Turizm sektorunda qlobal və lokal tendensiyalar
Bakıda Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası
keçirildi
Aprelin 4-də Bakıdakı
«Avropa» hotelində
BMT-nin Dünya Turizm Təşkilatının
(UNWTO) Avropa Komissiyasının
57-ci iclası keçirildi.
Tədbirdə 31 ölkənin nümayəndələri,
Dünya Turizm Təşkilatının təmsilçiləri,
ekspertləri iştirak
edirdi. İclasda çıxış edən Azərbaycan mədəniyyət və
turizm nazirinin müavini Nazim Səmədov tədbirin ölkəmizdə keçirilməsini
yüksək qiymətləndirdi,
belə toplantıların
turizm sahəsində təcrübə və fikir mübadiləsi, ölkələrarası əməkdaşlığın
genişləndirilməsi baxımından
əhəmiyyətli olduğunu
vurğuladı. Bildirildi ki,
belə görüşlər
Azərbaycanın turizm
potensialını Avropada
təbliğ etməyə
imkan verir.
Nazir müavini qeyd etdi ki, turizm
standartlarının tətbiqi,
bu sahədə qanunvericiliyin inkişaf
etdirilməsi çox
vacibdir: «Azərbaycanda
turizm yeni tələblərə uyğun
inkişaf etdirilir. Turizm agentliklərinin sayının
çoxalması, yeni
hotellərin tikintisi, ölkəyə gələn
turist sayının artması bunun göstəricisidir. Biz beynəlxalq təcrübəni
öyrənirik. Artıq bu
sahədə 3 illik marketinq proqramını tərtib etmişik”.
“Azərbaycan hökuməti turizmdə bir çox istiqamətlərə dəstək
verir”
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Antonius Broek qeyd etdi ki, statistikaya
əsasən turizm dünyada ən əhəmiyyətli sektorlardan
biridir və yeni iş yerlərinin
yaradılması üçün
mühüm sahədir.
Dünya üzrə reallaşdırılan səfərlərin
14 faizi sırf peşəkar səfərlərdir:
«Azərbaycanda böyük
neft-qaz ehtiyatları var və bu,
ölkəyə peşəkar
səfərləri şərtləndirən
ən başlıca səbəblərdən biridir.
Digər
tərəfdən, özəl
biznesin inkişafı
fonunda artan səfərləri dəstəkləmək
zəruridir. Hazırda Azərbaycanda
neft və qaz sektorundan əldə edilən gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi
prosesi baş verir. Ölkədə
2020-ci il üçün İnkişaf
Strategiyası qəbul
olunub. Bu sənəddə
iqtisadiyyatın şaxələndirilməsi
əksini tapıb.
Azərbaycanın əraziləri turizmin
inkişafı üçün
əlverişlidir».
Antonius Broek turizmin inkişafı üçün
kadr hazırlığı
və infrastrukturun zəruri olduğunu diqqətə çatdırdı:
«Bu baxımdan BMT-nin Dünya Turizm Təşkilatı və Mədəniyyət və
Turizm Nazirliyi birgə fəaliyyət ortaya qoyub. Azərbaycan Turizm
İnstitutunda kadr hazırlığı aparılır.
Kadr potensialı nə qədər yüksək olsa, tərəfdaşlıq
bir o qədər inkişaf edəcək, ölkəyə yatırılan
investisiya artacaq.
Azərbaycan hökuməti turizmdə
bir çox istiqamətlərə dəstək
verir. Ölkənin İpək Yolu
üzərində yerləşməsi
nəzərə alınarsa,
bu səylər ümumilikdə regionda turizmin inkişafına yol açacaq”.
BMT rəsmisi qurumun 2016-2020-ci
illər üzrə İnkişaf Proqramının
hazırlandığını bildirdi: «Turizm bu sənəddə nəzərə alınacaq.
Bu sənədin hazırlanmasına Azərbaycan
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi də öz töhfəsini verə bilər və biz nazirliklə əməkdaşlıq edə
bilərik».
