Hər zaman mədəniyyətlə

 

Yubiley

 

Onu çoxdan tanıyıram. Mənim kimi bir çoxları da haqqında təxmini eyni rəydədir: işgüzar və fədakar adamdır. Ən əsası sənətinə sonsuz sevgisi var. İncəsənəti ruhunun qidası sayır. Bu vərdişini, daim mədəniyyətdə, mədəniyyətlə olmasını usanmadan illərdir hər kəsə aşılayır. Ömrün 70-ci baharını salamlayan Mirəhməd Əsgərov yarıməsrlik əmək fəaliyyəti ilə hər zaman haqqında söz yeri qoyub.

 

Mədəniyyət sarayının fədakarı

 

23 yaşından İ.M.Əbilov adına Mədəniyyət mərkəzində fəaliyyət göstərən Mirəhməd Əsgərov bir insan ömrü üçün uzun olan məsafədə bu gün böyük bir qürurla yaradıcılığın 50, ömrünün 70 yaşını qeyd edir. Bədii rəhbər olsa da, çoxlarının nəzərində, o, böyük ziyalı, şəxsiyyətdir. Bu məfhumları isminin ətrafında cəmləşdirən Mirəhməd Əsgərov uzun illərin gərgin əməyi nəticəsində yeni-yeni musiqiçilər nəslinin yetişməsinə də imzasını atıb.

 

Astaradan başlanan yol

 

Azərbaycanın səfalı guşələrindən olan Astarada dünyaya göz açan Mirəhməd Əsgərov paytaxta - şəhərin qaynar həyatına ilk qədəmini basdığı zaman çoxları kimi bu məkanın ab-havasını həzm etmək onun üçünasan olmayıb. Müharibə dövrünün amansızlığını, sonrakı illərin çətinliyini dadmış bir insan kimi əzab-əziyyətin nə olduğunu bilirdi. Anasının həkim, atasının müəllim olmasına baxmayaraq, bütün yaşıdları kimi maddi və mənəvi sarsıntını dadmışdı. Ailənin qayğıları, zamanın çətinlikləri onun sənətə marağını üstələyə bilmirdi. Konsertlərə gedir, radioda yayımlanan muğamxalq musiqisi proqramlarını dinləməyə vaxt ayırırdı. Beləcə özü də bilmədən getdiyi yol onu sənət körpüsünə doğru aparıb. Bu yolun tarixçəsi isə məktəb illəri ilə bağlı idi. Evdən cib xərcliyi üçün verilən qəpikləri yığır və bir gün anası Bakıya gedərkən, ondan həmin pula qavaltar almağı xahiş edir. Bu, anada təəccüb və kövrəklik yaradır. Beləliklə, bu alətlərlə musiqi dünyasına estafet alır. Tar dərnəyinə üzv olub sənətin ilk cığırlarında addımlamağa başlayır.

Sonra tale onu Teatr İnstitutuna (indiki Mədəniyyət və İncəsənət Universiteti) gətirir. Yaxşı deyiblər, niyyətin hara, mənzilin də ora. Onun ilk əmək kitabçası Yasamal rayonunda açılır. Rayondakı 150 saylı məktəbə laborant vəzifəsinə işə düzəlsə də, ali təhsilini başa vuran kimi sənət dünyasında öz yerini tapır.

 

Qaynar sənət həyatı

 

Tale elə gətirir ki, onu gənc yaşlarında ikən İ.M.Əbilov adına Mədəniyyət mərkəzinə bədii rəhbər təyin edirlər. Buranın öz qayda-qanunu, tələbi var idi. Bir tərəfdən mərkəzdə özfəaliyyət dərnəklərinə üzv olan istedadlı və müxtəlif yaş dövrünə mənsub yaradıcı şəxslərlə çalışmaq, digər tərəfdən isə mərkəzin yerləşdiyi məkanın sakinləri ilə dil tapıb, fəaliyyət göstərmək. Burada özünü tapıb, çox sınaqlardan çıxaraq gənc ikən böyüklük, müdriklik göstərməyə nail olur. Ona qədər burada kimsə 3 ildən artıq fəaliyyət göstərə bilməmişdi. O isə ömrünü bütövlükdə bu mədəniyyət ocağı ilə bağlayır.

Qeyd edim ki, bura ilk əvvəl qadın klubu olub. Gənc Mirəhmədə bu kluba bədii rəhbər işləmək təklif olunanda təklifə bir qədər tərəddüd etsə də, razılıq verir. Bu mədəniyyət ocağından nəhəng sənətkarlar pöhrələnmişdir. Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Sara Qədimova, Şövkət Ələkbərova kimi korifeylər sənətdə ilk addımlarını burada atmışdılar. Mirəhməd Əsgərovun həyatında 1967-ci ildən başlanan bu yol indidavam edir.

