Dahi bəstəkarın sevimli tələbəsi
Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndələri arasında Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin xüsusi yeri var. O, hər şeydən öncə dahi Üzeyir Hacıbəylinin son tələbələrindən biri olmaq xoşbəxtliyini yaşamış musiqiçidir.
Mühəndis, yoxsa musiqiçi?
Ədilə Hacağa qızı Hüseynzadə 28 aprel 1916-cı ildə Bakıda anadan olub. Uşaqlıq illəri hər döngəsi tarix danışan İçərişəhərdə keçib. Altı yaşında onda musiqiyə həvəs yaranır. Valideynləri onu yeddiillik şəhər musiqi məktəbinə qoyur. Orta məktəbdə dəqiq elmlərə də hədsiz maraq göstərir. Məktəbi başa vurduqdan sonra əvvəlcə N.Nərimanov adına Sənaye Texnikumunda, sonra isə Sənaye İnstitutunda (indiki Dövlət Neft Akademiyası) ali təhsil alır. Mühəndis-texnoloq peşəsinə yiyələnsə də, musiqiyə olan marağı heç vaxt azalmır. Tale elə gətirir ki, o, təsadüfən Üzeyir Hacıbəyli ilə tanış olur. Bu tanışlıq onu qəlbinin dərinliklərində yaşatdığı arzusuna bir qədər də yaxınlaşdırır.
Ədilə Hüseynzadə xatirələrində bu görüş haqqında belə yazır: “1936-cı ilin yay ayı idi. Şüvəlandakı bağ evimizdə idik. Birdən kiçik bacım təngnəfəs gəlib xəbər verdi ki, Üzeyir bəy bir neçə nəfərlə bizim evə tərəf gəlir. Hamımız cəld qapıya çıxdıq. Doğrudan da, Üzeyir bəy idi. Atam tez qabağa keçdi və onu ehtiramla qarşıladı. Sonra da içəriyə, bağa dəvət etdi. Üzeyir bəy Hacıbəyli bildirdi ki, yayda dincəlmək və yaradıcılıqla məşğul olmaq üçün sakit bağ axtarır. Bağımızın bir tərəfində qonaq-qara üçün ayrıca ev var idi. Atam oranı Üzeyir bəyə göstərdi. O da evi çox bəyəndi. Böyük sənətkar nə qədər israr etsə də, atam onunla pul söhbəti etmədi. Beləliklə, 1936-cı ilin yay aylarında Üzeyir Hacıbəyli ailəsi ilə bərabər bizim bağda istirahət etdi. Özünün məşhur “Koroğlu” operasının dördüncü pərdəsini də orada yazdı. Elə həmin yay Üzeyir bəy Şüvəlan bağlarına elektrik xətti çəkdirdi”.
Ancaq 1937-ci ilin
repressiya sazağı
bu ailədən də yan keçmir. Hüseynzadələr ailəsi İrana sürgün edilir. Ədilə xanım körpə uşaqlı olduğu üçün Bakıda
qalır. Beləliklə, o, ata-anasından və bacı-qardaşından ayrı
düşür. Tənhalıq Ədilə xanımı üzsə də, Üzeyir bəy ona əsl atalıq
qayğısı göstərir,
çətinlikləri dəf
etməkdə yardımçı
olur. O, 1942-ci ildə
Azərbaycan Dövlət
Konservatoriyasına, Üzeyir
Hacıbəylinin yanına
gələrək musiqiçi
olmaq istəyini bildirir. Komissiya toplanır və
Ədilə xanımın
səsini dinləyir.
Məlum
olur ki, doğrudan da, onun gözəl soprano səsi var. Konservatoriyanın
vokal şöbəsinə
qəbul edilir, ancaq bəstəkar olmaq istəyi onu rahat buraxmır.
Sonralar o günləri belə xatırlayırdı: “Bir gün Üzeyir Hacıbəylinin yanında bəstəboy, qarayanız bir qız gördüm və onunla maraqlandım. Dedilər ki, Ağabacı Rzayevadır. Üzeyir bəydən bəstəkarlıq dərsləri alır. Əvvəl təəccüb etdim. Düşündüm ki, qızdan da bəstəkar olar? Sonra özümü də bu sahədə sınamaq qərarına gəldim. Gedib evdə jurnalları, kitabları qarşıma tökərək, şeir axtarmağa başladım. İsmayıl Soltanın “Yadigar” şeirini tapdım. Onu da deyim ki, artıq İkinci Dünya müharibəsi başlamışdı. Şeir müharibəyə həsr olunmuşdu. Bu şeir məni çox tutdu və ona bir musiqi bəstələdim. Bir gün bu romansı sevimli müəllimimə göstərdim. Çox bəyəndiyini söylədi. Elə o gündən də məni bəstəkarlıq şöbəsinə keçirdi”.
