“Folklor paytaxtı”nın təqdimatı
Xəbər
verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin ölkəmizdə
qeyri-maddi mədəni irsin qorunması və təbliği məqsədilə
həyata keçirdiyi “2010-2014-cü illər
üçün xalq yaradıcılığı
paytaxtları” proqramına əsasən Balakən rayonu bu il
“Azərbaycanın folklor paytaxtı” elan edilib.
“Folklor
paytaxtı” ilində rayon Mədəniyyət və Turizm
Şöbəsi xalq yaradıcılığının, milli
adət-ənənələrin, xalq tətbiqi sənətinin,
eyni zamanda turizm potensialının tanıdılması
üçün tədbirlər planı hazırlayıb.
Aprelin
25-də bu silsilədən ilk tədbir - “Balakən-Azərbaycanın
folklor paytaxtı-2014” adlı təqdimat mərasimi
keçirilib. Yeni istifadəyə verilmiş Mədəniyyət
mərkəzinin foyesində rayonun el sənətkarlarının
əl işlərindən ibarət sərgi təşkil
edilib.
Mərasimi
Mədəniyyət və Turizm Şöbəsinin müdiri
Ruqiyyət Seyidova açaraq Balakənin ölkəmizin
“Folklor paytaxtı” elan edilməsinin rayonun həyatında əlamətdar
hadisə olduğunu vurğulayıb. Rayon İcra Hakimiyyəti
başçısının humanitar və siyasi məsələlər
üzrə müavini Nəzakət Rüstəmova ictimaiyyəti
bu hadisə münasibətilə təbrik edib. Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən verilmiş “Balakən
- Azərbaycanın folklor paytaxtı - 2014” kuboku təqdim
olunub. Balakənli yazar Ramazan Xutrayev tədbirə bədii
töhfələrini təqdim edib.
Çıxışlardan
sonra mərasimin bədii hissəsi başlanıb. El
havaları ifa olunub, deyişmələr səsləndirilib.
İncəsənət məktəbinin nəzdində
yaradılmış “Sənəm” qrupunun ifasında səslənən
el havaları tədbirə rəngarənglik qatıb.
“Folklor
paytaxtı” ilinin sonuna qədər Mədəniyyət və
Turizm Şöbəsi tərəfindən rəngarəng tədbirlər
keçiriləcək, rayona gələn qonaqlar ölkəmizin
bu dilbər guşəsinin adət-ənənələri,
xalq yaradıcılığı ilə daha yaxından
tanış olacaqlar.
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 11.