Qocaman rəssamın yubiley sərgisi

 

Aprelin 10-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına salonunda Əməkdar rəssam Odtəkin Ağababayevin 85 illiyi münasibətilə fərdi sərgisi keçirildi.

Tədbiri giriş sözü ilə Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov açaraq yubilyarın həyat və sənət yolundan danışdı, onu daima hərəkətdə, yaradıcılıq axtarışında olan sənətkar kimi xarakterizə etdi. Xalq rəssamı həmkarını təbrik edərək, ona cansağlığı, yeni yaradıcılıq uğurları arzuladı.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yubilyara təbriklərini çatdırdı. Qeyd etdi ki, Odtəkin Ağababayev 1956-cı ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, həmçinin Azərbaycan və xarici ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır: “Onun yaradıcılığı ilə yaxından tanış olarkən əsərlərində zəhmətinin dəyərini görürəm. Onu bir daha səmimi qəlbdən təbrik edirəm. Gün, o gün olsun ki, 90 illik yubileyinə toplaşaq”.

Xalq rəssamları Tofiq Ağababayev, Fuad Salayev çıxış edərək Odtəkin Ağababayevin yaradıcılıq yolundan söz açdılar. Çıxışlardan sonra tədbir iştirakçıları sənətkarın əsərlərindən ibarət sərgiyə baxdılar.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 2.