Qardaş ölkədə belə bir sərgidə iştirakdan çox məmnun qaldıq”

 

“AITF-2014” sərgisində qardaş Türkiyənin turizm sektoru geniş təmsil olunurdu. Türkiyənin Afyon bölgəsində yerləşən “Orucoğlu termal resortun vitse-prezidenti Levent Oruc müəssisənin fəaliyyəti barədə məlumat verdi: “Afyon tarixi məkanları ilə yanaşı, müalicə turizmi imkanları ilə geniş tanınır. Afyona Yaponiya, Hollandiya, Belçika, Almaniyadan çoxlu turistlər gəlir. Bizim hotelimiz termal sularla təmin olunmaqla yanaşı, həm də dincəlmək üçün nəzərdə tutulub. Məsələn, sizdə Naftalan nefti olduğu kimi, bizdə də termal palçıq var. Bu palçıq bədənə yaxıldıqda bir sıra xəstəliklərin sağalmasına kömək edir. Bizim hotelimiz həm də sanatoriya funksiyası daşıyır və orada həkimlər fəaliyyət göstərir. Hazırda Azərbaycandan Afyona az da olsa turist gəlir. Lakin bu sərgidə turizm imkanlarımızı nümayiş etdirməklə, azərbaycanlıların bölgəmizə maraqlarının artacağına tamamilə əminəm. Eyni zamanda biz Azərbaycan turizm təşkilatları ilə əlaqələr qurmaqdayıq”.

Bursa vilayəti vali Adnan Çakıroğlunun rəhbərlik etdiyi heyətlə sərgidə təmsil olunurdu. Stenddə bölgənin müalicəvi turizm imkanları ilə yanaşı, sənətkarlıq nümunələri də yer almışdı. Valinin sözlərinə görə, Bursada termal turizmi inkişaf edib: “Bu qədim şəhər həm də Osmanlı dövlətinin ilk paytaxtı olub. Öz tarixi, sənayesi, turizmi, mədəniyyəti ilə dünyada tanınıb. Buraya gələn sənətkarlarımız qədim əbru sənətini nümayiş etdirirlər. Biz həmçinin məşhur Bursa ipəyindən nümunələri də özümüzlə gətirmişik. Məqsədimiz Bursanı qardaş Azərbaycanda daha yaxşı tanıtmaqdır. Bu sərgidən sonra sizləri Bursada gözləyirik. Yeri gəlmişkən, Bakıda keçirilən bu sərgidə ilk dəfədir iştirak edirəm və onun təşkilindən çox məmnun olduq”.

 

Mehparə

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 10.