Ölkəmizdə turizmin inkişafı AİTF sərgisinin miqyasında da özünü göstərir

 

Prezident İlham Əliyev və xanımı sərgi ilə tanış olub

 

Xəbər verdiyimiz kimi, 3-5 aprel tarixində Bakıda XIII Azərbaycan beynəlxalq turizm və səyahətlər sərgisi (“AITF-2014”) keçirilib. Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən sərgi ilə tanış olublar.

Son illər Azərbaycanda turizm sektorunun inkişafı AİTF sərgisinin əhatə dairəsinin genişlənməsində də özünü göstərir. Cənubi Qafqaz regionunun turizm sənayesinin ən böyük ixtisaslaşdırılmış tədbirinə qatılanların sayı ilbəil artır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərgi barədə ölkə başçısına məlumat verib. Bildirib ki, 2002-ci ildə sərgiyə 14 ölkə qatılmışdısa, indi onların sayı 38-ə çatıb. Ümumilikdə “AİTF-2014”-də 351 şirkət və təşkilat öz xidmətlərini təqdim edir. İştirakçıların 60 faizi xarici, 40 faizi isə yerli şirkətlərdir. Sərgidə Argentina, Bolqarıstan, Macarıstan, Yunanıstan, Dominikan Respublikası, Xorvatiya, Hindistan, İndoneziya, İtaliya, Çin, Malayziya, Mərakeş, Tailand, Türkiyə, Fransa, Monteneqro, Çex Respublikası və digər ölkələrdən 24 milliregional qrup iştirak edir. Bundan əlavə, sərgiyə Litva, Xorvatiya, RusiyaMonteneqrodan turizm sənayesi üzrə beynəlxalq ekspertlər və Rusiyanın Stavropol diyarından, eləcə də digər ölkələrdən nümayəndə heyətləri qatılıblar.

Sərgiyə artan maraq Azərbaycanda turizm sahəsində həyata keçirilən mühüm infrastruktur layihələrinin dünya turizm aləmində böyük rəğbət və maraqla qarşılandığını göstərir. Azərbaycan regionlarının milli pavilyonları sərgini daha da maraqlı və koloritli edir. Regional ekspozisiyada Azərbaycanın müxtəlif rayonlarının turizm imkanları nümayiş etdirilir. Burada turizm fəaliyyətinin müxtəlif növləri, o cümlədən kənd və ekoloji turizm, dağ-xizək və dəniz kurortları nümayiş etdirilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olublar.

Litvanın stendi ilə tanışlıq zamanı məlumat verilib ki, bu ölkə turizmin müxtəlif istiqamətlərini, o cümlədən sanatoriya, tibbi klinikalar üzrə xidmətlərini nümayiş etdirir. Bir neçə dəfə sərgidə iştirak edən Litva bu dəfə 18 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyev ikinci dəfə sərgiyə qatılan Monteneqronun stendinə də baxıb. Ötənilki sərgidən sonra yay mövsümündə Azərbaycandan Monteneqroya birbaşa çarter reysləri həyata keçirilmişdi. Builki turizm mövsümündə də çarter reysləri bərpa ediləcək.

İndoneziya da ardıcıl olaraq bu sərgidə təmsil olunur. Bu ölkənin stendində İndoneziyanın turizm imkanları və turizm marşrutları təqdim edilir.

Dövlət başçısı Rusiyanın Stavropol diyarının stendinə də baxıb. Sərgiyə Mineralnıye Vodı, Pyatiqorsk, YessentukiKislovodsk şəhərlərinin turizm-sağlamlıq obyektləri qatılıb. Bildirilib ki, “AITF-2014” sərgisində tibbi turizm istiqamətini nümayiş etdirən iştirakçıların sayı xeyli artıb.

Prezident ölkəmizin sərgidə təmsil olunan müalicəvi turizm müəssisələri ilə də maraqlanıb. Bildirilib ki, Naftalan neftinin şöhrəti bütün dünyada məşhurdur. Naftalan şəhərindəki mənbələrdən çıxarılan neft nadirliyi ilə seçilirbununla bağlı xidmətlər indi ölkəmizin müxtəlif regionlarında da təqdim olunur.

Şri-Lanka, Keniya, Cənubi Afrika Respublikası və Dominikan Respublikası ilk dəfə sərgidə iştirak edir. Bu ölkələrə məxsus stenddə əsasən ekzotik turizm növləri təqdim olunur.

Dövlət başçısı Mərakeş və Yunanıstan stendlərinə də baxıb. Hər iki ölkə ikinci dəfədir ki, sərgiyə qatılır. Mərakeşə məxsus pavilyonda ölkənin kurort zonaları, mədəni və ekskursiya turizmi, bir neçə şirkətlə təmsil olunan Yunanıstan stendində isə əsasən yay turizmi, xüsusilə də ekskursiyalar, dəniz səyahəti təqdim edilir.

Sloveniya isə sərgidə 11 şirkətlə təmsil olunur.

Əvvəlki sərgilərdə olduğu kimi, bu il də Türkiyə sərgiyə geniş tərkibdə - 30 turizm şirkəti ilə qatılıb. Türkiyəni təmsil edən şirkətlərin müxtəlif stendlərində ölkənin turizm marşrutları, yaradılan infrastruktur barədə geniş məlumatlar əksini tapıb.

Bolqarıstan da bu sərgiyə olduqca böyük maraq göstərir. Bu ölkə də turizm potensialını qonaqlara yüksək səviyyədə təqdim edir.

Diqqətə çatdırılıb ki, “Bütün dünya - Bir sərgi” devizini tam doğruldan “AITF-2014”də ümumilikdə 80-dən çox turizm marşrutu nümayiş olunur.

Dövlət başçısı ənənəvi olaraq AİTF sərgisi ilə paralel keçirilən VIII Qafqaz beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi (“Horex Caucasus-2014”) ilə də tanış olub. Burada Azərbaycan, Almaniya, Gürcüstan, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Türkiyə və İsveçrədən aparıcı şirkətlərin məhsulları nümayiş etdirilirdi.

 

* * *

Sonra “City Sightseeing Baku” şirkətinin təqdimatı olub. Bu şirkət, Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyi sayəsində, dünya brendi kimi tanınan 33 ölkənin 100-dən çox şəhərində fəaliyyət göstərən “City Sightseeing Worldwide” şirkəti arasında bağlanmış razılaşmaya əsasən yaradılıb. Şirkətin fəaliyyəti turistlərə Bakının mədəni irsinin turizm potensialının geniş təbliğ olunması sahəsində mühüm əhəmiyyət kəsb edir. Nəqliyyat vasitələrində xüsusi sistemlə yaradılan avadanlıq turistlərə paytaxtın görməli tarixi yerləri barədə məlumat əldə etməyə imkan verir.

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 8.