Tanınmış
şair-dramaturqun yaradıcılıq gecəsi
Aprelin 25-də Zığ qəsəbə Mədəniyyət evində tanınmış şairə, dramaturq, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın yaradıcılıq gecəsi keçirildi.
Şair-publisist Əzizə Ağahüseynqızının apardığı gecədə Mədəniyyət evinin direktoru Məleykə Hacıyeva şairənin ədəbi fəaliyyəti haqqında danışdı. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə elmlər doktoru, şairə Fəridə Ləman Kəmalə Ağayevanın həyat və yaradıcılığından söz açdı. Bildirildi ki, Kəmalə Ağayeva 1937-ci il iyulun 10-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil alıb. 35 il orta məktəbdə fransız dilini tədris edib. Eyni zamanda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 30 il ədəbi hissə müdiri vəzifəsində çalışıb.
Yazıçılar Birliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. 20 şeir və poemalar kitabının, 16 mənzum dram əsərinin, 200-dək oçerk və bədii yazının müəllifidir.
“Kitab evi” İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədli, “Yada düşdü” ədəbi-bədii jurnalının təsisçisi, şairə-publisist Nəzakət Məmmədova, ziyalı, ictimai xadim Həmid Cəfərov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Vahid Vəliyev və başqaları Kəmalə Ağayevanın zərif duyğularından, el ağbirçəyi, xeyirxah insan kimi müsbət xüsusiyyətlərindən danışdılar.
Gecədə Zabitə Əliməmmədova, Cəmaləddin Həbibzadə, Toğrul Saraclı şairənin şeirlərini səsləndirdi, Tamella Babayeva müəllifin sözlərinə yazılmış “Elin mehriban qızı” və digər mahnıları ifa etdi.
Dramaturqun “Məhsəti” pyesindən Məhsətinin monoloqu söylənildi. M.Ə.Sabir adına Balaxanı mədəniyyət evinin “Cırtdan” uşaq kukla teatrı tərəfindən “Tıq-tıq xanım” nağıl-pyesinin əsasında tamaşa təqdim olundu. Rəssam Tahir Ələkbərov çəkdiyi portreti şairəyə hədiyyə etdi. Şairənin nəvəsi Zərrin nənəsinin ilk poetik nümunələrindən olan “Bahar” şeirini səsləndirdi.
Sonda Kəmalə Ağayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Günel Eyvazova
Mədəniyyət.- 2014.- 30 aprel.-
S. 11.