Araşdırmalardan məlum olur ki, Ədilə xanım həftədə dörd dəfə Üzeyir bəydən dərs alıb: iki dəfə kompozisiya fənnindən, iki dəfə də Azərbaycan xalq musiqisinin əsaslarından. Beləliklə, o, gələcək yaradıcılıq yolunu seçir.
“Niyazi
çıxışımı bəyəndi”
Dünya şöhrəti qazanmış “Arşın mal alan” operettası əsasında 1945-ci ildə ekranlaşdırılmış eyniadlı filmdə Ədilə xanım Üzeyir bəyin təklifi ilə Asyanın vokal partiyasını səsləndirir. O bu barədə xatirələrində yazıb: “Mənə dedilər ki, filmin musiqi redaktoru dirijor Niyazidir. Onunla işləmək çox çətindir. Sənə əziyyət verəcək və get-gələ salacaq. Deyilənlərə baxmayaraq, mən getdim, Asiyanın partiyasını oxudum. İlk səsləndirmədən Niyazi çıxışımı bəyəndi və səs lentə alındı”.
Bu uğurlardan ilhamlanan musiqiçi, çox keçmir, Üzeyir Hacıbəylinin təşəbbüsü ilə dahi Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə “Vəslin həvəsi” romansını bəstələyir. Roman ilk dəfə böyük bəstəkar, SSRİ Xalq artisti Bülbül tərəfindən ifa olunur.
1948-ci ildə dahi musiqiçi vəfat edir, Ədilə xanım Boris Zeydmanın sinfinə keçirilir. 1953-cü ildə konservatoriyanı müvəffəqiyyətlə başa vurur. Təyinatla indiki Bülbül adına orta ixtisas musiqi məktəbinə göndərilir. 1986-cı ilə qədər bu məktəbdə kompozisiyanın əsasları fənnini tədris edir. Bu gün musiqi həvəskarlarının əsərlərini sevə-sevə dinlədiyi sənətkarlardan Sevda İbrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova və başqaları onun sevimli tələbələri olub.
Kantatalar, romanslar,
mahnılar...
Sənətkar müxtəlif janrlarda bir-birindən gözəl əsərlər yaradıb. Səməd Vurğunun sözlərinə bəstələdiyi xor və simfonik orkestr üçün “Gözəl vətən”, Tofiq Mütəllibovun şeirinə yazdığı “Sülhün səsi” kantataları, pambıq ustası Bəsti Bağırovaya həsr etdiyi simfonik poema, “Oğlumun babasına” balladası, dördhissəli simli kvarteti, violonçel və fortepiano, xor və kamera-instrumental əsərləri müxtəlif ölkələrdə mədəniyyət tədbirlərində ifa edilərək yüksək qiymətləndirilib.
Əsərləri janr baxımından zəngin olsa da, o, professional sənətdə xüsusilə romans və mahnılar müəllifi kimi iz qoyub. Peşəkar ifaçı olaraq vokal sənətinin xüsusiyyətlərini dərindən bildiyi üçün hər romansın, mahnının incəliklərinə varmağı bacarıb. Yaradıcılığında klassik və müasir poeziya nümunələrinə müraciət edib. N.Gəncəvi, İ.Nəsimi, M.Füzuli, X.Natəvan, A.Puşkin, S.Vurğun, B.Vahabzadə, N.Xəzri, R.Rza və N.Rəfibəylinin əsərlərinə gözəl romans və mahnılar bəstələyib. R.Rza və N.Rəfibəylinin şeirlərinə yazdığı “Duyğular” vokal silsiləsi musiqimizin dəyərli incilərindən hesab edilir. Bəstəkarın “Bülbül”, “Qarayazı meşəsində”, “Bir səs”, “Yaşamaq”, “Gəlsən ölərəm” və başqa mahnıları bu gün də sənətçilərimiz tərəfindən həvəslə oxunur, musiqisevərlərin rəğbətini qazanır.
Tanınmış bəstəkar bədii ədəbiyyatı ürəkdən sevdiyi, poeziyanı dərindən bildiyi üçün əsərlərində musiqi ilə poeziyanın dərin vəhdətinə nail olurdu.
Ədilə Hüseynzadə 2005-ci ildə, 90 yaşında dünyasını dəyişib. O, nurlu şəxsiyyət və istedadlı sənətkar kimi musiqisevərlərin qəlbində daim yaşayacaq.
Savalan Fərəcov
Mədəniyyət.- 2014.- 30
aprel.- S. 15.