 

Yenilikçi bədii rəhbər

 

Qısa bir zamanda yaradıcı kollektivlə yaranan ünsiyyət onun fəaliyyət dairəsinin parlamasına gətirib çıxarır. Mədəniyyət evində “Şəlalə” ansamblı, xalq teatrı və fortepiano kursu fəaliyyət göstərirdi. Onun dəvəti ilə Arif Hüseynov burada rəqs qrupu yaradır. Çox keçmir, satira teatrı, qızlardan ibarət rəqs qrupu yaranır. Beləliklə, müxtəlif məzmunlu kollektivlərin sayı 10-u ötür. İllər ötdü, tərəddüdlər, qayğılar, çətin sınaqlar arxada qaldı və indi Mirəhməd Əsgərov bu mərkəzin mahir bilicisi olaraq hər küncdə-bucaqda nəyin olub-olmadığını, necə deyərlər, gözüyumulu bilir. 50 illik müddətdə bir müəssisəyə bədii rəhbərlik etmək, təbii ki, müəssisənin əlifbasının yaradıcısı və bilicisi olmaq deməkdir.

M.Əsgərovun əməyi hər zaman qiymətləndirilib. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən yubiley tədbirləri təşkil olunub. Bu günlərdə də 70 illik yubileyi təntənəli şəkildə Rəşid Behbudov adına Mahnı Teatrında qeyd edildi.

 

İşgüzar oğlan”...

 

Varlığını, işini sevib-seçdiyi yaradıcılıq məkanına bağlayan mədəniyyət işçisi illərin necə ötdüyünü belə hiss etməyib. Həyatını yaradıcı uşaqlara bəxş edən Mirəhməd Əsgərov ailədən çox, bu ocağa bağlanıb. Bəxtiyar Vahabzadə kimi bir şair onaişgüzar oğlan” adı vermişdi. Digər sənətkarlar isə onu “1 nömrəli rəhbər” deyə çağırırlar. Yeri gəlmişkən, Bəxtiyar Vahabzadə ilə sovet dövründə görüşlər təşkil edilməsi çətin olsa da, bu gəncin inadkarlığı nəticəsində üç dəfə burada onunla maraqlı görüşlər keçirilib.

 

Hər zaman yeni təşəbbüslər

 

Mirəhməd Əsgərov daim axtarış, gərgin əmək tələb edən yeni nailiyyətlərə imza atır. Mədəniyyət mərkəzinin “Oğuzlarfolklor qrupunun üzvləri TÜRKSOY-un Ankaradakı baş qərargahında olub, Mədəniyyət və Turizm Nazirliyi adından apardıqları tarı təşkilatın binasında keçirilən türk dünyası musiqi alətləri sərgisinə təqdim ediblər.

Yeni layihələr, yaradıcılıq planları ilə ömrünün gənclik çağını arxada qoyan, çətinliklərin süzgəcindən ələnib yüksək fərdi keyfiyyətlərini, bacarığını nümayiş etdirən Mirəhməd Əsgərov təşkilatçı, rəhbər, insan kimi cəmiyyətdə özünəməxsus yerə sahibdir. Etiraf edək ki, sənətdə, yaradıcılıq fəaliyyətində uzun illər yol gəlib, amma sonda “nə etdim” sualı ilə üz-üzə dayanan bəzi insanların cavab verə bilməyəcəyi, qürur duyacağı bir məqamı xatırlamağa mənəvi gücü çatmır. Amma haqqında söz açdığımız sima sənət tərcümeyi-halında xatırlanan və deməyə sözü ola bir insandır.

Onun təşkil etdiyi tədbirlər, sadəcə olaraq, plan doldurmaq məqsədi daşımayıb, tamaşaçı mənəviyyatına təsir etmək, onun mənəvi dünyasını zənginləşdirməyə xidmət edib. Özü belə bundan ilham alıb. Yaşının bu çağında da gənclik eşqi ilə çalışır, istedad sorağı ilə Azərbaycanın rayonlarını gəzir, gənc istedadları sənətə cəlb edir. Mədəniyyət ocağına yeni üz tutan gənclər ilk kövrək addımlarında sevinc dolu anlar yaşayırlar. Hətta yol gedəndə belə istedadlı gənclər sorağı ilə gedir. Bəli, onu bu mədəniyyət evi tanıtdırıb və sevdirib. O da bu gün fəxrlə “Azərbaycanın hər bir kəndində mənim bir evim vardeyirözünü xoşbəxt sanır.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2014.- 30 aprel.- S. 12.