Ölkəmiz Budapeşt kitab
festivalında uğurla
təmsil olunub
Aprelin 27-də Macarıstanın
paytaxtı Budapeştdə
XXI Beynəlxalq Kitab Festivalı başa çatıb. Dörd gün davam
edən festivalda Azərbaycan kitabları da nümayiş olunub. Beynəlxalq tədbirdə Mədəniyyət
və Turizm Nazirliyi Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat
sektorunun müdiri Çingiz Əlioğlu və nazirliyin mətbuat katibi İntiqam Hümbətov iştirak edib.
Sərgi müddətində ziyarətçilər
ölkəmizin stendinə
böyük maraq göstəriblər. Stendimizdə Azərbaycanın tarixi, Qarabağ, zəngin mədəniyyət
və incəsənətimiz,
eləcə də ölkəmizin turizm imkanları, milli mətbəximiz haqqında
Azərbaycan, ingilis, rus, alman və
fransız dillərində
nəfis tərtibatlı
kitablar sərgilənib.
Qonaqlara ölkəmizdə nəşriyyat-poliqrafiya
sahəsinin inkişafı,
Bakıda keçirilən
beynəlxalq kitab sərgi-yarmarkaları haqqında
məlumat verilib.
2015-ci ildə Bakıda ilk dəfə gerçəkləşəcək Avropa Oyunları barədə məlumatlar,
paytaxtımız haqqında
tanıtım nəşrləri
də maraqla qarşılanıb.
Azərbaycanın Macarıstandakı səfirliyinin
əməkdaşları, bu
ölkədə təhsil
alan azərbaycanlı
tələbələr, diaspor
təmsilçilərimiz də
stendimizlə yaxından
tanış olublar. Sərgi başa çatdıqdan sonra Azərbaycan stendindəki kitablar ölkəmizin Macarıstandakı
səfirliyinə təqdim
olunub.
Sərgidə 20-dək xarici
ölkə təmsil olunub. Builki Budapeşt kitab festivalının fəxri qonağı
Türkiyə Cümhuriyyəti idi.
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 11.