, ayrı-ayrı ədəbi istiqamətlərin təmsilçiləri olmalarına baxmayaraq, hər iki ədibin məslək və məramında doğma Vətəninin tərəqqisi dayanırdı.

Ədibin tanınmış tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Azər Turan böyük ideoloqun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd olundu ki, “Türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyasının müəllifi olan Əli bəy Hüseynzadə “Kaspi”, “Həyat” qəzetləri, “Füyuzat” jurnalı səhifələrində türk xalqlarının tarixitaleyi haqqında sanballı məqalələr çap etdirib. Azərbaycan tarixinə üç şeyxülislam bəxş etmiş Hüseynzadələr nəslinin daha bir nümayəndəsi Əli bəy Hüseynzadədir: Onun babası Qafqazın şeyxülislamı Axund Əhməd Hüseynzadənin ümmətçilikdən milliyətçiliyə keçid dövrünün əsasını qoyan tarixi şəxsiyyət kimi bütün türk boyları haqqında yazdığı “Tarixi-ədəbiyyati-türki” adlı kitabı türk xalqlarının ədəbi düşüncəsi barəsində ilk ədəbiyyatşünaslıq əsəridir. Əli bəy Hüseynzadə Türkiyədə ilk siyasi partiya olanİttihad və Tərəqqi”nin yaradıcılarından biri olmaqla bu ölkənin siyasi həyatında mühüm rol oynayıb. Sonralar bu təşkilatın sıralarında Ənvər PaşaMustafa Kamal Atatürk kimi şəxsiyyətlərin yetişməsi onun xidmətlərinin miqyası haqqında geniş düşünməyə əsas verir”.

Xalq şairi Fikrət Qoca, millət vəkili Qənirə Paşayeva, türkiyəli alim İbrahim Yıldırım və başqaları Əli bəy Hüseynzadənin ədəbi irsinin, mənəvi dünyasının zənginliyindən danışdılar. Gələcəkdə də onun ideyalarının bütün türk dünyası üçün böyük örnək olacağını vurğuladılar.

Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə ailə üzvlərinin sürgün həyatından, yaxın qohumlarının ayrı düşməsindən ürəkağrısı ilə danışdı. Əli bəy şəxsiyyətinə, onun irsinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Yubiley tədbiri musiqili-bədii kompozisiya ilə başa çatdı.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 8.