Zamantale fəlsəfələri...

 

Qırx ikicə illik ömürdə dövrün universal məşhurluq zirvəsi olmuş Heydər Hüseynovun timsalında

 

Orta məktəbə on iki yaşında qədəm qoymalı olsa da, iyirmi dörd yaşından ali məktəblərdə fəlsəfədən dərs demiş, iyirmi səkkiz yaşında SSRİ Elmlər Akademiyası Ensiklopediya və Lüğətlər İnstitutunun (Azərbaycan filialı) direktoru, otuz birində elmlər namizədi, otuz altısında elmlər doktoru, professor dərəcələrinə yiyələnmiş, otuz yeddisində akademik, Akademiyanın vitse-prezidenti mərtəbələrinə ucalmış Heydər Hüseynovun...

Bəs otuz səkkizində?..

Bu adi yaş həddi göstəricisilə məşhur “37” arasında bir bağlantı varmışmı, görəsən?..

Hər halda, bu fenomenal filosof, öz dövründə (və bütün gələcəklərdə) seçkin milli-ictimai xadim, böyük elm təşkilatçısı haqda bu yazının başlığındakı eyhamlı ağrının bünövrəsi onun otuz səkkizinci yaşında qoyulub. Qırmızı sovetin özünün də eninə-boyuna tənqid (hətta, bəzən təhqir) etdiyi çarizmin bütün dünyaya bəlli “Şeyx Şamil məsələsi” ilə bağlı olub bu olay. O qırmızılar ki, üzdə həmin çarizmin varisi olmaqdan imtina etsələr də, içdə - rusizmin total daşıyıcıları olaraq, hər yerdə “yerli” manqurtların “ilkin təşəbbüskarlıqları” sayəsində “yenibir həyat-yaşam “fəlsəfə”si - sovet səfsəfəsi yaradırdılar. Bu, daha çox türk-müsəlman kökənli respublikalara şamil edilirdi ki, biri də sözügedən dahi filosofumuzla bağlı: “...kto takoy Şamilki, “...kakoy to Qeydar Quseynovonu “mütərəqqi və demokratik bir liderkimi təqdim edir?!

Və öncə, canına qəsd formatı ilə də bəşər nadirlərindən hesab ediləsi həmin fenomenal soydaşımızın -

 

Tərcümeyi-hal fəlsəfəsi

 

1908-ci il aprelin 3-də İrəvanda sadə bir tacir ailəsində doğulmuş Heydər Hüseynov altı uşağın kiçiyi olub. Gözünü dünyaya açar-açmaz, sosial məşəqqətlər, milli qalmaqallarla üzləşib. Dörd yaşındaykən atası vəfat edib, böyük qardaşı isə 1918-ci ildə ermənilər tərəfindən öldürülüb. Həyatın hər üzündən bozluq görüb naçar qalan ailə əvvəl Batuma, sonra Stavropola köçüblap axırda da Bakı...

Bakı bu ailəni milli istiqlal ab-havasıyla qarşılasa da, maddi güzəran verə bilməyib. Amma, hər halda, ailə sonbeşiyinin təhsilə başlaması baş tutub; on iki yaşlı Heydər Bakının 18 saylı məktəbinin birinci sinif şagirdi, 1927-1931-ci illərdə Lenin adına Pedaqoji Universitetin (həm şərqşünaslıq, həm pedaqoji fakültələrinin) tələbəsi olub, ərəb və fars dillərinə heyrətamiz bir fərasət və mükəmməlliklə yiyələnib.

1924-cü ildə - 16 yaşında - Pedaqoji Texnikumun kitabxanasında ilk əmək fəaliyyətinə başlamış bu yeniyetmə 23 yaşında Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı olur. İnkişaf pillələrini iki-iki, üç-üç qalxan bu qeyri-adi istedad sahibi 1936-40-cı illərdə Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru səviyyəsinə yüksəlir.

Uğurlar bir-birini əvəz etmədə, potensialındakı doğal-total erudisiya komponentləri onu müxtəlif yüksək elmi-ictimai statuslu ünvanlara dəvət etdirmədə; 1939-cu ildə SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı sədrinin müavini (eyni zamanda ictimai elmlər bölməsinin sədri), 1943-də Azərbaycan Dövlət Universiteti fəlsəfə kafedrasının müdiri, 1945-də Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti, 1945-1950-ci illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru...

 

Elmi fəaliyyət fəlsəfəsi

 

Bir az qəribə səslənən bu “tərkib”i sözgəlişi işlətmirəm; uşaqkən həyatın bütün çətinlik sillələrini dadmış, hər cür rəzillik münasibətlərilə üzləşmiş bu insan əlahiddə bir “fəaliyyət fəlsəfəsi” sistemi müəllifliyinə də imza atmışdır. Bu fikrin tam açması üçün çox geniş yazmaq gərəksə də, mətbu həcm sarıdan çox kəsədən gedilməli: H.Hüseynov 1930-cu illərdə ali məktəblərdə fəlsəfə elmini tədris etməklə bərabər, "Dialektik materializm", "Dialektikametafizika" adlı ilk dərslik-kitablar çap etdirir, dörd-beş il materiallarının hazırlanmasında büsbütün liderlik etdiyi Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasına 1940-cı ildən rəhbərlik edir.

