Musiqidə yaşanan ömür

 

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 90 illiyi qeyd edilib

 

Aprelin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın (1924-2013) 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib. İştirakçılar əvvəlcə foyedə sənətkara həsr edilmiş fotosərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bəstəkarın Azərbaycan musiqi mədəniyyətinə töhfələrindən, yaradılıcılıq fəaliyyətindən söz açıb. Qeyd olunub ki, Şəfiqə Axundova Azərbaycan musiqisinin ustad novatorlarından biridir. O, musiqi sənətinə dahi bəstəkar Üzeyir Hacıbəylinin xeyir-duası ilə gəlib və bununla həmişə fəxr edib, onun tələbəsi olmasından qürur hissi keçirib. Şəfiqə xanım Üzeyir bəyin bir arzusunu da həyata keçirib, “Gəlin qayası” operası ilə öz adını mədəniyyət salnaməsinə müsəlman Şərqində opera yazan ilk qadın bəstəkar kimi həkk etdirib. Bu əsər Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının repertuarında özünə daim layiqli yer tutub.

Vurğulanıb ki, Şəfiqə Axundova həm də bir pedaqoq kimi ömrünün böyük bir hissəsini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirib, öz təcrübəsini, sənətinin incəliklərini tələbələrə böyük həvəslə öyrədib. Görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, Xalq artisti fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib.

Gecənin aparıcısı, musiqişünas, professor Ceyran Mahmudova unudulmaz bəstəkarın həyat yolundan, ayrı-ayrı əsərlərinin yaranma tarixçəsindən söz açıb.

Qeyd olunub ki, Şəfiqə Axundova özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb. “Ev bizim, sirr bizim” operettasının, simli kvartet üçün pyeslərin, dramatik teatr üçün musiqi əsərlərinin müəllifidir. Eyni zamanda bəstəkarın qəlbi daim vokal musiqisi ilə bağlı olub, yaradıcılığı boyu yüzlərlə mahnı bəstələyib. "Mehriban olaq", "Nədən oldu", "Gözlərimin işığı", “Həyat, sən nə şirinsən” və onlarla başqa mahnıları görkəmli müğənnilərimizin repertuarlarında əsas yer tutubbu gün də sevilə-sevilə ifa olunur.

Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov çıxışında Şəfiqə xanımın yaradıcılığından danışıb. Onun bəstəkar kimi yetişməsində dahi Üzeyir bəyin böyük rolundan bəhs edib.

Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə Şəfiqə Axundovanın populyar, böyük xalq məhəbbəti qazanmış musiqiləri səsləndirilib.

Səhnədə qurulmuş ekranda Şəfiqə Axundovanın fotoları, 1972-ci ildə yazdığı “Gəlin qayası” operasının tamaşasından videokadrlar nümayiş olunub.

 

Mədəniyyət.- 2014.- 11 aprel.- S. 3.