Yay gecəsində yuxu

 

Aprelin 23-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində dünya şöhrətli ingilis şairidramaturqu Uilyam Şekspirin "Yay gecəsində yuxu" komediyası nümayiş olunub.

Ədibin 450 illiyinə həsr edilmiş tamaşanın nümayişindən öncə Şekspir yaradıcılığına nəzər xarakterli çıxışlar dinlənilib.

Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski və “British Councilin Azərbaycan nümayəndəliyinin direktoru Elizabet Uayt dramaturqun yaradıcılığı və dünyanın ən müxtəlif ölkələrində səhnə həyatı yaşayan əsərləri barədə məlumat veriblər.

Sonra səhnə aktyorlara verilib. Sankt-Peterburqdan (Rusiya) dəvət olunmuş məşhur teatr mütəxəssisi İsgəndər Sakayevin quruluşunda hazırlanan tamaşa teatrın ən uğurlu işlərindəndir. Xatırladaq ki, “Yay gecəsində yuxu” Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsis edilmiş “Zirvə” mükafatının “Teatr sənətinin inkişafı naminə” nominasiyasında laureatıdır.

Əsər Şekspir yaradıcılığının tamamilə başqa bir istiqaməti olmaqla yanaşı, həm də müəllifin komediya janrında ustadlığının təzahürüdür. O, komediyada böyük realist təxəyyülünün iradəsində tam fərqli bir obrazlar çələngi yarada bilib. Pyes fantastik varlıqlarla doludur və müəllif onların fonunda qeyri-adi hadisələri ustalıqla bir arada təqdim edə bilir. Tamaşaçıda isə belə təəssürat yaranır ki, oxşar olaylar yuxuda baş verir.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 10.