Müharibə onun fiziki yolunu kəsməsə də, mənəvi-məhsuldarlıq aləminə az təsir etməyib. Bununla belə, bir az uzaqlarda başlayan həmin o II Dünya savaşının əvvəlində Tbilisidə "M.F.Axundovun fəlsəfi görüşləri" adlı dissertasiyasını müdafiə edən alim 1944-cü ildə elmlər doktoru dərəcəsi və professor adı alır.

Tarix və fəlsəfə elminin, ictimai-sosial düşüncə sisteminindaha bir neçə sahənin inkişafına böyük töhfələr vermiş Heydər Hüseynov sağlığında belə dövrün ən gənc canlı əfsanəsi kimi anılıb-sanılırdı. Azərbaycan tərcümə məktəbinin əsasını qoyanlardan biri (bəzi özünəməxsusluqlarına görə birincisi) hesab olunan bu universal ziyalı ilk “Azərbaycan-rus və rus-Azərbaycan lüğəti”nin redaktoru olub, yüzdən çox elmi məqalə yazıb, Bəhmənyar, N.Gəncəvi, Füzuli, A.Bakıxanov, M.Kazım bəy, M.F.Axundzadə, H.Zərdabi haqqında çox ciddi tədqiqatlar aparıb. Məzmun-mahiyyətcə çox dəyərli, həcmcə çox iri (733 səh.) tədqiqatı - "XIX əsrdə Azərbaycan fəlsəfi və ictimai-siyasi fikir tarixi haqqında" fundamental əsəri isə 1950-ci ilin martında... - intihara məhkum edildiyi gündən beşcə ay əvvəl... - növbəti Stalin mükafatına layiq görülüb.

Maraqlıdır... o, haçansa gözlənilən bu avtoölümdən sovuşmaqçün bəzi anti-könül işlərə də qol qoyurmuş ki, bunlardan biri də "XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən" kitabını rus dilində yazması...

1949 və 1958-ci illərdə çap edilmiş həmin kitab Azərbaycan dilində ilk dəfə 2006-cı ildə nəşr edildi. Bu kitabın redaktoru - akademik A.O.Makovelski - bir qədər əl gəzdirilmiş təkrar (1958) nəşrdə - "Redaktorun ön sözü"ndə bu vəsaiti "XIX əsrdə Azərbaycan fəlsəfəsinin inkişafının gözəl sistemli şərhi" kimi dəyərləndirdi...

Və nəhayət, bizim bu böyük filosofumuzun taleyində “bizimo dövrkü elmi-tənqidi “müdirlər”, “partiynıy” müridlər və xüsusən -

 

KP MK “fəlsəfəsi”...

 

Sən demə, otuz yaşından elmiictimai-siyasi aləmin sağlam qisminin şəriksiz heyrət və məhəbbət hədəfinə çevrilmiş Heydər Hüseynova qarşı anti-milli paxıllıq, “öz qövmümüzə əngəl-kələflik” də qeyri-adi biristedadla tumurcuqlanırmış və bu, 1950-ci ilin mayında AKP MK-nın büro iclasında “çiçək” açır. Onun XIX əsr Qafqaz fəlsəfi fikrinin tədqiqi müridizmin təbliği, sufizmin təqdiri kimi qəbul edilir. Bolşevik-daşnakanə cizgilərlə qeydlər, iradlar edilir: “...kitabın müqəddiməsində İmam Şamil mütərəqqi və demokratik bir lider, azadlıq fenomeni kimi göstərilir ki, bu da marksist ideyalarına ziddir”, “...halbuki Şamil millətçi hərəkatın nümayəndəsi iditürk sultanı ilə ingilis kapitalizmi maraqlarına xidmət edən şəxs olub” və s. Beləliklə, Azərbaycan KP MK SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırır ki, H.Hüseynov aldığı Stalin mükafatlarından məhrum edilsin.

...O, Kommunist Partiyasından çıxarılır, Elmlər Akademiyasındakı vəzifələrindən azad edilir, dövlət orqanları və bəzi həmkarları tərəfindən təqib və təhqirlərə məruz qalır. Bütün bunlara dözməyən və həbs ediləcəyini təxmin edən görkəmli milli filosofumuz 15 avqust 1950-ci ildə damarlarını kəsməklə özünə qəsd edir...

Daha nə yazım?..

Onabütün belələrinə qəni-qəni rəhmət, onubütün elələrini beləliklərə məhkum edənlərə isə - söz tapmamaq “fəlsəfəsi” olaraq - elə o rəhmət sözünün qafiyəsi - qəni-qəni nifrət!..

 

Tahir Abbaslı

 

Mədəniyyət.- 2014.- 9 aprel.- S. 13.