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Malena Mard ölkəmizdə turizmin inkişafını
yüksək qiymətləndirdiyini
bildirdi, bu istiqamətdə qarşıda
duran vəzifələrdən
danışdı. Onun fikrincə,
ölkədə çimərlik
və qış turizmi üçün geniş imkanlar var. Sonra iclas iştirakçıları
nəzərdə tutulmuş
mövzular ətrafında
çıxış etdilər.
Bu il
dünya turizmində
4%-dən çox artım gözlənilir
DTT-nin baş katibi Taleb Rifai
dünyada turizmin inkişafı ilə bağlı hesabatla çıxış etdi. Qeyd etdi ki, qlobal
iqtisadi böhrandan sonra dünya iqtisadiyyatının bərpa
prosesinə, bir çox geosiyasi proseslərə, təbii fəlakətlərə baxmayaraq,
dünyada turistlərin
sayı ilk dəfə
1 milyard 87 milyon nəfərə çatıb,
2013-cü ildə 5% artım
qeydə alınıb:
«Asiya, Sakit okean və Afrikada
turizmin inkişafında
6%, Avropada 5%, o cümlədən
Mərkəzi və Şərqi Avropa ölkələrində turizmdə
7% inkişaf əldə
olunub. Turizmdən əldə edilən gəlirlərdə təxminən
1,5 milyard dollar artım var. Keçən
il Çin dünya ölkələrinə
47 milyon insan göndərib, bu turistlər getdikləri ölkələrdə 57 milyard
dollar xərcləyiblər. Rusiya da 40 milyondan çox turist göndərib, onlar 54 milyard dollar xərcləyiblər.
Avropa ölkələrinin turistlərinin
payına isə dünyada turistlərin xərclədiyi vəsaitin
52%-i düşür».
Baş katibin sözlərinə görə,
2014-cü ildə dünya
turizmində 4%-dən
çox artım gözlənilir. Asiya və Sakit okean hövzəsində
6, ABŞ və Avropada
4-5% artım proqnozlaşdırılır.
Taleb Rifai vizaların sadələşdirilməsi, vergi
və nəqliyyatın
turizmin inkişafında
mühüm rol oynadığını söylədi:
“DTT-də məlumat bazası var, istənilən ölkənin
viza sahəsindəki durumu, çatışmayan
cəhətləri barədə
məlumatlıyıq. Dünya ölkələrinin
67%-də viza almaq üçün konsulluğa müraciət
etmək lazımdır.
Təbii
ki, bu, normal hal deyil. Ancaq irəliləyiş var,
2012-ci ildə bu göstərici 77% idi.
Cənub-Şərqi Asiya ölkələrində
viza sahəsində sadələşdirmə daha
yüksəkdir. Dünya turistlərinin
yalnız 11%-i Cənubi-Şərqi Asiya
ölkələrinə getmək
üçün viza almalıdır».
Baş katibin sözlərinə görə,
dünya ölkələrinin
51%-də insanlar səfərə təyyarə
ilə çıxmağa
üstünlük verir. Ona görə
də hava nəqliyyatının inkişafına
diqqət yetirilməlidir.
Sosial-iqtisadi dayanıqlıq turizmin
inkişafında vacib
rol oynayır.
DTT-nin üzv ölkələrlə
əlaqələrindən danışan
Taleb Rifai qurumun əsasən iki fəaliyyətlə məşğul olduğunu
dedi. Birincisi, üzv ölkələrdə
turizmin inkişafına
dəstəkdir. Qurumda üzvlərlə
əlaqələrə cavabdeh
olan komitə yaradılıb. İkincisi, isə
normativ sənədlərin
yaradılmasına yardımdır.
Bu məqsədlə təşkilatda tədqiqatlar
və nəşrlər
komitəsi yaradılıb.
Eyni zamanda ölkələrin könüllü
vəsaitləri hesabına
Ehtiyat Fondu yaradılıb: “Hazırda
sərəncamımızda 2 milyon avro var. Çalışırıq ki,
ölkələrin ödədikləri
ianələr onlarla bağlı proqramlara sərf edilsin». Baş katib Qlobal Turizm
Məcəlləsinə imza
atan ölkələr
arasında Azərbaycanın
da olduğunu nəzərə çatdırdı.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2014.- 9 aprel.-
S. 9.