Sənətdə yaşanan ömür

 

Xalq artisti Tofiq İsmayılovun anadan olmasının 75, yaradıcılığının 55 illiyi qeyd edildi

 

Aprelin 26-da Beynəlxalq Muğam Mərkəzində milli kinomuzun inkişafında özünəməxsus xidmətləri olan tanınmış kinorejissor, Xalq artisti, professor, görkəmli pedaqoq Tofiq İsmayılovun anadan olmasının 75, yaradıcılığının 55 illiyinə həsr edilmiş yubiley gecəsi keçirildi. İştirakçılar əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış oldular.

Tədbirin aparıcısı Milli Məclisin deputatı, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rafael Hüseynov ömrünün 55 ilini Azərbaycan kinosuna həsr etmiş Tofiq İsmayılovun sənət yolundan söz açdı. Onun varlığında, şəxsiyyətində universal bilikləri, qabiliyyətləri yaşadan bir insan olduğunu söylədi. Qeyd olundu ki, rejissor yaradıcılığındakı bu qabiliyyətləri kino vasitəsilə ustalıqla birləşdirir və mükəmməl nəticələri ekrana köçürür. Onun müəllifi olduğu ekran əsərlərinin hər biri yaradıcılığında bir mərhələdir.

Gecədə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, kinorejissor, Xalq artisti Eldar Quliyev çıxış edərək Tofiq İsmayılovu təbrik etdilər.

Yubilyara Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının hədiyyəsi və Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu təqdim olundu.

Çıxışlarda rejissorun yaradıcılıq məziyyətlərindən söz açıldı. Tofiq İsmayılovun “Oxuyur Müslüm Maqomayevfilminin böyük vokal dahisi haqqında ən gözəl kino nümunəsi olduğu vurğulandı.

Qeyd olundu ki, rejissor uşaq kinosu sahəsində “Mən mahnı qoşuram”, “Musiqi müəllimi” kimi maraqlı filmləri ekranlaşdırıb. OnunGilas ağacı”, “Bizim küçənin oğlanları”, “Çarvadararların izi ilə”, “Vulkana doğru”, “Əzablı yollar” və başqa filmləri yüksək bədii zövqü ilə seçilir. Rejissor həmçinin Tofiq Quliyev, Əminə Dilbazi, Gülxar Həsənova, Xəyyam Mirzəzadə haqqında bədii-sənədli filmlər çəkib.

Tofiq İsmayılovun sənət yolu kino yaradıcılığı ilə məhdudlaşmır. O həm də uşaqlar üçün pyeslər, hekayələr yazıb, elmi-publisistik məqalələrin müəllifidir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi yetişdirdiyi tələbələr bu gün sənətdə aparıcı mövqe tuturlar. Rejissor bir müddət Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetində dərs deyib.

Tədbirdə kinorejissorun ömür yolundan bəhs edən videoçarxlar nümayiş etdirildi, filmlərindən fraqmentlər göstərildi.

Musiqi müəllimi” filmində baş rolun ifaçısı, tanınmış müğənni və bəstəkar, Əməkdar artist Sərxan Sərxan, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov və digər sənətçilər yubilyarı öz ifaları ilə təbrik etdilər.

Sonda Tofiq İsmayılov çıxış edərək çəkdiyi filmlərin, yazdığı kitabların xalq üçün olduğunu söylədi və tədbirin təşkilatçılarına və tamaşaçılarına təşəkkürünü bildirdi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 10.