Ölkəmiz
beynəlxalq elmi-praktik konfransda
təmsil olunub
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Boris Yeltsin adına Prezident Kitabxanasında “Hüquq və informasiya: nəzəriyyə və praktika” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.
MDB məkanında informasiya cəmiyyətində hüquqi məsələlərə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, elmi katibi Kəmalə Sarıcalınskaya və məsləhətçi Tuncay Hüseynzadə iştirak ediblər.
Mail Əhmədovun “Müasir şəraitdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında kitabxana-informasiya xidməti” mövzusunda məruzəsi tədbir iştirakçılarının marağına səbəb olub. Məruzədə kitabxananın formalaşması, fəaliyyətinin əsas istiqamətləri, biblioqrafik fəaliyyəti, soraq-biblioqrafik aparatının, o cümlədən biblioqrafik verilənlər bazalarının formalaşması, yaradılan resurslardan məsafədən istifadə etmək imkanlarının yaradılması məsələləri işıqlandırılıb.
Konfrans iştirakçıları Prezident Kitabxanasında sırf hüquqi məzmunlu nəşrlərin və digər sənədlərin də təmsil olunduğu biblioqrafik göstəricilərin, verilənlər bazalarının tərkibi ilə də yaxından maraqlanıb, müxtəlif suallar veriblər.
Tədbir çərçivəsində Azərbaycanın və Rusiyanın Prezident kitabxanalarının mütəxəssisləri arasında görüşlər keçirilib, əməkdaşlığın inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılıb.
Əliyusif Məmmədov,
Prezident Kitabxanasının məsləhətçisi
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 12.